SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Ötən gün saat 12 radələrində Bakı Metropoliteninin "Azadlıq prospekti” stansiyasının yaxınlığında, 1981-ci il təvəllüdlü Malik Hüseynovun üzərinə neft məhlulu tökərək özünü yandırıb. Nəticədə o ağır xəsarətlər alıb. Aldığı yanıq xəsarətləri ilə xəstəxanaya yerləşdirilib. Deyilənlərə görə, "Muğanbank"ın qarşısında özünü yandıran Malik Hüseynovun kredit borcu olub. 
 
Təəssüf ki, bu gün ölkədə eyni aqibətlə qarşılaşa biləcək insanların sayı artmaqdadır. Yüksək faizlə verilmiş kreditlər və məsuliyyətsizcəsinə götürülən kreditlər əhalinin banklara olan borclarının qaytarılmamasında əsas rol oynayır. Bu gün Azərbaycanda hər 3 adamdan ən azı 1-nin banklar qarşısında borc öhdəliyi var. Son rəsmi rəqəmlərə görə, ölkədə borcalanların sayı 2 milyon 505 min 575, zaminlərin sayı isə 1 milyon 184 min 202 nəfər olub. Bu o deməkdir ki, ölkə əhalisinin 38,5 faizi və ya 3,7 milyon nəfərinin 44 bank və 41 bank olmayan kredit təşkilatı qarşısında birbaşa və dolayı yolla öhdəliyi vardır. Təkcə son 5 ayda birbaşa borcu olanların sayı 90 min nəfərdən çox, zaminlərin sayı isə 70 min nəfərə qədər artıb.
 
Bu borclanmanın son aylar daha sürətlə artması əhalinin vəsaitlərinin azalmasından xəbər verir. İqtisadçı Azər Mehtiyev BAKU.WS-in əməkdaşı ilə söhbətində problemin həlli yollarından danışıb. İqtisadçı hesab edir ki, insanlar kredit alərkən riskləri nəzərə almalıdır. Mütəxəssisin fikirncə, gecikdirilən kreditlərin həcminin artması həm bankların, həm də vətəndaşın məzuliyyətsizliyin nəticəsidir: "Bir müddət öncəsinə kimi banklar kimə gəldi sənədləşdirmə apararaq kredit verirdilər. Bununla belə neft gəlirləri o zaman insanlara bu kreditləri ödəməyə imkan verirdi. Ancaq banklar rəsmi gəlirləri dəqiq araşdırmırdılar və kortəbii şəkildə əhaliyə yüksək faizlə kredit verirdirlər. İndiki vəziyyətdə isə insanların gəlirləri azalıb və kreditlərin verilməsində çətinliklər yaranıb. Dövlət tərəfindən bu kreditlərin bağışlanması ağlabatan deyil. Yalnız, banklarla əhali arasında kreditlərin qaytarılması ilə bağlı danışıqlar aparılmalıdır və həmin kreditlərin şərtlərinə yenidən baxmaq olar".
 
İqtisadçı vurğulayır ki, insanlar kredit alarkən müqavilə şərtlərinə diqqət yetirmirlər. A.Mehtiyevin fikrincə, vərəndaş həmin müqavilənin məzmununa baxmır və bankın təklif etdiyi şərtlərə razı olur: "Sonda məlum olur ki, müqavilə şərtləri müştərinin əleyhinədir. Bankların çox ağır şərtlərlə kredit verdiyini nəzərə alsaq, ödəniş etməkdə çətinlik çəkən insanların məhkəməyə müraciət etməsi məqbuldur. Amma ən ideal variant banklarla razılaşmaqdır. Yəni danışıqlar apararaq kredit şərtlərinin yüngülləşməsinə nail olmaq olar".
 
Ölkə üzrə bütövlükdə kredit məlumatlarının sayı 10,4 milyondan çoxdur. Deməli, orta hesabla 1 borcalanın 4 bank qarşısında öhdəliyi formalaşıb. Bu isə belə izah oluna bilər ki, 1 banka borcunu ödəyə bilməyənlər digər banklardan da kredit götürməklə vəziyyətdən çıxmağa çalışırlar. Bu da bir çox bank və bank olmayan kredit təşkilatlarında borcalanlarla işin düzgün qurulmadığını xarakterizə edir. Son nəticə olaraq vətəndaş banka olan borcunu başqa bankdan aldığı kreditlə ödəməyə çalışır və vəziyyət daha da mürəkkəbləşir. Beləliklə də problemli kreditlər, bankdan yüksək faizlə kredit götürənlərin sayı azalmaq yerinə artır.
 
BAKU.WS-ə açıqlama verən hüquqşünas Ələsgər Məmmədli vətəndaşın bank qarşısında özünü yandırmasının vəziyyətdən çıxış yolu olmadığını deyir. Mütəxəssis bildirir ki, Azərbaycanda bank krediti ödənilmədiyi təqdirdə bunun üçün hüquqi yollar mövcuddur: "Bank müştərisinə xəbərdarlıq göndərməli, əgər bir nəticə olmazsa o zaman məhkəməyə verərək kreditinin ödənilməsini tələb etməlidir. İstənilən halda vətəndaş bilməlidir ki, kreditə girdiyi zaman risk edir və əmlakı kredit ödənilmədiyi halda əlindən alına bilər. Hüquq çərçivəsində atılan addımlar da bəzən insanı incidir. Ancaq bunları nəzərə almaq lazımdır. Vətəndaş kredit götürərkən öz xərclərini və gəlirlərini dəqiq müəyyən etməlidir. Bizdə insanlar ehtiyaclarını yalnız borclanaraq həll etməyə çalışırlar. Yaxşı bilirik ki, banklar çox yüksək faizlə kredit verir və bu, borcun geri qaytarılması zamanı əngəl törədir".
 
Ələsgər Məmmədli hesab edir ki, xüsusilə banklar insanlara qarşı aqressiv danışmamalıdır: "Çünki, bəzən insanların psixoloji vəziyyəti qaydasında olmur və kiçik bir gərginlik onun çılğın hərəkətlər etməsinə gətirib çıxara bilər. Banklar müştərinin real vəziyyətini nəzərə almalıdır. Əgər vətəndaşın krediti ödəmə qabiliyyəti aşağıdırsa, bank ona güzəşt etməlidir. Təzyiq göstərmək və vətəndaşı kreditinin ödənilməsinə görə təhrik etmək sonda faciələrə səbəb ola bilər.Banklar faizləri aşağı salmaq və ödənişlərin müddətini uzatmaqla müştəriyə güzəştlər etməlidir".
 
Şahin Həbibov
BAKU.WS