Nəcəf bəy Vəzirovun anadan olmasının 172-ci ildönümüdür

Nəcəf bəy Vəzirovun anadan olmasının 172-ci ildönümüdür
Mədəniyyət 19

Bu gün görkəmli Azərbaycan ədibi Nəcəf bəy Vəzirovun anadan olmasının 172-ci ildönümü tamam olur.

Nəcəf bəy Vəzirov 1854-cü il aprelin 2-də Şuşa şəhərində dünyaya gəlib. Uşaqlıq illəri çətin keçən ədib xəstə atasına görə ailə qayğılarının böyük hissəsini anası Mina xanımın çiyinlərində görüb. Səhhətindəki problemlərə görə o, məktəbə gec – 12 yaşında gedə bilib və qısa müddətdə oxuyub-yazmağı öyrənib.

İlk təhsilini dini məktəbdə alan Vəzirov daha sonra Şuşadakı mülki məktəbdə oxusa da, burada müəllimlərin sərt münasibəti səbəbindən təhsilini yarımçıq qoyub. 1868-ci ildə Bakıya gələrək real gimnaziyaya daxil olub və burada uğurlu təhsil nəticələri ilə seçilib. Onun dünyagörüşünün formalaşmasında böyük maarifçi Həsən bəy Zərdabinin mühüm rolu olub.

1874-cü ildə gimnaziyanı bitirən Vəzirov təhsilini davam etdirmək üçün Rusiyaya yollanıb və Moskvada Petrovski–Razumovski Akademiyasının Meşəçilik şöbəsində oxuyub. Bu dövrdə o, azadlıq ideyalarının yayıldığı mühitdə formalaşıb və tələbə hərəkatlarında iştirak edib.

Təhsilini başa vurduqdan sonra müxtəlif bölgələrdə meşəbəyi kimi fəaliyyət göstərən Vəzirov sonradan siyasi etibarsızlıq ittihamı ilə vəzifəsindən uzaqlaşdırılıb. Bir müddət müxtəlif dövlət qurumlarında işlədikdən sonra 1895-ci ildə Bakıya köçərək vəkillik fəaliyyəti ilə məşğul olub və ədəbi yaradıcılığını davam etdirib.

Onun "Müsibəti-Fəxrəddin", "Yağışdan çıxdıq yağmura düşdük", "Pəhləvanı-zəmanə" kimi əsərləri Azərbaycan ədəbiyyatının klassik nümunələri hesab olunur. Eyni zamanda, o, teatr sənətinin inkişafında, maarifçilik ideyalarının yayılmasında və mətbuat sahəsində fəal iştirak edib.

Nəcəf bəy Vəzirov 1926-cı il iyulun 13-də Şamaxıda vəfat edib. Onun zəngin irsi Azərbaycan ədəbiyyatı və mədəniyyətində mühüm yer tutur.

Son xəbərlər