“Boğazı qopub, üstümə düşmüşdü...” – Qadın zabitin DƏHŞƏT DOLU MÜHARİBƏ XATİRƏLƏRİ

“Boğazı qopub, üstümə düşmüşdü...” – Qadın zabitin DƏHŞƏT DOLU MÜHARİBƏ XATİRƏLƏRİ
Şou-biznes 10720
I Qarabağ müharibəsi veteranı, Dövlət Sərhəd Xidmətinin şöbə rəisi, polkovnik-leytenant Aliyə Piriyeva müharibənin dəhşətli anlarından danışıb.BAKU.WS xəbər verir ki, Aliyə Piriyeva “lent.az” saytında “Zəriflərin savaşı” layihəsində müsahibə verib.Qeyd edək ki, Aliyə Piriyeva hazırda Azərbaycan Silahlı Qüvvələrində müharibə veteranı kimi xidmətdə olan yeganə qadın hərbi qulluqçudur. O, ölkə başçısı İlham Əliyev tərəfindən “Hərbi xidmətlərə görə” medalı ilə və Dövlət Sərhəd Xidmətinin rəisi, general-polkovnik Elçin Quliyev tərəfindən 7 medalla təltif olunub.... Biri var idi, biri yox idi. Qarabağın ən səfalı guşələrindən olan Ağdamda Aliyə adlı bir qız var idi. Bu qız yaxşı at çapırdı, mal-qaraya baxmaqda, təsərrüfat işlərində atasına kömək edirdi. Atası onu da, bacılarını da oğlan xasiyyətli böyüdürdü. Amma Aliyə heç vaxt kişilərə xas peşələrə can atmamışdı. Məsələn, hərbçi olmağı heç vaxt istəməmişdi. Onun bircə arzusu vardı – ucqar kənd məktəbində tarix müəlliməsi olmaq. Şagirdləri başına yığıb, Azərbaycanın şanlı tarixindən, tarixi şəxsiyyətlərindən, qəhrəmanlarından, ermənilərin yüz illərdir davam edən məkrli siyasətindən, xalqımıza qarşı törətdiyi soyqırımlardan danışmaq...Ağdama hər dəfə yaz və payız gələndə bu arzusu ürəyində daha da kök salırdı. Elat, tərəkəmələr yazda yaylağa qalxar, payızda arana enərdilər. Yaşadığı kəndin içindən keçən bu köçə Aliyə o qədər maraqla, heyranlıqla, həsrətlə baxardı ki... Ən çox xoşuna gələn isə sürünün önündə gedən dəvə karvanı idi. Bir-birinə bağlanmış 15-20 dəvə, üzərlərində kəcavə, kəcavədə oturan bər-bəzəkli gəlinlər, uşaqlar... Dəvələrin ləngərlə yerişi ilə boğazlarından asılan zınqırovun səsi bir harmoniya, əsrarəngiz ahəng yaradırdı sanki. Çox keçmirdi ki, Kəlbəcər, Laçın dağlarını bu tərəkəmələrin ağ çadırları, rəngarəng xalçaları bəzəməyə başlayırdı. Elə bil dağda çiçəklər boy qaldırırdı. Bu mənzərə Aliyə üçün dünyanın ən gözəl rəsm əsəriydi. Və o mənzərəni izlədikcə Kəlbəcərin, Laçının ən ucqar kəndlərində tarix müəlliməsi işləmək xəyalı içində daha da alovlanırdı. Elə bilirdi, o kəndlərdə dərs desə, heyranlıqla izlədiyi yaşamın içində daha sıx olar, o həyatı daha yaxından tanıyar... Ancaq müharibənin başlanması Aliyənin bu arzusunu həyata keçirməyə imkan vermir. 19 yaşlı qız tarix müəllimi olmaq diləyini büküb, ürəyinin içində bir kənara qoyur. Və əlinə qələm almaq əvəzinə silah alıb, döyüşə atılır. Tezliklə torpaqlarımızı düşməndən azad edib, öz arzularının dalınca getmək ümidilə. Amma nə biləydi ki, müharibə təkcə onun müəllim olmaq arzusunu yox, bütün xəyallarını, ümidlərini, gəncliyini, qadınlığını əlindən alacaq...Qələmi qoyub, silahı əlinə aldı...- Bəlkə də adın insanın taleyinə hansısa təsiri var həqiqətən. Məsələn, II dünya müharibəsində Aliyə Rüstəmbəyova adlı qəhrəmanımız olub. Düzü, mən müharibəyə gedəndə onun haqqında heç nə bilmirdim. Çox sonralar həyatı, döyüş yolu haqqında oxudum. Amma orta məktəbdə oxuyanda biologiya müəllimim Muradxan müəllim deyirdi ki, sən ya Sovet İttifaqı Qəhrəmanı qazax qızı Aliyə Moldaqulova olmalısan, ya da tanınmış elm xadimi Aliyə Təhmasib. Mən isə sadəcə tarix müəlliməsi Aliyə Piriyeva olmağı arzulayırdım. Uşaqlığımın bir hissəsi Ağdamın Göytəpə kəndindəki Atçılıq zavodunda keçib. Yaxşı at çapırdım, özü də atları çox sevirdim.Atı yüyənindən tutub aparırdım, kənddən çıxandan sonra minirdim. Bir dəfə yolda ədəbiyyat müəllimimiz Şahin müəllim soruşdu, niyə atı minmirsən? Dedim, utanıram. Dedi, utanma, min get. Yaşımız artdıqca müəyyən dünyagörüşümüz də formalaşırdı. Tarix müəllimimiz Əlastan müəllim 70-ci illərdə Xankəndi Pedaqoji İnstitutunda təhsil almışdı. O vaxt gördükləri haqda, ermənilərin bizə olan münasibətindən danışardı. Onun danışdıqları məni tarix sahəsinə istiqamətləndirirdi.Bir də yaz-payız aylarında gördüyüm mənzərə məni ucqar kənddə tarix müəllimi olmağa daha da həvəsləndirirdi. Qarabağ regionunda elatlar, tərəkəmələr yazda dağa qalxırdılar, payızda arana enirdilər. Sürü-sürü qoyunlar, inəklər gətirirdilər. Onların qış yatağı Beyləqan, İmişli, Ağcabədi, Harami düzüydü. Yayda isə Laçın, Kəlbəcər dağlarına qalxırdılar. O köç bizim kəndin içindən keçirdi. Biz də köçə o qədər maraqla baxırdıq. Malın, heyvanın önündə sürüylə dəvələr gedirdi. Kəcavədə gəlinlər, uşaqlar otururdu, dəvələrin boynundan zınqırov asılırdı. O zınqırovun səsi indi də qulaqlarımdadı. O səs məni hər dəfə nağıllar aləminə götürürdü.Elə bilirdim gedib oralarda dərs desəm, mən də həmin həyatın içində olacam. Həm də o vaxt “Sovet Azərbaycanı gəncləri” qəzetində Kəlbəcər, Laçın rayonunda müəllim və başqa kadrların çatışmadığı yazılırdı. Ona görə qərar vermişdim ki, gedib ən ucqar kəndlərdə müəllim işləyəcəm. 1980-ci illərin sonunda Qarabağ hadisələri alovlanmağa başladı. Ağdam hadisələrin mərkəzindəydi, baş verənləri görüb anlayırdıq. Məktəbi bitirib, sənədlərimi Azərbaycan Pedaqoji İnstitutunun tarix fakültəsinə verdim. İnstitutun hazırlıq fakültəsinə qəbul oldum. Amma artıq torpaqlarımız işğal olunmağa başlayırdı. Xocalı hadisəsindən, Laçın və Şuşanın işğalından sonra məndə təhsillə bağlı ruh düşkünlüyü yarandı. Düşündüm ki, indi vətənə əli qələm tutan müəllim yox, silah tutan əsgər lazımdı. Odur ki, həmin dövrdə tələbələrin çoxu kimi, mən də təhsil məsələsini dayandırıb, döyüşə yollandım.“Meyitlər, qarın üzərində qırmızı qan ləkələri...”Aliyə Piriyevanın döyüş yolu 1993-cü ilin fevralında Ağdərənin Mehmanə kəndi və Sərsəng su anbarından başlayır. Müəyyən döyüş təcrübəsi olan xalası qızı Kəmalə Qəhrəmanova ilə birlikdə hərbi hissəyə yollanır. İlk döyüş gününü isə belə xatırlayır:- Çatan kimi avtomatı verdilər mənə, darağı doldurmağı, söküb-yığmağı, atmağı bir neçə dəqiqənin içində öyrətdilər. Evdə ov silahı, qoşalüləmiz vardı. Sərhəd rayonu idik, avtomat görmüşdüm, atmışdım hətta. Artıq neçə il idi Ağdama atırdılar, yaralı gəlirdi, lakin döyüş meydanı tamam başqa cürdür, onu nə təsəvvür etmək olar, nə də xəyalında canlandırmaq. Ona görə də ilk dəfə döyüş meydanına girəndə həyəcandan ürəyim döyünürdü. Amma sonradan döyüş meydanında olmağa alışdım.O günlər Mehmanə kəndinə 3 dəfə hücum olmuşdu. Bir dəfə bizimkilər hücum edib, kəndi geri qaytarmışdılar. Sonra ermənilər təkrar almışdılar. Üçüncü dəfə yenə bizimkilər kəndi işğaldan azad etmişdi. O döyüşdə bizim xeyli itkilərimiz olmuşdu. Döyüşdə Daxili Qoşunların xüsusi təyinatlılarından 27-30 nəfəri şəhid olmuşdu. Meyitləri işğaldan azad etdiyimiz ərazidə qalmışdı. İndiyə kimi yadımdadı, fevralın 9-u, bazar ertəsi, axşam tərəfiydi. Döyüşdən sonra Daxili Qoşunların xüsusi təyinatlılarının mayoru həmin əraziyə gəlib xahiş edirdi ki, meyitləri çıxarmağa kömək edək, gözləri yolda qalan ana-bacılarına təhvil verilsin. Elə birinci mən düşüb yanına getdim.Mayor soruşdu, silahın var? Dedim, avtomatım var. Dedi, avtomat olmaz. Çıxarıb tapançasını verdi ki, hər ehtimala yanında olsun, ora təhlükəli zonadır, hər an erməniylə rastlaşa bilərsiz. Mənzərə indiyə kimi gözümün önündədi. Meşənin içindəydik. Qar metr yarım qalxmışdı. Üstü qıpqırmızı qan idi. Meyitlər çox təhqir olunmuş formada idi. Hamısı boylu-buxunlu, iri cüssəli əsgərlər idi. Meyitlər dağınıq haldaydı, hərəsini bir tərəfdən yığırdıq. Orda hətta erməni meyitləri də qalmışdı. Meyitlərimizi daşıyıb “Zil” maşınına yığdıq, aparıb ailələrinə təhvil verdilər. Səhəri gün həmin mayorla rastlaşdıq, tapançasını qaytardım.Beləcə, ilk dəfə qarşılaşdığım mənzərə insan meyitləri və ağ qarın üzərində qırmızı qan ləkələri oldu. Amma nə biləydim ki, məni qarşıda ondan da dəhşətli mənzərələrə şahidlik etmək gözləyirmiş...“Ermənilər əsirlərimizə qarşı təhqiramiz hərəkətlər edirdilər”Həmin ilin yazında Ağdərədən bir qrup döyüşçü Xanlar rayonunun (indiki Göy-göl rayonu) Hacıkənd kəndinə gəlir. 701 saylı hərbi hissə qərargahını orda qurmuşdu. Üç qız - Aliyə Piriyeva, Kəmalə Qəhrəmanova və Xanımzər Həsənova həmin hərbi hissənin kəşfiyyat bölüyündə xidmətə başlayır.- Briqadanın kəşfiyyat xidməti rəisi kapitan Rəhman İsgəndərov bölüyün şəxsi heyətinə 1 ay təlim keçdi, ondan sonra kəşfiyyat əməliyyatına başladıq. Düşmən arxasına keçir, məlumat gətirir, rəhbərliyin, komandanın tapşırığı yüksək səviyyədə həyata keçirilirdi. Kəşfiyyat bölüyü 701-in iştirak etdiyi bütün döyüş əməliyyatlarında da yüksək səviyyədə iştirak etdi.Bir hadisəni danışım. 1993-cü ilin avqust ayı idi. Kəlbəcərə əməliyyata getmişdik. 18 nəfərlik qrup idik - 4-ü istehkamçı, 14-ü kəşfiyyatçı. Kəşfiyyatçılardan 2-i qız idi - Kəmalə və mən. Azərbaycan Silahlı Qüvvələri Kəlbəcər istiqamətində hücuma keçməliydi. Biz də Qamışlı körpüsünü partlatmalıydıq.Getdik, düşmənin arxasına keçib, meşəlikdə gizləndik. Bir kəndin əhatəsindəydik. Orda ermənilər əsir qızlarımızı, kişilərimizi işlədir, xoşagəlməyən, təhqiramiz hərəkətlər edirdilər. Biz də görürdük, əsəbdən ürəyimiz partlayırdı, amma nəsə edə bilməzdik, yoxsa yerimizi müəyyənləşdirə bilərdilər. Çox ağır mənzərə idi. Amma bizimlə gedən kəşfiyyatçıların bəziləri gördükləri səhnəyə dözmədilər və yolda 4 ermənini güllələdilər. Atışma başladı. Ermənilər bizi mühasirəyə aldı. Hərə bir tərəfə dağılışdı. Minaları körpüdə basdırmaq üçün döyüş sursatımız vardı. Gördüm hərə bir tərəfə qaçıb, qalmışam tək, döyüş sursatı da ortalıqda.Ani beynimdən keçdi ki, döyüş sursatına nəsə olsa, əməliyyat uğursuzluqla nəticələnəcək. Başımı qaldırdım ki, Kəmalə mən tərəfə gəlir. Köməkləşib döyüş sursatını sürüyüb təhlükəli ərazidən çıxarmağa başladıq. Onda yüzdə yüz əsir düşmə ehtimalımız vardı. Fikirləşdik ki, əsir düşsək, “F1” qumbarası ilə özümüzü partladarıq. 5-10 metr getmişdik ki, gördük döyüş yoldaşlarımızdan ikisi – Filman və Fəxri bizə sarı qayıtdı. Orda təbiət sözün əsl mənasında bizə kömək elədi. İnanılmazdı, amma qəfildən möhkəm dolu başladı və ətrafı duman bürüdü. O yarım saatlıq fürsətdən istifadə edərək, təhlükəli ərazini sürətlə tərk etdik. Bir məqamı da qeyd edim. O vaxt sən demə, Kəlbəcər camaatından kənddə qalan 4 qadın, 2 kişi var imiş, kənddən çıxmaq üçün yol tapmırdılar.Çünki erməni postunun harada olduğunu bilmirdilər. Demə, atışmanın səsini eşidiblər, biliblər azərbaycanlıyıq və izimizə düşərək, biz keçdiyimiz yolla erməni postunu keçiblər. Amma öz postumuzdan keçə bilməyiblər. Çünki biz parolla keçirdik, onlar parolu bilmirdilər. Bizimkilər postda onları saxlamışdı. Sonradan Kəlbəcər İcra Hakimiyyətindən və yaşadıqları kəndin rəsmi nümayəndələri gəldi, sual-cavab elədilər, məlum oldu ki, həqiqətən də bizimkilərdir. Beləcə, o 6 kəlbəcərli ermənilərin mühasirəsindən çıxdı.“Yol qırağında otlayan inəyimizi tanıdım, onun sayəsində ailəmi tapdım”1993-cü ilin avqust ayında Murovdağda döyüş olur. Hər iki tərəf çoxlu itkilər verir. Amma bir döyüş yoldaşının ölümü Aliyəni hamıdan çox sarsıdır. O qədər çox ki, bu gün də o hadisələri danışanda göz yaşlarını saxlaya bilmir:- Çoxlu itkilərimiz olmuşdu. Dəfələrlə ölüm görmüşdüm, şəhid vermişdik. Amma Bəhruz Sultanovun ölümü məni xeyli sarsıtdı. Eyni bölükdə xidmət edirdik. Məndən yaşca kiçik olduğu üçün onunla çox mehriban idik, mənə əsl dost, qardaş idi. Murovdağda döyüş zamanı Bəhruzu boğazından vurdular. Təsəvvür edin, əlilə yaralı boğazından tutub həkimlərə sarı qaçır və qaçarkən başını silkələdikcə qan da eyni istiqamətdə yağış kimi yağaraq fışqırırdı.Amma ölmədi, Gəncə Hərbi Hospitalına apardılar. Əməliyyat olundu. Hardasa 1 həftəydi artıq müalicə alırdı. Bir neçə dəfə xəstəxanaya yanına da getmişdik. Həmin vaxt bizim kəndimiz işğal olunmuşdu. Radioda məlumat getdi ki, ermənilərin hücumu nəticəsində Ağdamın 3 kəndi işğal edilib, yerlə-yeksan olub, əhalisi vəhşicəsinə qətlə yetirilib. O kəndlərdən biri də bizim kənd idi. Mənim ailəm, bütün qohum-əqrəbam orda yaşayırdı. Ailəmi tapmaq üçün hərbi hissədən ora ezam olundum. Onda Surət Hüseynov çevriliş etmişdi. Yollar bərbad gündəydi. Camaat Bərdə-Ağdam yoluna səpələnmişdi.Yolların kənarında çadırlarda qalırdılar. Bir həftəydi ki, ailəmi axtarırdım. Artıq son ümidimi də itirmişdim, çünki günlərdi yollardaydım, heç kimi tapmırdım. Elə bilirdim elə yer üzündə tək-tənha qalmışam. Sarı “Paz” markalı avtobusda fikirli-fikirli, ümidsiz vəziyyətdə yol gedirdim. Birdən yolun qırağında inəyimizin otladığını gördüm. Üstündəki qara zolaqlardan tanıdım. Bəlkə də çoxlarına inandırıcı gəlməz, amma məhz öz heyvanımız sayəsində ailəmi tapa bildim. İnəyimizi görəndə sürücüyə qışqırdım ki, tez saxla maşını. Dedi, qoy bir kənara verim sonra. Gözləmədim, özümü avtobusdan yerə atdım.Dizim də zədələndi. Ətrafdakı adamlardan heyvanların sahibini soruşdum. Dedilər 200-300 metr aralıda çadırda yaşayırlar. Getdim gördüm nənəm sacın üstündə lavaş salır. O qədər sevinmişdim onları sağ-salamat tapdığım üçün. Atam yox idi, yanacaqdoldurma məntəqəsində işləyirdi. Bir az sonra atam gəldi, üstü bütün benzin idi. Dedi, ermənilər raket atdılar, məntəqəni partlatdılar. Ailəmi çadırda qoyub, səhəri gün hərbi hissəyə qayıtdım. Gördüm bölükdə matəm ab-havası var.Soruşdum nə olub? Dedilər Bəhruz rəhmətə gedib. Demə, qan köçürülən zaman yoxlanmamış qan vurublar, o da bədənə zəhərlənmə vermişdi. Onun ölümü mənə həddindən artıq pis təsir elədi. Bu dəqiqə də başını silkələyəndə qanın ətrafa necə yağış kimi yağması gözümün qabağından getmir. Hazırda Nərimanov rayonunda 34 saylı məktəb Bəhruz Sultanovun adını daşıyır.“Elə oturduqları yerdə ağ alt paltarında donmuşdular”1994-cü ilin əvvəlində Kəlbəcər rayonun işğaldan azad olunması istiqamətində döyüşlər keçirilir. Kəlbəcərin 14 kəndi ermənilərdən təmizlənir. Ancaq fevralda Kəlbəcərdə vəziyyət yenidən pisləşir. Döyüşçülərimiz mühasirəyə düşür. Bəziləri mühasirədən çıxa bilsə də, çoxları orada şəhid olur. Məhz bu döyüş Aliyə Piriyeva üçün ən çətin döyüş olur.- 1994-cü ilin aprelində Füzuli rayonu istiqamətində döyüşlər başladı, bizi ora göndərdilər. Füzuli rayonunun Horadiz qəsəbəsi və bir neçə ətraf kəndlər düşmən işğalından azad edildi. Lakin bu zaman Ağdam rayonu istiqamətində vəziyyət çətinləşdi. Dedilər, ermənilər Bərdə-Ağdam-Ağcabədi-Tərtər dördyolunu vurur, bizi gecə ilə Füzulidən Ağdama göndərdilər. Ondan öncə “Murovdağ” əməliyyatı oldu. Amma mənim üçün ən çətin və ağrılı döyüş Kəlbəcərdə keçib. Döyüşdə ölmək, yaralanmaq, şikəst olmaq bir başqa şeydi - bu, müharibənin qanunudu. Təbiətin bütün şəxsi heyəti qırması isə bir başqa şeydi – dözülməzdi.Dekabr-yanvar aylarında qarın-şaxtanın içində Murovdağ əməliyyatında Murovdağı aldıq, Kəlbəcərin 14 kəndini düşməndən azad etdik. Elə bil bayram əhval-ruhiyyəsindəydik. Fevralda hadisələr bizim əleyhimizə işləməyə başladı. Təbiət bizə müharibə elan etdi sanki. Hava çox sərt idi, şaxta artmışdı, qar güclənmişdi. O cür havada Murov yolu bağlandı, erməni arxanı kəsdi - Murovdağ və Kəlbəcər ərazisini tanıyanlar bunun nə demək olduğun çox gözəl başa düşərlər - briqada mühasirəyə düşdü.Mühasirədən o adamlar çıxa bildi ki, fiziki hazırlığı vardı, sərt təbiətə bədəni dözürdü. Xidmət keçdiyimiz – Azərbaycan ordusunun ilk briqadası olan 701 saylı briqadanın şəxsi heyəti mühasirədən çıxa bildi. Çünki təcrübəliydi, təlim görmüşdü, təbiətə öyrəşmişdi, Murovdağda döyüşmüşdü. Yeni gələn şəxsi heyət isə itki verdi. Əksəriyyət küçədən yığılıb gətirilmiş, heç bir təlim görməmiş, avtomatın çaxmağını belə, çəkə bilməyən gənclər idi. Təbiət onları qırıb, tökdü, hamısı donub öldü. Mənə nə ağır gəlirdi? Eləsi vardı həyat yoldaşını doğum evinə qoyub qayıdanda küçədən tutub gətirmişdilər. Heç bilmirdi dünyaya gələn övladı qızdı, ya oğlan.Eləsi vardı nişanlıydı, yaxud övladı olmuşdu, üzünü görməmişdi. Şaxta o qədər güclüydü ki, oturdunsa, deməli, ölüm mələyin gəldi. Hərəkətdə olanda qan isti olur. Oturanda qan donur, bədəndə qan dövranı dayanır və hissiyyat ölür. Oturan kimi yuxu aparırdı adamı. Bir yandan şaxta, digər yandan da aclıq, susuzluq, geyim. Elələri vardı ki, gəlib görmüşdük qrup şəklində geyimlərini soyunub, qızınmaq üçün ocaq qalayıblar, elə oturduqları yerdə ağ alt paltarında donmuşdular.Şəxsi heyətin çox hissəsinin əli, qolu kəsildi, burnu, qulağı düşən oldu. Mənim ayaqlarımı don vurmuşdu. İndi də yaz və payız aylarında, fəsil dəyişəndə don vuran hissələr yenidən açılıb, iltihablaşıb, ağrı verir. 1994-cü ilin aprel-may aylarında Murovdağda qar əriyəndə qayalardan meyitlər sallanırdı. İmkan daxilində o meyitlər yığılıb, ailələrinə təhvil verildi.“Sevdiyi qıza nişan üzüyü almışdı, minaya düşüb şəhid oldu”1994-cü il mayın 12-də Azərbaycanla Ermənistan arasında atəşkəs elan olunur. Həmin yay Aliyə yenidən tarix fakültəsinə sənədlərini vermək istəyir. Lakin hərbi hissə rəhbərliyindən tapşırıq gəlir ki, döyüşdə fərqlənən əsgərlər Bakı Ali Hərbi Dənizçilik Məktəbinin nəzdində zabit-siyasi işçi hazırlayan kurslara göndərilsin. Bu dəfə də gənc qızın tarix müəllimi olmaq arzusu ürəyində qalır.- Kursa getmək üçün əsgərlər yığılanda dedim, mən getmirəm. Sənədlər kadrlar bölməsinə gedəndə hərbi hissə komandirinin birinci müavini mayor Qorxmaz Qarayev görür, mənim adım yoxdu.Soruşur, Piriyevanın sənədləri hanı? Cavab verirlər ki, o, getmək istəmədi, APİ-yə sənəd verəcək. Kadrlar bölməsinin rəisini yanına çağırıb deyir ki, indi Azərbaycan xalqına müəllim yox, zabit lazımdır, Piriyevanın sənədlərini yığ, göndər. Mən, Kəmalə və Xanımzər o kursda iştirak etdik. Bizə leytenant – ilk zabit hərbi rütbəsi verildi. Ondan sonra qızlarla yollarımız ayrıldı.Xanımzər Müdafiə Nazirliyində xidmətə başladı. Kəmaləylə mən hərbi hissəyə qayıtdıq. Və mən mühəndis istehkam bölüyünün şəxsi heyəti üzrə komandir müavini kimi xidmətə başladım. 2 ilə yaxın bu vəzifədə xidmətdə oldum. O 2 il ərzində müxtəlif hadisələr oldu. Ancaq iki hadisə məni o qədər çox ağrıtdı ki, bütün həyatım boyu yadımdan çıxmaz.Belə bir ifadə var: istehkamçılar həyatlarında iki dəfə səhv edirlər – bir bu sənəti seçəndə, bir də mina partlayanda. 3-cü şans heç bir zaman olmur. 1994-cü ildə müəyyən kəndləri işğaldan azad eləmişdik. Orda minalar basdırılmışdı. Çox dərin basdırıldığına görə zaman-zaman onlar üzə çıxırdı, partlayış olurdu.Biz də həmin əraziləri minadan təmizləyirdik. Çox vaxt mən də şəxsi heyətlə birlikdə gedirdim. Getməyəndə isə onları özüm yola salıb, özüm qarşılayırdım. Bir gün əməliyyata getmək haqqında göstəriş verildi. Hazırlaşıb getdik. Qrup rəhbəri mən idim. Qrupa mühəndis istehkam bölüyünün mühəndis istehkam taqımının komandiri leytenant Yunis Mirzəyev də daxil idi. Mən onun komandiriydim. Bir-birimizə böyük hörmətimiz vardı. Yolda dedi, cənab leytenant, bəlkə siz getməyəsiniz, geri qayıdasınız? Dedim yox, hamımız gedəcəyik. Ağdam ərazisində mina partladı. Düşmən təxribatı idi. Düşmənlə bizim aramızda neytral ərazidə bir dəfə mina partlamışdı.Bizimkilər gedib yenisini basdırmışdılar. Ermənilər minanın “jilkalarını” bir-birinə bağlayıblar. Yenidən basdıranda külək vurub partlamışdı. Bircə onu bildim ki, məni nəsə götürdü, top kimi çırpdı yerə. Yerə necə düşməyimdən xəbərim də olmayıb. Məni minanın dalğası tutmuşdu. 2-3 qəlpə çiynimdən, ayağımdan dəymişdi. Qəlpələri 10 il sonra Mərkəzi hərbi hospitalda çıxartdılar. O vaxt çıxarsaydılar, şikəst qala bilərdim. Gözümü hospitalda açdım. Özümə gələn kimi Yunisi soruşdum.Dedilər sağdı, qonşu palatadadı. Amma mən hələ gəzə bilmirdim, reanimasiyadaydım. Bölük komandiri yanıma gəlmişdi. Dedim, məni aparın Yunisin yanına. Birdən başladı hönkürməyə. Onda bildim ki, ölüb. Ağlaya bilmədim. Ağlamağa gücüm də çatmadı. Ən çox ona görə sarsıldım ki, sevdiyi qız vardı. Nişan üzüyü, qızıl dəsti də almışdı. Toy eləməyə hazırlaşırdı. Amma arzuları yarımçıq qaldı. Toyuna yox, yasına getdik.“Onu qoruya bilmədiyimə görə özümü çox qınadım”Bir də Ədalətin ölümü məni çox ağrıtdı. O əməliyyata mən getməmişdim. Amma əsgərlər sağ-salamat geri qayıtdılar. Maşından düşdülər. Əməliyyat zamanı ərazidən aşkar edilmiş tank əleyhinə minaları yeşiklərə yığıb gətirirdilər. Nədənsə Ədalət minalardan birini əlində gətirirdi. Körpünün üstünə çatanda ayağı büdrədi, əlindəki mina yerə düşüb partladı.Partlayışın dalğası məni itələyib çırpmışdı piyada əleyhinə mina basdıran maşına. Gözümü açanda gördüm üzüm-gözüm sıyrılıb. Ədalətin boğazının hulqum hissəsi düşmüşdü üstümə. Mən ilk dəfə onda ağlamışam. Özü də qışqıra-qışqıra, hönkürtüylə. Anası rəhmətə getmişdi, atası ikinci dəfə evlənmişdi. Sonra atası da ölmüşdü. Analığından şikayət eləmirdi, amma həmişə deyirdi anamı arzulayıram. Elə bilirdim o uşağı qorumaq mənim missiyamdı. Onu qoruya bilmədiyimə görə özümü çox qınadım... Bu iki ölüm məni ömür boyu yandıracaq.Bilirsiz, ümumiyyətlə, döyüş bölgəsi ölüm saçır. Hər gün ölüm-itimlə qarşılaşırdıq, hər gün hansısa əzizimizi şəhid verirdik. O qədər çətinliklər, problemlər olurdu, təhlükəli şəraitə düşürdük. Bu yaxınlarda bir hərbi qulluqçu qızla danışırdım. Ayağının ölçüsü 35-dir, şikayət edirdi ki, o ölçüdə “botinka” olmur, bəs nə geyinim?Dedim, mən Murovda döyüşə 43 ölçü çəkmə ilə getmişəm. Beyin döyüşə o qədər yönəlmişdi ki, bilmirdim ayağımdakı ayaqqabı hansı ölçüdədi. Əgər sən hərbçi olmaq istəyirsənsə, bütün çətinliklərə dözə bilməlisən. İndi ordumuz hər şeylə təmin olunub, təchizat, yemək, şərait, geyim, texnika var, mobilləşmə gedir. O vaxt şərait çox pis idi.Ölkə yeni müstəqillik qazanmışdı. Müdafiə Nazirliyi yeni yaradılırdı. Aclıq, səfalət idi, təchizat, texnika çatışmırdı, daşınma zəif olurdu. Olanı da vaxtında çatdırıb gətirmirdilər. Günlərlə çörək olmurdu. Una kül qatılmış çörək yemişik, ağzımız yara olub. Vaxt olub ki, kəşfiyyat əməliyyatında qida tükənib, 18 nəfər 1 kömbə çörəklə günü başa vurmuşuq.Müharibədə aclıq da, susuzluq, çətinlik də olar. Sadəcə ona sinə gərməyi bacarmaq lazımdı. Amma o qədər çətinliyə rəğmən, mən heç vaxt ağlamamışdım. Ağlamağa vaxt olmurdu heç, yadımıza düşmürdü. Müharibə göz yaşlarımızı qurutmuşdu. Bəlkə hadisənin içindəydik, dərk eləmirdik ona görə. Bəlkə döyüş bizi sərtləşdirmişdi. Bircə dəfə ağlamışam, o da Ədalət öləndə. Amma indi adi sözdən də ağlaya bilirəm. Hansısa hadisə, hansısa döyüş yoldaşım yadıma düşəndə göz yaşlarımı saxlaya bilmirəm. “Azərbaycan qadınından zabit çıxmaz, onun ən yaxşı işi mətbəxdə bozbaş bişirməkdir”Aliyə Piriyeva 1996-cı il fevralın 7-ə kimi mühəndis istehkam bölüyünün şəxsi heyəti üzrə komandir müavini olaraq xidmət edib. O vaxtkı müdafiə naziri əmr imzalayır ki, qadın zabit və gizirlər arxa cəbhəyə göndərilsin, əsgər və çavuşlar isə ordudan tərxis olunsun. Amma nədənsə Aliyə arxa cəbhəyə göndərilmir, ordudan tərxis olunur. Elə bundan sonra həyatının ən çətin dövrü başlayır.- Müdafiə nazirinin şəxsi heyət üzrə müavini polkovnik Mehman Səlimov məni arxa cəbhədə yerləşdirməyib, tərxis elətdirdiyi üçün qəbuluna getdim. Mənə qarşı kobud davrandı, tikanlı sözlər dedi.Dedi, Azərbaycan qadınından zabit çıxmaz, onun ən yaxşı işi mətbəxdə bozbaş bişirməkdir. O vaxt MN-in Kadrlar İdarəsinin rəisi polkovnik Məmməd Beydullayevin də qəbuluna getdim. Dedim, mən axı dünənə kimi döyüşürdüm. O da dedi, bura ianə paylayan müəssisə deyil, sən də dilənçi deyilsən.Dünənə kimi sən bizə lazım idin, bu gün lazım deyilsən. Bu sözlər içimdə sağalmaz bir yara əmələ gətirdi. Ondan sonra həyatım söndü, çox çətinliklər gördüm. Mən müharibəyə gedəndə 5 otaqlı daş evdən getmişdim. Qayıdanda Ağcabədi rayonu ərazisində almanlar tərəfindən salınmış qaçqın düşərgəsinə - alman çadırına qayıtdım. Evdə atam xəstəydi, özümdən kiçik 4 bacım vardı. Qardaşım məndən də qabaq müharibəyə getmişdi. Amma döyüşdə bir əlini itirmişdi deyə tərxis olunmuşdu. 2-ci qrup Qarabağ əlilidi. Başa düşdüm ki, ailə mənim üstümdədi, o yükü çəkməliyəm. Yeri gəldi çörək sexində fəhlə, paltar sexində paltar ütüləyici işlədim. Özü də gecə növbəsində işləyirdim, çünki pul daha artıq verilirdi.Məktəbdə xadimə işlədim, şərf və papaq toxuyub satdım. Bunların heç birindən də utanmıram. 2003-cü ildə keçmiş komandirlərimdən biri yanına çağırıb dedi ki, Ali Hərbi Məktəbə qızların qəbulu başlayıb. Onlara dərs demək üçün təcrübəli qadın hərbi qulluqçu lazımdır. 2003-cü il yanvarın 13-dən 2006-cı il sentyabrın 13-ə kimi orda komandir əvəzi kimi işlədim. 2006-cı ilin mayında televizorda Dövlət Sərhəd Xidmətinə qadın hərbi qulluqçuların qəbulu ilə bağlı elan eşitmişdim. Düzdür, yaşım keçmişdi, 32 yaşım vardı, inanmırdım qəbul etsinlər. Amma yenə də içimdə bir ümid işartısı yaranmışdı. Bəlkə də həyatda son ümidim idi.Mandat Komissiyasının iclasında qəbul zamanı Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev mənə bircə sual verdi. Heç qoymadı digərləri sual versinlər. Başqalarına 15-20 dəqiqə vaxt ayırdıqları halda mənə cəmi 2 dəqiqə vaxt ayırdılar. Bayıra çıxanda son ümidim də öldü. Amma axşam zəng gəldi ki, shaqqınızda müsbət qərar qəbul edilib, gəlin göndərişi götürün və tibbi komissiyadan keçin. Bu gün burada şöbə rəisiyəm, polkovnik-leytenant rütbəsindəyəm.Bundan sonra nə olacaq, onu da bilmirəm. Bir onu deyə bilərəm ki, bura sənəd verəndə həyatın mübarizəsindən yorulub usanmışdım. Hara gedirdimsə, keçmişimi, döyüşməyimi ləkə kimi üzümə vururdular. Sanki pis bir iş tutmuşdum. İnsanların sənə qarşı laqeydliyi bir tərəfə, biləndə döyüşmüsən, sənin özün üçün şərəf, ləyaqət bildiyin nəsnəyə ironik ifadələr, atmacalar atırdılar, kinayə ilə yanaşırdılar. Bunlar insanı çox ağrıdırdı, fiziki yox, mənən tükəndirirdi.Çalışırdım dik durum, sınmayım, amma içimdə açılan yaralar məni çox incidirdi. Bəzən o qədər tükənmişəm ki, müharibədə şəhid olanlara qibtə etmişəm, onları daha şanslı bilmişəm. Fikirləşmişəm ki, heç kimə lazım deyiləm. Və Dövlət Sərhəd Xidmətinin qapısını döyəndə bura mənim son yaşam ümidim idi. Çox sağ olsun, Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev mənə zabit kimi də, insan kimi də ikinci şans verdi. Həyatımda yeni səhifə açıldı.Bu günümə şükür. Səhəri ümidlə açmağa, sabahımı düşünməyə səbəbim var. Çünki xoşbəxtəm. Xoşbəxtəm ki, xalqıma, dövlətimə xidmət edirəm. Etiraf edim ki, küçədə təəccüblə baxıb deyəndə, “qadın polkovnik-leytenant”, yaxud maşından başlarını çıxardıb diqqətlə “paqon”uma baxanda qürurlanıram. Bu, yaşam səbəbim ola bilir.“Mənim də qismətim Qarabağ müharibəsində şəhid oldu”Ailə qurmayıb Aliyə xanım. Ürəyincə olan, özünə uyğun gördüyü, bəlkə xəyal etdiyi, arzuladığı birilə rastlaşmayıb. Və sadəcə ailə xətrinə ailə qurmaq istəməyib.- Döyüş bölgəsində mənə sevgi etirafı edən olmamışdı. Xarakterim çox sərt idi, bəlkə ona görə cəsarət edib açmayıblar ürəklərini. Bir də ki, ayağında çəkmə, əynində buşlat, başında əsgər papağı olan qıza kim ürəyini açar? Bir hadisəni danışım. 1995-ci il idi. Bir gün məni çağırdılar ki, rəhbərliyin tapşırığı var, təcili korpusa getməlisən.Ağdamda cəbhə xəttində asfaltı əridib, tank əleyhinə mina basdırırdım. Asfalt əriyib yandıqca hisi məni vurmuşdu. Təcili olduğu üçün əməliyyatı başa çatdırıb, elə o geyimdə maşına oturub, gəldim korpusa. Kadrlar şöbəsinin rəisi mayor Yaşar Cəfərovun kabinetinin qapısını döyüb, girdim içəri. Özümü təqdim elədim. Dedi, sənsən Piriyeva? Bu nə üst-başdır, bu nə qız görkəmidir? Sənin yiyən, sahibin yoxdu? Ailə tərbiyəsi görməmisən? Təmizlik, gözəllik, nədi bilmirsən? Bu nə his-pasdı, bu nə çəkmədi?Tutuldum. Dillənə də bilmədim ki, mən axı əməliyyatdan birbaşa korpusa gəlmişəm. Birdən qapı döyüldü, içəri rus xanım girdi. Mayor qayıtdı ki, tanış olun, Nataşa xanım - böyük leytenantdır (o vaxt baş leytenanta böyük leytenant deyirdilər). Görürsüz, necə zəriflik, gözəllik yağır, adam ona baxanda zövq qalır. Belə baxdım, dedim ola bilər, ancaq o, Nataşadı, mən Aliyəyəm, o, rusdu, mən azərbaycanlıyam.Qapını çırpıb, çıxdım çölə. Zərbə almışdım həqiqətən. Bəlkə də güllə yarası alsaydım, məni o qədər incitməzdi. Dəhlizdə korpusun mühəndis xidməti rəisi kapitan Anar Kərimovla qarşılaşdım. Soruşdu, Aliyə, nə olub sənə? Danışdım əhvalatı. Getdi korpus komandiri general-mayor Kərim Vəliyevin yanına. O da mayor Yaşar Cəfərovu çağırıb məzəmmət elədi, haqqımda xoş sözlər dedi. Və mayor məndən üzr istədi.Desəm ki, bu vaxta qədər qarşılaşdığım insanlar olmayıb, mənə münasibət bildirməyib, yalan olar. Açığı deyim ki, ürəyimcə olan, özümə uyğun gördüyüm insanla rastlaşmadım. Və sadəcə olaraq ailə xətrinə ailə qurmaq istəmədim. Məni mən olaraq, həm mənəvi, həm fiziki olaraq qəbul edən, başa düşən biri olmalıdır. Hərənin bir qisməti var. Hesab edirəm ki, mənim də qismətim Qarabağ müharibəsində şəhid olub.“Müharibənin ümumiyyətlə, insan siması yoxdur”Xanım polkovnik-leytenant 22 ildir döyüş bölgəsindən ayrılsa da, müharibə, döyüş nə beynindən, hafizəsindən silinir, nə də yuxularından çıxır.- Döyüşlər, müharibənin dəhşəti, illərdir yuxularımdan çıxmır. Ağdamda mina partlayanda kontuziya almışdım. Reanimasiyada olanda yuxuda gördüm bir çəmənlikdəyəm. Səma masmavi və aydın idi. Gördüm leytenant Yunis Mirzəyev ordadır, başı göy sarıqla sarınıb, əynində yaşıl xəstəxana paltarı var.Qolunun biri sarıqlıdı, biri də yoxdu. Deyirəm, Yunis, sən yaralanmısan ki. Başlayırıq söhbət eləməyə. Mənə deyir, çıx get burdan. Deyirəm niyə axı, oturmuşuq da, söhbət edirik. Deyir, yox, bura sənin yerin deyil, çıx get burdan. Məni itələyə-itələyə çıxardır. Bir də qayıdıram. Qayıdanda ağır yumruqla çiynimdən vurur. O yumruq məni o qədər incitdi ki, ayıldım.Məlum oldu ki, yanımdakı xəstə gipsli qoluyla çiynimə vurubmuş, ağrının şokundan ayılmışam. İndi də tez-tez yuxuda özümü yaralanmış görürəm. Müharibədə bomba, raketlər atılanda tez yerə uzanırdıq. Yuxuda ən çox o səhnəni görürəm. O qədər real olur ki, dəfələrlə özümü yatdığım çarpayıdan çırpmışam yerə... Bir də yuxuda görürəm ki, şəhid olan döyüş yoldaşlarımızın hamısı sağdı, elə sevinirəm.Dünya şöhrətli yazıçı Svetlana Aleksandrovna Aleksiyeviçin “Savaşın qadına aid olmayan siması” əsərində müəllif deyir ki, müharibənin qadın siması olmur. Mən isə deyirəm ki, müharibənin ümumiyyətlə, insan siması yoxdur, nəinki qadın və ya kişi. Müharibə həqiqətən də dəhşətli anlayışdı.Mənim üçün müharibə oğulsuz anadı, yetim uşaqdı, dul qadındı, nişanlı qalmış qızdı. Arxasında ancaq dəhşət, faciə saçır. Müharibədə iştirak edən adam fiziki cəhətdən yaralanmaya bilər. Amma kişiliyindən, qadınlığından asılı olmayaraq, bircə dəfə belə, döyüşdə olan adam mənəvi cəhətdən mütləq yaralanır. Və o yara heç vaxt sağalmır. Zahirən o döyüşçülər dik durur, məğrur olur, amma daxilən yaraları həmişə qanayır, heç vaxt qaysaq bağlamır.Mənim insanlardan bir xahişim var, bilsələr ki, qarşılarındakı müharibədə olmuş biridir, onunla həssas davransınlar, yaralarını qanatmasınlar, anlayış göstərsinlər. Onlara təsəlli üçün bir kəlmə xoş söz də bəsdir. Çoxları səni daxilən necə yaraladığını da bilmir. Bəzən elə adamlar olur ki, hansısa acı sözlə o yaraya toxunub, yenidən qanadırlar. Biz döyüşə atılanda müharibəyə gedən qızlara yaxşı baxmırdılar. Ancaq indi atalar qızlarının, qardaşlar bacılarının, ərlər xanımlarının əlindən tutub hərbi xidmətə qəbul üçün gətirirlər. Bu, çox yaxşı haldır. Tərxis olunub geri qayıdanda cəmiyyətin bəzi nümayəndələri bizə deyirdilər, guya neynəmisiz ki, torpağı satmısız da. Sizdən xahiş edən varıydı gedirdiz müharibəyə? Bilmirlər ki, Azərbaycan ordusu erməniyə qarşı yox, böyük bir imperiyaya qarşı mübarizə aparırdı. Özü də imperiya dövrünün müasir silahlarıyla silahlandığı halda, bizimkilər baltayla, yabayla, daha sonra avtomatla döyüşməyə başladı. Ermənilər qrad qurğularından raket atanda biz avtomatla, pulemyotla yeni-yeni silahlanırdıq.İstəyirəm xalqımız bilsin ki, Azərbaycan əsgəri əsl qəhrəman kimi döyüşüb. 20 faiz torpağımız işğal olunsa da, əsgərimiz vətən, xalq qarşısında alnı açıq, üzü ağdı. Döyüşmək üçün tək silah yox, mənəvi güc də olmalıydı. Biz özümüzdə mənəvi güc tapıb, düşmənə qarşı mübarizə aparmışıq. Sonrakı döyüş əməliyyatları da bunu göstərdi ki, Azərbaycan xalqı döyüşkən xalqdır. Aprel döyüşləri, Günnüt kəndinin bizim əsgərlərin nəzarətinə keçməsi də bunu təsdiq elədi.İnanıram ki, biz metr-metr, kəndbəkənd, şəhərbəşəhər torpaqlarımızı geri alacağıq. Sülh olmasa, müharibə başlasa, içi mən qarışıq hamımız əlimizə silah almağa hazırıq. Hərbiyə qayıtmağımın bir səbəbi də o oldu ki, müharibə başlayanda mülki şəxs kimi kənarda qalmayım. Aprel döyüşlərində idarə rəisimə raport yazdım ki, gedirəm döyüşə. Axşam evdə çantamı yığırdım. Elan etdilər ki, atəşkəsdi. Mənim ailəm indi də Ağdamda yaşayır. Kəndimiz minalardan təmizlənəndən sonra evimizi təzədən tikib köçdülər ora. Evdən də zəng eliyib dedilər, döyüş dayanıb. Məyus oldum ki, hazırlığım yarımçıq qaldı.“Ayaqyalın qayıdaram Qarabağa”... Müharibəyə gedəndə 19 yaşlı gəncin nə xəyalları olarsa, mənim də o cür xəyallarım vardı. Sadə, dəbdəbədən uzaq, saf kənd qızının xəyallarıydı. Ən böyük arzum isə sadə kənd müəlliməsi olmaq, uşaqlara tarixi öyrətmək idi. O arzum heç vaxt göyərmədi, içimdə qaldı. Düzdür, müharibədən sonra ali təhsil aldım, ali təhsilli hüquqşünasam.Amma əvvəlki şövq, yanğı qalmamışdı içimdə. Necə ki, müharibə mənim hər şeyimi əlimdən alıb, yandırıb yaxdı, eləcə də müəllimlik arzumu ürəyimdə qoydu. İndi isə mənim bir arzum var – Qarabağın işğaldan azad olunması. Ən azından orda şəhid olan döyüşçülərimizin ruhlarını sevindirmək üçün bunu etməliyik.Və mən inanıram ki, Azərbaycan Respublikasının Prezidenti cənab Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə biz bunu bacaracağıq, Qarabağı geri alacağıq. O inam olmasa, ölərəm, yaşaya bilmərəm. Bizim gücümüz yetəcək və mən o günü görəcəm. Bir dəfə bir polkovnik mənə sual verdi ki, nə vaxtsa Qarabağ geri alınsa, gedərsiz? Dedim, Bakı heç vaxt mənim yaşamaq üçün arzuladığım yer olmayıb. Mən burda hər şeyimi qoyub, ayaqyalın qayıdaram Qarabağa.Yatmağa yerim olmasa, torpağın üstündə yataram. Təki yenidən ayağım o torpaqlara dəysin, oranın havasını udum, suyunu içim. Təki yenidən yaylağa gedən köçü izləyim. Mən dəvələrin boynundakı o zınqırov səsini eşitmək üçün hər şeyimdən keçərəm.BAKU.WS

Oxşar xəbərlər

Mədət Quliyev və Elçin Quliyev veloyürüşdə – FOTO

Mədət Quliyev və Elçin Quliyev veloyürüşdə – FOTO

Bu gün Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Heydər Əliyev adına Akademiyasının nəzdindəki Velosiped idman klubu tərəfindən Azərbaycan Xalq Cümhuriyyətinin yar...

2743 Şou-biznes 11:36 28 may 2018

Son xəbərlər