Unudulmaz sənətkar Müslüm Maqomayevin vəfatından 16 il ötür
Bu gün dahi sənətkar Müslüm Maqomayev anım günüdür. Onun vəfatından 16 il ötür.
Müslüm Məhəmməd oğlu Maqomayev 1942-ci il avqustun 17-də Bakıda doğulub.
Birinci dəfə 14 yaşında dənizçilər klubunda çıxış edən M.Maqomayev ilk uğurunu 1962-ci ildə qazanıb.
Maestro Niyazinin tövsiyəsi ilə tələbə və gənclərin Helsinkidə keçirilən VIII Ümumdünya Festivalına yollanan Müslüm oradan medalla qayıdıb. Bu münasibətlə populyar "Oqonyok" jurnalı onun portretini və "Bakılı gənc dünyanı fəth edir" başlıqlı məqalə dərc etmişdi.
M.Maqomayev XX əsrin 60-cı illərində Azərbaycan Dövlət Opera və Balet Teatrının solisti olub, "La Skala" Milan teatrında təcrübə keçib. Enriko Pyatsa ilə "Sevilya bərbəri" operasından Fiqaronun, "Toska" operasından Skarpianın partiyalarını hazırlayıb.
Onun mahnıları yazılmış vallar çox böyük tirajla buraxılırdı. Məhz buna görə də onu sovet estradasının son yarım əsrdəki ən parlaq ulduzu, kralı, rəmzi adlandırırdılar. Keçmiş SSRİ-də klassik ariyaları və mahnıları estradaya məhz Müslüm gətirmişdi.
Bütün bunlara görə ona 31 yaşında SSRİ Xalq artisti adı verilmişdi. Onun repertuarında 600-dək əsər var. Böyük müğənni həm də gözəl mahnılar müəllifidir. Onun Xalq şairi Nəbi Xəzrinin sözlərinə bəstələdiyi və dillər əzbəri olan əzəmətli "Azərbaycan" mahnısı ölkəmizə ithaf olunmuş ən gözəl əsərdir. Müğənni həm də "Oxuyur Müslüm Maqomayev", "Nizami", "Moskva notlarda" filmlərində çəkilib.
M.Maqomayevin milli musiqi mədəniyyətimizin inkişafı sahəsində mühüm nailiyyətləri hər zaman yüksək qiymətləndirilib və o, müstəqil Azərbaycan Respublikasının ali mükafatları - "Şöhrət" və "İstiqlal" ordenləri ilə təltif edilib.
Sənətkar 2008-ci ildə 66 yaşında vəfat edib və Bakıdakı Birinci Fəxri xiyabanda dəfn olunub.
2022-ci il avqustun 17-də Bakının Dənizkənarı Milli Parkında Müslüm Maqomayevin abidəsinin açılışı olub.
Qalereya
Oxşar xəbərlər
Şövkət Ələkbərovanın ifa etdiyi daha dörd mahnının erməni musiqisi kimi təqdimatının qarşısı alınıb
Xalq artisti Şövkət Ələkbərovanın ifa etdiyi daha dörd mahnının ("Töhfə", "Getmə amandır", "Yavaş-yavaş" və "Bayram şamları") "YouTube"da erməni musiqisi kimi t...