SİZİN REKLAM BURADA!
055 213 76 73


“Ermənistan özünün qərbdə olan havadarlarının istəyinə uyğun olaraq sülh platformasında Rusiyanın vasitəçiliyinə o qədər də inanmır”.
 
BAKU.WS xəbər verir ki, bunu “Report” İnformasiya Agentliyinin direktoru Fuad Hüseynəliyev televiziya verilişlərinin birində deyib.
 
Onun sözlərinə görə, Rusiya, əlbəttə ki, sülh platformasını əlindən buraxmaq istəmir:
 
“Rusiya həm keçmiş vasitəçi, həm də 2020-ci ilin noyabr razılaşmasının iştirakçısı kimi çıxış edir.
 
Hazırda Azərbaycan tərəfindən Rusiyaya qarşı hər hansı bir tərəddüd və ya narazılıq yoxdur. Biz Rusiya sülhməramlılarının antiterror əməliyyatları çərçivəsində öz vəzifələrini kifayət qədər icra etdiklərini gördük. Onlar heç bir məsələyə qarışmadılar, sonra isə separatçıların təkidi ilə köçmək istəyən erməni əhalinin Qarabağdan çıxışına imkan yaratdılar. Hazırda da Azərbaycan Müdafiə Nazirliyi və digər strukturlarla sıx əməkdaşlıq şəraitində orada qalan və Azərbaycan vətəndaşlığını qəbul etmək istəyən erməni sakinlərlə təmas normal şəkildə qurulub. Buna görə də mənə elə gəlir ki, Rusiya tərəfinin vasitəçiliyi ciddi bir maneə törətmir.
Ermənistan tərəfi isə qərbdə olan havadarlarının istəyinə uyğun olaraq Rusiyanın vasitəçiliyinə o qədər də inanmır və hansısa ittihamlar səsləndirir. Halbuki onların ittihamları əsassızdır. Son illərdə, xüsusən Vətən müharibəsi dönəmində Rusiyanın addımları kifayət qədər beynəlxalq hüquqa uyğun idi. Düzdür, bizim də Rusiya tərəfinə bundan da əvvəl bir xeyli suallarımız var idi, hətta müharibə bitəndən sonra da sülhməramlıların fəaliyyətinə suallarımız vardı. Amma son dövrlər görürük ki, vəziyyət xeyli dəyişib və əvvəldən də Azərbaycanın Rusiyanın vasitəçiliyinə heç bir etirazı yox idi”.
 
Ermənistan parlamentinin spikeri Alen Simonyanın “sülhə çox yaxınıq” fikrinə gəldikdə, F.Hüseynəliyev vurğulayıb ki, doğrudan da Ermənistanda son dövrlər sülhə daha real yanaşırlar və onlara da aydın olur ki, sülh bu gün Ermənistan üçün vacibdir.
 
“Ümid edək ki, bu dəfə ermənilər sözlərinin üstündə durub sülhə nail olacaqlar. Mənə elə gəlir ki, son Sankt-Peterburq görüşündə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyanın ayaqüstü söhbəti bəlkə də sülh danışıqlarının aparılmasını daha da intensivləşdirəcək”, - deyə o əlavə edib.
BAKU.WS