SİZİN REKLAM BURADA!
055 213 76 73


44 günlük Zəfər yürüşündə qəhrəmancasına döyüşərək şəhid olan Quliyev Elçin Etibar oğlunun ad günündə xatirəsi anılıb. Şəhidin məzarı ziyarət olunub, ruhuna dualar oxunub.

BAKU.WS xəbər verir ki, Elçin Quliyevin ad günündə şəhidin ailəsi ilə bərabər rayon icra hakimiyyətinin əməkdaşları, Elçinin döyüşçü yoldaşları, rayon ictimaiyyəti iştirak ediblər.

Çıxış edənlər Azərbaycan tarixinə yazılan şanlı qələbədən və bu yolda canını fəda edərək şəhidlik zirvəsinə ucalan qəhrəman oğulların şücaətindən söhbət açıb.

Bildirilib ki, bu qəhrəmanlıq dastanında payı olan igidlərimizdən biri də şəhid Elçin Quliyevdir. Elçinin şərəfli ömür yolundan söhbət açanlar bildirib ki, o, 2001-ci ilin avqustun 24-də İmişli rayonunun Məzrəli kəndində dünyaya gəlib.

Hələ azyaşlı vaxtlarından Vətən sevgisi ilə döyünən ürəyə sahib olan Elçin hər zaman öz yaşıdlarından seçilib. Vətən müharibəsində şücaəti ilə seçilən Elçinin ilk döyüş yolu Suqovuşan istiqamətindən başlayıb. Bir çox uğurlu tapşırıqlarda Elçin qəhrəmanlığı ilə seçilib.

Gərgin döyüşlər zamanı son damla qanına qədər qəhrəmancasına döyüşərək şəhadətə ucalıb. Şəhidimizin dəfn olunduğu Məzrəli kənd qəbiristanlığında Şəhidlər abidəsi yad edildikdən sonra Elçinin məzarı ziyarət edilib, önünə gül-çiçək dəstələri qoyulub və ruhuna dualar oxunub.

Ziyarət zamanı çıxış edənlər qeyd edib ki, şəhidlərimizə, Qarabağ müharibəsi əlillərinə, onların ailələrinə qayğı dövlətin daim diqqətindədir.

Vətən müharibəsində Azərbaycan gəncliyi vətənpərvərliyini, əzmini bütün dünyaya göstərdi. Şəhidlərimizin daim xatirələrdə yaşayacaqları və unudulmayacaqları vurğulanıb.

Qeyd edək ki, Elçin Quliyev döyüşlərdə göstərdiyi şücaətlərə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq Sərəncamlarına əsasən, ölümündən sonra “Vətən uğrunda”, “Cəsur döyüşçü” və “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif edilib.

BAKU.WS
QALEREYA