Məşhur heykəltəraş, Xalq rəssamı Ömər Eldarovun doğum günüdür
Bu gün məşhur heykəltəraş, Xalq rəssamı, Azərbaycan Rəssamlıq Akademiyasının rektoru Ömər Eldarovun doğum günüdür. Onun 97 yaşı tamam olur.
Ömər Həsən oğlu Eldarov 1927-ci dekabrın 21-i Dağıstan Muxtar Respublikasının Dərbənd şəhərində anadan olub.
Azərbaycan Rəssamlıq Məktəbinin heykəltəraşlıq bölməsini bitirdikdən sonra Ömər Eldarov peşə biliyini artırmaq məqsədilə Leninqraddakı İ. Repin adına rəngkarlıq, heykəltəraşlıq və memarlıq institutunun heykəltəraşlıq fakültəsində təhsilini davam etdirib.
Sənətkarın yaratdığı heykəllər dünyanın bir çox muzeylərində layiqli yer tutmaqdadır. Bu cür əsərlər sırasında şairə Natəvanın, şair Məhəmməd Füzulinin, şair-dramaturq Hüseyn Cavidin, Azərbaycanın görkəmli oftalmoloq alimi Zərifə Əliyevanın, professor İhsan Doğramacının heykəlləri, prezident Heydər Əliyevin, bəstəkar Üzeyir Hacıbəyovun, rəssam Səttar Bəhlulzadənin, yazıçı Süleyman Rəhimovun, akademik Ziya Bünyadovun və başqalarının qəbirüstü abidələrini göstərmək olar. Eyni zamanda sənətkar bir sıra kamera xarakterli, kiçik həcmli əsərlərin müəllifidir.
Yaradıcılıqla yanaşı, Ömər Eldarov həm də Azərbaycanın ictimai və mədəni həyatının fəal iştirakçısıdır. 1958-1968-ci illərdə o Rəssamlar İttifaqının Katibliyinə üzv seçilib. 1970-ci ildə isə o, SSRİ Rəssamlıq Akademiyasının heykəltəraşlıq üzrə Bakıdakı yaradıcılıq emalatxanasının rəhbəri təyin edilib.
Ömər Eldarov 1969-1973-cü illərdə Bakı Sovetinin deputatı seçilib və burada mədəni-maarif işi üzrə komissiyanın rəhbəri vəzifəsində çalışıb. 1995-ci ildə isə Ömər Eldarov müstəqil Azərbaycanın ali qanunvericilik orqanı olan Milli Məclisə deputat seçilib.
Ö.Eldarov müstəqil Azərbaycanın ali dövlət mükafatı olan "İstiqlal" ordeni ilə təltif edilib.
SSRİ (1980) və Azərbaycan Respublikasının (1982) Dövlət mükafatının laureatıdır.
"Şərəf nişanı"(1959), "Qırmızı Əmək Bayrağı"(1986), "İstiqlal" ordenləri ilə təltif olunub.
16 aprel 2014-cü ildə "Birlik ulduzları-2014" mükafatının laureatı olub. 18 aprel 2014-cü ildə akademik Ömər Eldarov Azərbaycan mədəniyyətinin və monumental heykəltəraşlıq sənətinin inkişafındakı xidmətlərinə görə akademik Üzeyir Hacıbəyli adına mükafata layiq görülüb.
Ömər Eldarovun Vyanadakı Dunay-parkda ucaltdığı Üzeyir Hacıbəyov büstü, Cənubi Koreyanın açıq səma altındakı məşhur muzeyində ucaldılan "Parçalanmış vətən", Düşənbə şəhərində ucaldılan İbn Sina və Sədrəddin Ayninin, Ukraynada, Sapun dağda 77-ci Azərbaycanın diviziyasının xatirəsinə ucaldılmış abidələrini misal göstərmək olar.
Sədrəddin Ayninin heykəlinə görə Ömər Eldarov SSRİ Dövlət mükafatına layiq görülmüşdür. Türkiyədə ustad sənətkarın yaratdığı ümummilli lider Heydər Əliyevin möhtəşəm abidəsi Qars şəhərində, İhsan Doğramacının heykəli Bilkənddə ucalır. Bu əsərlərin xarici ölkələrdə qazandığı uğur Ömər Eldarovun sənətinin milliliklə yanaşı, bəşəriliyinin bariz nümunəsidir.
Görkəmli heykəltəraş 2012-ci il dekabrın 17-də Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə "Şərəf" ordeni ilə təltif edilib.
Oxşar xəbərlər
Meksikalı DJ Üzeyir Hacıbəylinin bu şah əsərini səsləndirdi
Meksikalı DJ və prodüser Aaron Sevilla dahi Üzeyir Hacıbəylinin şah əsərlərindən birini səsləndirib. BAKU.WS xəbər verir ki, o səhnə aldığı məkanlardan birində...