SİZİN REKLAM BURADA!
055 213 76 73



İlham Əliyevin növbəti dəfə Prezident seçilməsindən ötən 1 il ərzində bütün sahələrlə yanaşı, mədəniyyət sahəsində də bir sıra islahatlar həyata keçirilib, cümlədən fərman və sərəncamlar imzalanıb.

"Report" xatırladır ki, dövlət başçısının 2018-ci il aprelin 20-də imzaladığı "Mədəniyyət və turizm sahəsində dövlət idarəçiliyinin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında" sərəncamı ilə Mədəniyyət və Turizm Nazirliyinin əsasında Mədəniyyət Nazirliyi və Dövlət Turizm Agentliyi yaradılıb. Prezident həmin il iyunun 6-da isə "Mədəniyyət Nazirliyinin fəaliyyətinin təmin edilməsi haqqında" fərman imzalayıb, həmçinin yeni nazirliyin strukturunu təsdiqləyib. Dövlət başçısı bu il yanvarın 15-də "Mədəniyyət Nazirliyinin strukturunun və idarə edilməsinin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında" və “Kitabxana işi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” fərman, o cümlədən bir sıra mədəniyyət, incəsənət xadimlərinin, yazıçı və şairlərin, eləcə də mədəniyyət ocaqlarının yubileyləri haqqında müvafiq sərəncamlar imzalayıb.



Bundan əlavə, Heydər Əliyev Fondunun dəstəyi ilə Bakıda ənənəvi “Muğam aləmi” V Beynəlxalq Muğam Festivalı, Üzeyir Hacıbəyliyə həsr olunmuş X Beynəlxalq Musiqi Festivalı keçirilib. Bakıda Vokalçıların Bülbül adına VII Beynəlxalq müsabiqəsi, eləcə də Mədəniyyət Nazirliyi və Azərbaycan Mədəniyyət Fondu tərəfindən ənənəvi Bakı Beynəlxalq Caz festivalı təşkil olunub.

UNESCO-nun Qeyri-maddi mədəni irsin qorunması üzrə Hökumətlərarası Komitəsinin Mavriki Respublikasında keçirilən 13-cü sessiyasında Azərbaycanın təqdim etdiyi “Yallı (Köçəri, Tənzərə), Naxçıvanın ənənəvi qrup rəqsləri” Təcili qorunmaya ehtiyacı olan qeyri-maddi mədəni irs siyahısına, Azərbaycanın Türkiyə və Qazaxıstanla birgə təqdim etdiyi “Dədə Qorqud irsi. Dastan mədəniyyəti, xalq nağılları və musiqisi” nominasiya faylı isə çoxmillətli mədəniyyət nümunəsi kimi təşkilatın Qeyri-maddi mədəni irs siyahısına daxil edilib.


“Muğam aləmi” V Beynəlxalq Muğam Festivalı

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın bu il martın 1-də mədəniyyət və incəsənət xadimlərinin bir qrupu ilə keçirdikləri görüş isə uzun müddət yaddaşlarda qalacaq. Həmin görüşdə mədəniyyət sahəsilə bağlı geniş fikir mübadiləsi aparılıdı və bundan sonra görüləcək işlər haqqında danışıldı. Görüşdə Xalq yazıçısı Anar, Xalq artisti Afaq Bəşirıqızı, Bakı Musiqi Akademiyasının rektoru, Xalq artisti Fərhad Bədəlbəyli, Azərbaycan Memarlar İttifaqı İdarə Heyətinin sədri Elbay Qasımzadə, Xalq artisti Mehriban Zəki, Əməkdar artistlər Tahir İmanov, Bəhram Bağırzadə və başqaları fikir mübadiləsi çərçivəsində narahatedici məqamları çatdırdılar, təkliflərini irəli sürdülər. Dövlət başçısı isə onları dinlədi, fikir mübadiləsi apardı və görüşdən dərhal sonra orada qaldırılan məsələlər həllini tapmağa başladı.

İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mədəniyyət və incəsənət xadimlərinin bir qrupu ilə görüşüblər

Görüşlə bağlı təşkilati işləri görən şəxslərin dəvətlilər siyahısına salmadığı Xalq artist Rasim Balayevə isə dövlət başçısı telefonla zəng vurdu.

Növbəti günlərdə Prezident İlham Əliyev "Azərbaycan teatrlarının inkişafı ilə bağlı əlavə tədbirlər haqqında", "Azərbaycan Dövlət Musiqili Teatrına və Azərbaycan Dövlət Rus Dram Teatrına “akademik” statusu verilməsi haqqında", "Azərbaycan Respublikasında teatr və konsert müəssisələri işçilərinin sosial müdafiəsinin gücləndirilməsi haqqında" sərəncam imzaladı. Bu isə təbii ki, mədəniyyət və incəsənət xadimləri tərəfindən alqışla qarşılandı.

Son bir ilin islahatları çərçivəsində mədəniyyət sahəsində baş verən yeniliklərlə bağlı “Report” Azərbaycan Milli Konservatoriyasının rektoru, professor Siyavuş Kərimi, xalq artisti Arif Babayev və xalq artisti Səkinə İsmayılovanın fikirlərini öyrənib.

BAKU.WS