SİZİN REKLAM BURADA!
055 213 76 73


BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına - COP29-a ev sahibliyi etməyə hazır olduğuna görə Azərbaycana təşəkkür etmək lazımdır.

Dünyadakı hazırkı qeyri-sabit vəziyyəti nəzərə alaraq, Azərbaycan iqlim dəyişikliyi ilə mübarizə üzrə qlobal tədbirlərin müzakirəsi üçün münasib yerdir.

Bunu "Report"a italiyalı ekspert, Roma Sapienza Universitetinin professoru Daniel Pomier Vinçelli deyib.

Ekspertin fikrincə, Ermənistanın Azərbaycanın xeyrinə COP29-a ev sahibliyi etmək üçün namizədliyini geri çəkməsi qərarı Bakının böyük qlobal dəyişikliklərin problemlərinin həlli üçün mərkəz kimi seçilməsinə əlavə stimul olub:

“Azərbaycan və Ermənistanın son təşəbbüsləri hər iki ölkənin münasibətlərin yekun həllinə nail olmaq istəyindən xəbər verir. Ümid edirəm ki, konfrans keçirilən vaxta qədər hər iki ölkə sülh sazişi imzalayacaq”.

COP29-un ev sahibi kimi Azərbaycanın seçilməsindən danışan D.Vinçelli qeyd edib ki, Rusiyanın bir sıra namizəd ölkələrə veto qoyması səbəbindən beynəlxalq ictimaiyyət bu məsələdə dalana dirənsə də, Azərbaycan bu vəziyyəti həll edib:

“Bir çox müşahidəçilər qarşıdan gələn COP29-a ev sahibliyi etmək üçün qalıq yanacağa əsaslanan iqtisadiyyatın seçimini tənqid etsə də, mən əks fikirdəyəm. Əgər Qərb ölkələri əhalisi vəziyyəti düzəltməyə cəhd etməsə heç vaxt fərq yarada və qalıq yanacaqlardan imtina edə bilməyəcəyik”.

Ekspertin fikrincə, məhz Azərbaycan böyük karbohidrogen istehsalçısı və ixracatçısı olduğu üçün burada real islahatlar daha əhəmiyyətli və vacib ola bilər:

“Əminəm ki, Azərbaycan konfransı təşkil edərkən özünün çoxölçülü və dialoqu təşviq edən yanaşmasından istifadə edəcək”.

BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) çərçivəsində Azərbaycan dünyada iqlim gündəliyinə müxtəlif yanaşmalar arasında vasitəçi kimi çıxış edə bilər:

“Təbii ki, qarşımıza çıxan iki cəbhə var: iqtisadiyyatı qalıq yanacaqlarına güvənən və onları tədricən aradan qaldırmaq üçün daha diqqətli yanaşmaya üstünlük verən ölkələr, digəri isə radikal mövqe tutmağa çalışan Qərb dövlətləri. Azərbaycan bu iki baxış arasında vasitəçi kimi çıxış edə bilər”.

BAKU.WS