Bu gün Xalq rəssamı Tahir Salahovun vəfatından 4 il ötür

Bu gün Xalq rəssamı, görkəmli ictimai xadim Tahir Salahovun anım günüdür. Onun vəfatından 4 il ötür.
Tahir Teymur oğlu Salahov 1928-ci il noyabrın 29-da Bakıda doğulub.
Atası 1937-ci il repressiyasının qurbanlarından olduğundan rəssamın uşaqlıq illəri çətin keçib. Bəlkə də uşaqlıqda çəkdiyi çətinlik və iztirablar onun həm istedadlı rəssam, həm də əsl insan kimi formalaşmasında birbaşa rol oynayıb.
O 1951-ci ildə Bakıda Ə.Əzimzadə adına Rəssamlıq məktəbini, 1957-ci ildə isə Surikov adına Rəssamlıq İnstitutunu bitirib. Rəssamın əsərləri dünya təsviri incəsənətinin humanist inkişafına böyük təsir göstərib. Çoxlu sayda portretlərin, peyzaj və natürmortların, böyük fiqurlu əsərlərin müəllifi olan bu dahi sənətkarın yaratdığı əsərlərə xətlərin və koloritin lakonik, eyni zamanda, dərin ifadə üslubu xasdır. Bu əsərlər müasir rəssamlığın klassikasına çevrilərək yüksək mənəvi, bədii və ictimai əhəmiyyət daşıyır.
Xalq rəssamı dünya miqyasında aparıcı portret ustasıdır. Onun yaradıcılığında insanı bəşəriyyətin ən ali varlığı kimi əsas planda görürük. Rəssam ailəsini və dostlarını böyük məhəbbətlə təsvir edir. "Aydan", "Alagöz şərq nağılı", anası Sona xanımın və həyat yoldaşı Varvara Aleksandrovnanın silsilə portretləri, "Danın portreti", "Rəşid Behbudovun portreti" - sadalanan bu əsərlər mehribanlığı və isti münasibəti təcəssüm etdirir.
Rəssamın yaradıcılığında görkəmli yeri həm də Azərbaycan neftçilərinə həsr etdiyi təsvirlər tutur. T.Salahov öz xatirələrində qeyd edir ki, "Mən bir neçə ay Neft Daşlarında neftçilərlə eyni yataqxanada qalmışam. Məhz əməksevən obrazlarımı da elə orada tapmışam". T.Salahovun neftçilərə həsr etdiyi ən möhtəşəm əsərlərindən biri diplom işi olan "Növbədən qayıdanlar" tablosudur. Sənətkarın bu tablosu təsviri sənətdə "Sərt üslub" deyilən yeni istiqamətin ilk nümunələrindən biridir. Həmin əsərin yaranma tarixi çox maraqlıdır.
T.Salahovun əsərləri dünyanın bir çox muzey və qalereyalarının salonlarını bəzəməkdədir. Xüsusən də Tretyakov qalereyasında rəssamın bir çox əsərləri nümayiş olunur. Onlardan "Vyana stulu ilə natürmort", "Nar gülləri ilə natürmort", "Aydan", "Bəstəkar D.Şostakoviçin portreti" və s. adları çəkmək olar.
Ötən əsrin 50–60-cı illəri sənətkarın yaradıcılığı üçün çox məhsuldar və uğurlu mərhələ olur. "Sənə, Bəşəriyyət" tablosundan sonra da rəssamın uğurlarının ardı-arası kəsilmir. O, 1962-ci ildə hazırda Tretyakov qalereyasında saxlanılan "Bəstəkar Q.Qarayevin portreti"nə görə gümüş medal mükafatına layiq görülür.
T.Salahov dünya ölkələrini səyahət edərkən öz təəssüratlarını monumental tablolarda əks etdirirdi. Sənətkarın fırçasında ABŞ, İtaliya, Yaponiya, Meksika, Fransa, İspaniya və başqa ölkələrin mədəniyyəti sanki yeni həyat qazanıb.
Böyük sənətkarın yaradıcılığında portret ən çox müraciət etdiyi janrdır. "Portretlərimin hamısı mənim üçün əzizdir. Çünki onlar mənim doğmalarımın, sevdiyim insanların, əsl sənətkarların portretləridir. Mən o əsərləri sahiblərinə görə çox sevirəm, zəhmətimə görə yox", – deyə etirafı ilə ürəklərə yol tapan T.Salahovun portretləri çox maraqlıdır. Fikrət Əmirov, Mirzə Ələkbər Sabir və Rəsul Rzanın rəssam tərəfindən çəkilmiş portretləri də çox baxımlıdır. Rəssam "F.Əmirovun portreti" əsərində musiqiçi tamaşaçıya üz tutmuş, öz aləminə qapılmış vəziyyətdə canlandırılıb. "Şair Sabirin portreti"ndə insan şəxsiyyəti daha aydın görünür, "Rəsul Rzanın portreti"ndə isə daxili gərginlik vurğulanır.
Çoxşaxəli yaradıcılıq yoluna malik T.Salahovun teatr fəaliyyəti onun sənətini sevənlərə yaxşı məlumdur. Şekspirin "Antoni və Kleopatra", "Hamlet", C.Cabbarlının "Aydın" dramına, A.Əlizadənin "Babək" baletinə, C.Əlibəyovun "Gülüstanda ölüm", Ü.Hacıbəylinin "Koroğlu", F.Əmirovun "Min bir gecə" baletinin səhnə tərtibatının dekorasiyalarının müəllifi məhz T.Salahovdur.
O, təkcə yaradıcılığı ilə deyil, həm də ictimai fəaliyyəti ilə xalqına, mədəniyyətinə xidmət etməkdədir. Onun ictimai fəaliyyəti nəticəsində incəsənət xadimləri və incəsənətə maraq göstərən sadə insanlar müasir dünya rəngkarlığı ilə yaxından tanış olublar. 1980-ci illərin sonlarında Moskva və Sankt-Peterburqda məşhur dünya rəssamları meksikalı Tamayo, italyan Morandi, alman Günter Yukker, ingilis Frensiz Bekon, isveçli Tenqli və amerikalı R.Rauşenberqin sərgilərinin təşkil olunmasında yaxından iştirak edib.
Çox məhsuldar yaradıcılıq yolu keçən sənətkarın son illərə aid əsərlərindən danışarkən Azərbaycan incəsənətinin şedevrləri sayıla bilən Ulu Öndər "Heydər Əliyevin portreti"ni, "Mstislav Rostropoviçin portreti"ni, "Odlar yurdu" triptixini, "Yazıçı Anarın portreti"ni və daha neçə-neçə peyzaj və natürmortlarını qeyd etmək lazımdır. Dünya miqyasında aparıcı portret ustası olan T.Salahov əsərlərində insanı bəşəriyyətin ən ali varlığı kimi canlandırır. Bu xüsusiyyətlər yuxarıda qeyd edilən portretlərə də xasdır.
Sənətinə dövlət qayğısı göstərilən böyük sənətkar saysız-hesabsız mükafatlara sahibdir. Fırça ustası keçmiş Sovet İttifaqının ən yüksək təltifləri və ordenlərinə layiq görülüb, Sosialist Əməyi Qəhrəmanı adını alıb. Rusiyanın "Vətən qarşısında xidmətlərinə görə" ikinci və üçüncü dərəcəli ordenlərinə, müstəqil Azərbaycanın ali mükafatı olan "İstiqlal" və "Heydər Əliyev" ordenlərinə, Bolqarıstan, Polşa, Monqolustan və başqa ölkələrin ordenlərinə, müxtəlif medallarına və mükafatlarına layiq görülüb.
Sevindiricidir ki, 2018-ci il 90 illik yubileyi ərəfəsində Prezident İlham Əliyev Azərbaycan təsviri sənətinin inkişafında xüsusi xidmətlərinə görə Tahir Salahovu 1-ci dərəcəli "Əmək" ordeni ilə təltif edib. Eyni zamanda, sənətkarın 90 illiyi münasibətilə silsilə sərgilər açılıb.
Rəssamın əl işləri hazırda yalnız ölkəmizdə deyil, onun hüdudlarından kənarda da dünya muzeyləri və qalereyalarında nümayiş etdirilir.
Xalq rəssamı 2021-ci ilin bu günü yəni, mayın 21-də vəfat edib.
Oxşar xəbərlər
İnsult keçirən Fatma Mahmudova yenə xəstəxanalıq oldu
Bir müddət əvvəl insult keçirən Xalq artisti Fatma Mahmudovanın başına iş gəlib. BAKU.WS Axşam.az-a istinadla xəbər verir ki, aktrisanın bu dəfə qolu sınıb. F.M...
