SİZİN REKLAM BURADA!
055 213 76 73


Bu gün ABŞ Dövlət Departamenti rəhbərinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms O’Braynın Azərbaycana səfəri, xüsusən də onun Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən qəbul edilməsi bir çox mətləblərdən xəbər verir.

BAKU.WS “oxu.az”a istinadən xəbər verir ki, hələ noyabrın 15-də ABŞ Konqresindəki dinləmələr zamanı “Azərbaycanla münasibətlər həmişəki kimi (“business as usual”) olmayacaq” bəyanatı ilə yadda qalan diplomatın Bakıya üzrxahlıq etmək və öz səhvini düzəltmək üçün göndərildiyi əvvəlcədən aydın idi.

Cənab O’Brayn o zaman ABŞ və Azərbaycan arasında yüksəksəviyyəli rəsmi səfərlərin məhdudlaşdırıldığını da elan etmişdi. Lakin bu bəyanatdan heç iki həftə keçməmiş ABŞ Dövlət Departamenti başçısı və O’Braynın birbaşa rəhbəri Antoni Blinkenin Azərbaycan Prezidentinə zəngi öncəki açıqlamaların yanlışlığının rəsmi etirafı idi.

Noyabrın son günlərində baş tutan telefon söhbəti zamanı ikitərəfli rəsmi səfərlərə qoyulan məhdudiyyətlərin aradan qaldırılması razılaşdırıldı. Blinkenin köməkçisinin Bakıya səfəri isə ABŞ - Azərbaycan əlaqələrinin “business as usual” formatına qayıdışını təsdiqlədi.

Bu, heç şübhəsiz ki, Azərbaycanın beynəlxalq siyasi arenadakı növbəti diplomatik qələbəsidir.

Vaşinqtonla Bakı arasında yaranmış qısamüddətli anlaşılmazlığın aradan qaldırılmasında, ilk növbədə Azərbaycanın prinsipial yanaşması başlıca rol oynadı. Məhz ortaya qoyulan qətiyyətli mövqe sayəsində ABŞ kimi supergüc belə öz yanlışlığını etiraf etmək məcburiyyətində qaldı. Rəsmi Bakı bir daha sübut etdi ki, onunla təhdid dili ilə danışmaq işə yaramır və hədə-qorxular konstruktiv addımlarla əvəz olunmalıdır.

Onu da qeyd edək ki, Azərbaycanın Vaşinqtondan gələn üzrxahlığı qəbul etməsi heç də əsassız deyil. Belə ki, Bakı O’Braynın noyabr bəyanatlarının daha çox ABŞ daxili siyasətindəki dinamika ilə bağlı olduğunu yaxşı anlayır. Nəzərə almaq lazımdır ki, okeanın o tayında prezidentlik yarışı getdikcə qızışır və seçkilərin keçirilməsinə bir ildən də az vaxt qalır.

Belə bir şəraitdə hakimiyyətdəki Demokratların yüksək ranqlı rəsmisinin ermənipərəst mövqedən çıxış edərək Azərbaycana qarşı absurd ittihamlarla dolu bəyanatlar səsləndirməsi təccüblü deyil. Axı ABŞ esteblişmentində heç kəs ölkədəki nüfuzlu erməni lobbisinin maliyyə dəstəyindən və lazımlı səslərindən özünü mərhum etmək istəmir.

Odur ki, Bakı ABŞ-nin son həftələrdəki “qəribə davranışlarını” anlayışla qarşılayaraq Vaşinqtonun üzrxahlığını qəbul edib.

2020-ci ildəki 44 günlük Vətən müharibəsi və cari ilin sentyabrındakı lokal antiterror tədbirlərilə Azərbaycan öz ərazi bütövlüyü və suverenliyini bərpa etməklə bölgədə yeni geopolitik reallıqlar yaradıb. Baş verənlər onu gəstərir ki, artıq bir çox ölkələr kimi, ABŞ rəhbərliyi də Cənubi Qafqazdakı geosiyasi dəyişiklikləri qəbul edir.

Ağ Ev administrasiyası mövcud yeni reallıq şəraitində regionda davamlı sülh və sabitlik üçün çox yaxşı imkanların yarandığını, Azərbaycanla müsbət münasibətlərin olmadığı bir şəraitdə bu imkaların reallaşdırılmasının qeyri-mümkünlüyünü başa düşür. Məhz bunu dərk edərək ABŞ ikitərəfli münasibətləri irəliyə doğru aparır. O’Braynın səfəri digər nüanslarla yanaşı, bu prizmadan da xüsusda önəm daşıyır.

Beləliklə də, artıq təkcə ABŞ rəsmilərinin ölkəmizə deyil, həm də Azərbaycan rəsmilərinin ABŞ-yə səfərləri bərpa olunur. Bu, ikitərəfli münasibətlərin müsbət məcrada davam etdirilməsi üçün vacibdir.

Bir sözlə, artıq ABŞ - Azərbaycan əlaqələri öz əvvəlki səviyyəsinə, yəni Vaşinqtonun təbirincə desək, “business as usual” formatına qayıdır.

BAKU.WS