Laçında anadan olmuş Fərid Cəbrayılovun 30 ildən sonra Göyqayadakı yaylaq evlərinin dağıntıları arasında tapılan jaketinin fotosu sosial şəbəkələrdə böyük marağa səbəb olub. F. Cəbrayılovun əmisi oğlu Orxan Cəbrayılov onun üç aylıq uşaqlıq şəklini həmin tapılan sarı jaketlə birgə paylaşıb.

BAKU.WS xəbər verir ki, F.Cəbrayılov keçirdiyi hissləri və jaketin tapıldığı anın videogörüntülərini “qafqazinfo” ilə bölüşüb. O bildirib ki, 1988-ci ilin 8 sentyabrında Laçın rayonunun Ələkçi kəndində anadan olub:

“Üç aylıq bir körpə ikən şəkildəki üçdüymə jaketi atam mənim üçün rayondan alıb gətiribmiş. Şəkil yaylaq evimiz yerləşən və ərazisinə xas göy rəngdə qayalara ithafən Göyqaya adlandırılan yerdə 1989-cu ildə çəkilib”.

Onun sözlərinə görə, rayon işğal olunandan 1993-cü ilin mart ayına kimi atası, əmiləri öz yurdlarında, babası Ərikli kəndində yaşayıb öz təsərrüfatları ilə məşğul olublar.

F.Cəbrayılov deyir ki, şəklin çəkildiyi yaylaq ərazisi Laçında son günlərini keçirdikləri yurd yeri olub:

“Oradan əynimizdəki paltarlardan başqa heç bir şey götürmədən çıxmağımız, inəklərimizi, qoyunlarımızı çarəsizcə açıb buraxmağımız, itlərimizi bağdan açıb öz talelərinə tərk etməyimiz, bir neçə ay əvvəl xəbər saytlarında maraqla qarşılanan babam Sevindikov Fikrətin “UAZ” markalı avtomobili ilə Kəlbəcər rayonu ərazisindən doğma yurdumuzu tərk etməyimiz, gecə yol gedərkən məndən kiçik qardaşımın və mənim susamağımız qarşısında bizə mis fincanda keçilməz Murov dağının qar suyunun verilməsi, o dağ yollarındakı soyuq xatirələr hələ də aydınlığı və dəqiqliyi ilə yadımdadır.

Laçınımızdan ayrıldıqdan bu günə kimi mənim xatirələrim 3 ədəd şəklim, yuxarıda qeyd etdiyim yaddaşımda qalan bəzi məqamlar və böyüklərimizin illərdir danışdığı əhvalatlardan ibarət idi. Ta ki, dünən axşama kimi…

Dünən axşam əmim oğlu Orxan Cəbrayıl mənə yazanda ki, sənin sarı jaketin evinizin dağıntıları altından tapılıb, bir anlıq özümü itirdim, ürək döyüntülərim artdı, gözlərim dolsa da ağlaya da bilmədim, çünki bir boğulma, bir xaos bürümüşdü məni.

Bilmədim gülürəm, ya ağlayıram. Dərhal yurd yerimizə gedən və jaketimi tapan əmim oğlu ilə əlaqə saxladım və mənə bunun həqiqət olduğunu, uçmuş evimizin damının dəmirlərinin və daşların töküldüyü yeri bir az aralayarkən onun da yadında dəqiq qalmış jaketi digər əmim oğlu Toğrul Cəbrayılın tapdığını, görən kimi tanıdığını, şəklini çəkdiyini və göndərəcəyini dedi.

Ona təşəkkürlərimi hansı sözlə deyəcəyimi bilmədim. Sonra anama dedim və anam jaketin olsa-olsa uşaqlıq şəklimdəki jaket olacağını dedi.

Hamımız gecə saat ikiyə kimi oturub şəkli gözlədik və o şəkil gəldi. Həmin anı hər kəsin başa düşməsi üçün belə izah edə bilərəm ki, elə bil 30 il əvvəl itirdiyiniz ən sevimli bir insanınızı sağ-salamat tapmısınız.

Əlbəttə ki, bu jaket mənim üçün çox şeyi simvolizə edir deyə çox qəribə və ilk dəfə yaşadığım bir duyğuya qapıldım.

Onun fonunda mənim itmiş, uçuq evimizin altında məhv olmuş uşaqlığım, o zaman üçün çox bahalı, növbənöv oyuncaqlarım, ailəmizin xoş və xoşbəxt günlərinin anidən bədbəxtliyə çevrilməsi, köçkünlüyün ilk illərində çəkdiyimiz çətinliklər, özümdən çox oraya qayıtmaqlarını istədiyim, arzu etdiyim Əfqan əmimin, nənəmin oraya qayıda bilməməsi, işğalda qalmış ev-eşiyimizdən çox bizə təsir edən zamanının ən məşhur, ad çıxarmış kişilərindən olmuş babam Novruzun məzarının düşmən tapdağı altında qalması, ibtidai sinif illərində müəllimin “kim qaçqındırsa, əlini qaldırsın!” deyərkən utana-utana, qızara-qızara əlimi qaldırıb başımı endirməyim, yay tətilindən qayıdan sinif yoldaşlarımın kəndlərində keçirtdiyi istirahətləri haqqında inşa yazmaları qarşılığında mənim başqa rayonlarda, başqa yerlərdə keçirtdiyim tətil barədə çarəsizcə inşa yazmağım və bu gün artıq ömrümün itmiş, ölü xatirələrinin yenidən mümkünsüzcə canlanması, gözlərimin önünə gəlməsi var".

F.Cəbrayılov qeyd edib ki, hələ o torpaqlardan nə qədər acılı, nə qədər şirinli xatirələr tapılacaq:

"Və orada nə qədər xoş gün keçirsək də canını qurban vermiş igidlərimizin xatirəsi həmişə bizim qəlbimizdə qalacaq, qəhrəmanlıq hekayələri hər məclisimizdə yada salınacaq.

Bu da mənim kiçik, amma hələ ki natamam hekayəm. İndi bir arzum var ki, tez bir zamanda yurduma gedib babamın qəbrini ziyarət edim, yaylaq evimizin qarşısındakı alça ağacından alça yeyim və bu jaketi götürüb ən dəyərli əşya kimi həmişə saxlayım”.

BAKU.WS
VİDEO