SİZİN REKLAM BURADA!
055 213 76 73


Şəhid atasının şəklini qucaqlayan gözüyaşlı körpə Zəhranın bu günlərdə sosial şəbəkələrdə paylaşılan fotosu torpaqlarımızın azad edilməsi uğrunda canını qurban vermiş daha bir igidimizi bizlərə tanıtdı. Həmin fotodakı igidimiz Xocavəndin Tuğ kəndi istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuş 29 yaşlı kapitan Rəşad Əliyev idi.

BAKU.WS Virtualaz.org-a istinadla xəbər verir ki, Salyanın Ərəbqardaşbəyli kənd sakini, Naxçıvan Əlahiddə Ümumqoşun Ordusunun Xüsusi Təyinatlı Qüvvələrinin kapitanı Rəşad Əliyev əks kəşfiyyat bölüyünün komandiri kimi İkinci Qarabağ müharibəsinə qatılıb.

Ailə üzvlərinin dediklərinə görə, Vətəninə, dövlətinə bağlılığı ilə seçilən Rəşad illərdən bəri arzuladığı savaşa - Qarabağın işğaldan azad edilməsi uğrunda döyüşlərə böyük həvəslə yollandı. Müharibənin ilk günlərində Gəncədə törədilən hərbi cinayətlər, terror hadisələri, mülki əhaliyə edilən xaincəsinə hücumlar ön cəbhədəki əsgərlərimiz kimi Rəşadı da sarsıdıb. Son günlər onun tək istəyi Gəncədəki atasız-anasız qalan balaların, balaları ölən anaların qisasını almaq olub. Hətta həyat yoldaşına “Mövlanə, Gəncənin qisasını alacağam”, - deyib.

Şuşaya gedən yolda - Tuğ kəndi ərazisindəki döyüşlərdə Rəşad xüsusi qəhrəmanlıq göstərib. O, 13 erməni hərbçisini təkbaşına öldürüb. Bu zaman tabeliyindəki əsgərlərdən biri düşmən snayperi tərəfindən vurulub. Yaralı əsgər yalnızca “kapitan, mən vuruldum” deyə bilib. Qəhrəman zabitimiz əsgərinin meyiti düşmən əlinə keçməsin deyə onu döyüş bölgəsindən çıxarıb və elə bu vaxt özü də düşmən snayperinə tuş gəlib. Oktyabrın 19-da axşam saatlarında yaralanan Rəşad ertəsi gün sübh tezdən sonuncu sübh namazını qılıb və şəhadətə qovuşub.

Şəhid kapitanımız Rəşad Əliyev 2016-cı ildə ailə həyatı qurub. İki övlad atasıdır. Qızı Zəhranın 3 yaşı var, oğlu Tunar isə 11 aylıqdır.

Rəşadı doğma övladından ayırmayan, öz oğlu kimi sevən qayınatası, psixoloq Hacı Savalan Hafizoğlu deyir ki, Rəşad vətəninə, dövlətinə, torpağına o qədər bağlı olub ki, onun toyunda vağzalı əvəzinə Azərbaycanın himni səsləndirilib.

Hacı Savalan Rəşadla bağlı danışır: “O qədər vətənpərvər, o qədər gözəl insan idi ki... Torpağına çox bağlıydı. Vətən kəlməsi dilindən düşməzdi. Elə qızım da həyat yoldaşı kimi idi. Ailəlikcə bu Vətənə, bu dövlətə bağlı idilər. Onların toyunda vağzalı əvəzinə Azərbaycan himni səsləndirilmişdi”.

“Rəşad hər zaman Vətən üçün canını qurban verməyə hazır idi. İki ay ərzində hər dəfə ona zəng vuranda bizə ancaq şəhadətdən danışırdı. Canından çox sevdiyi Vətəni uğrunda şəhadətə qovuşdu”, - Hacı Savalan deyir.

Bəli, məhz Rəşadın və canını torpaqların düşməndən azad edilməsi uğrunda qurban vermiş digər igidlərimizin sayəsində Azərbaycan indi qalib ölkədir, xalqımız qalib xalqdır və yəqin ki, qanları ilə tarix yazmış bu oğulların xatirəsi layiq olduqları şəkildə əbədiləşəcək...

BAKU.WS