Şəhid polkovnikimiz: "Anamın qisasını almayana qədər..."
"Raqub Orucovla 20 il əvvəl, 1996-cı ilin may ayında tanış olmuşdum. O vaxt yerdəyişmə zamanı məni ön cəbhədə olan N saylı hərbi hissəyə göndərmişdilər, Raqubun kəşfiyyat rəisi idim. İlk tanışlığımız zamanı gördüm ki, Raqub tağım komandiri olsa da kiçik leytenant rütbəsindədir. Ona sual verdim ki, sən nəyə görə leytenant rütbəsi almamısan. Cavab verdi ki, nəsə vaxtından keçir, ancaq verəcəklər".
Bunu Moderator.az-a hazırda ehtiyatda olan zabit, kapitan Rasim Fərşadov son döyüşlərdə şəhid olan polkovnik-leytenant Raqub Orucov haqqında düşüncələrini bölüşərkən deyib.
Rasim Fərşadov bildirib ki, daha sonra ondan kəşfiyyatçı kimi indiyədək hansı əməliyyatları olduğu soruşub: "Öyrəndim ki, 1995-1996-cı illərdə postdakı əsgərlərimiz duman şəraitində düşmən tərəfə əsir düşüblər. Və həmin vaxt Milli Qəhrəmanımız Fəxrədiin Cəbrayılov tərəfindən kəşfiyyatçı kimi buna tapşırıq verilir ki, hansı yolla olursa-olsun erməni əsgərləri gətirilməlidir və həmin əsgərləri əsir düşmüş əsgərlərimizlə dəyişmək lazımdır. Həmin vaxt Raqub təxminən 22-23 yaşlarında olub. Yaşının az olmasına baxmayaraq Raqub 3 ermənini-erməni tabor komandirinin bacısının ərini, uşağını və bir traktorçunu əsir götürür. Onları əsir götürüb gətirmək üçün Raqub həmin ərəfədə düz beş dəfə kəşfiyyata getmişdi. Və həmin üç nəfəri yeddi nəfər azərbaycanlıyla dəyişmişdilər. Raqubun bu qəhrəmanlığından xəbərdar olandan sonra o vaxtkı komandanlığa ona leytenant rütbəsinin verilməsi ilə bağlı təqdimat yazdım. Bizim ilk tanışlığımız da beləcə başladı".
Rasim Fərşadov deyib ki, Raqub bölük komandiri təyin olunduqdan sonra bölüyə düşən bütün məsuliyyəti öz üzərinə götürüb: "Sonra elə oldu ki, onların bölük komandiri təyinatla başqa yerə göndərildi və elə o vaxt onun bölük komandiri vəzifəsinə təqdimatını hazırladım. Raqub bölük komandiri təyin olunduqdan sonra bölüyə düşən bütün məsuliyyəti öz üzərinə götürdü. O vaxt kadr çatışmazlığı vardı deyə bölükdə ancaq bölük komandiri və kəşfiyyat rəisi var idi, tağım komandirləri yox idi. Raquba leytenant rütbəsi təqdim edildi, əməyin qiymətləndrimişdilər deyə gözlərində alov parlayırdı”.
Ehtiyatda olan zabit Raqub Orucovun məşhur kəşfiyyat əməliyyatından da bəhs edib: "Hardasa 1997-98 illər olardı, biz bir yerdə kəşfiyyat əməliyyatı hazırladıq. Belə bir fikir irəli sürdüm ki, biz bu kəşfiyyata gediriksə, bizə bir video kamera verilsin və biz getdiyimiz yerdə çəkiliş də aparaq. Həmin kəşfiyyat əməliyyatı baş tutdu, düşmən artileriyasının yerləşdiyi ərazini, düşmən qərargahını, ön cəbhədə duran alayın şəxsi heyətini videoya çəkib gətirdik. Həmin çəkilişə mərhum prezidentimiz Heydər Əliyev də baxmışdı. Həmin kəşfiyyat əməliyyatına görə Raqub Orucova qızıl fəxri fərman və "İgidliyə görə” medal verilmişdi. Mən istəyirdim ki, medal məhz Raquba verilsin. Çünki o, peşəkar zabit idi, qarşıda gələcəyi vardı, mən isə hərbi kafedranı bitirmişdim, kadrlar yetişəndən sonra ordudan təxris olunmalıydım”.
R.Fərşadovun sözlərinə görə, Raqubun gözündə qorxu yox idi, düşmənə qarşı hərəkət etməkdən çəkinmirdi: "İlk tanış olduğum vaxtdan onun gözlərində alov, vətənə məhəbbət, döyüşkənlik əzmi görmüşdüm. Raqub, həmçinin şəxsi heyətlə də səmimi münasibət qurmuş bir zabit idi. Bölük komandiri, tağım komandiri işlədiyi dövrdə əsgəri olmuş şəxslərin 70-80 faizi onun dəfn mərasimində iştirak edirdi. Bu bir daha onu göstərdi ki, şəxsi heyət həqiqətən də onu sevirdi. Bilirsiniz ki, kəşfiyyatçılar həmişə ön xətdə olur, onlar üçün müharibə heç vaxt bitmir, düşmənin bütün hərəkətlərini müşahidə edir. O vaxt müharibədən yeni çıxmışdıq, ordunun təchizatı elə də yaxşı deyildi, iqtisadiyyatımızda çətinliklər vardı. Raqub postda müşahidə aparacaq kəşfiyyat qrupunun bütün təchizatını təmin etməyə çalışırdı. Elə vaxt olurdu ki, öz pulu ilə lazım olanları alıb əsgərlərə verərdi. Deyərdi ki, 7-8 saat dağa qalxacaq əsgər əziyyət çəkməsin. Bölükdə qalan əsgər cırıq botinkayla da gəzə bilər, ancaq kəşfiyyata gedən əsgər möhkəm geyinməlidir. Bölüyün təmirinə, əsgərlərin qidalanmasına xüsusi diqqət yetirərdi, həmişə əsgərlərlə birlikdə yemək yeyərdi. Heç vaxt özünü əsgərlərdən aralıda tutmurdu, ancaq şəxsi heyətin içində olardı. Təlimlərdə də çox bacarıqlı idi, tələbkar idi, əsgər-zabit münasibətləri hər zaman bir nizam çərçivəsində idi. Bu insanın əsgərlə rəftarında heç vaxt mənfi nəsə görməmişəm. Bunu bir mən demirəm, bu barədə çoxları danışa bilər. Onunla çalışdığım yeddi il ərzində günlərimiz bir yerdə keçib, aylarla poliqonlarda olmuşuq. Onun rəhbərlik etdiyi kəşfiyyat bölüyü Azərbaycan Silahlı Qüvvələrində birinci yerə çıxmışdı. Raqub Ağdam istiqamətində briqada komandiri təyin olunanda onu təbrik etməyə getmişdim. O zaman mənə köhnə hərbi hissə komandirinin vaxtından qalmış şəkilləri, eləcə də onun komandirlik etdiyi dövrdə əsgərlər üçün ön xətdə tikilən blendajların şəkillərini göstərdi. Həqiqətən də əsgərlər üçün bütün lazımi şəraiti yaratmışdı, ön xətdə su, əlüzyuyan, hamam tikdirmişdi, blendajları daşdan idi. Əsgərlərin bütün şəraiti yüksək səviyyədə idi, hətta əsgərlər üçün sauna tipli hamam da yaratmışdı. O deyirdi ki, bir il, il yarım hərbi xidmət edən əsgər ön xətdə durursa hərdən də rahatlanmalıdır, dincəlməlidir. Əsgər rahatlanarsa, öz postunda da rahat dayana biləcək. Raqub belə xarakterli zabit olub.
Raqub danışmışdı ki, o briqada komandiri olanda əsgərlərinin biri məmur övladı olub. Raqub baxıb ki, məmur oğlu heç əsgərə oxşamır, onu yanına çağırıb və deyib ki, kimliyindən, kimin övladı olmağından asılı olmayaraq sən əsgərsən. Və əsgərin də əsgər geyimi olmalıdır. Həmin məmur övladı o gündən sonra digər əsgərlər kimi hərbi xidmətini davam etdirir və ordudan təxris olunanda da gəlib Raquba təşəkkür edir. Deyir ki, komandir siz həyatda da mənə çox şeyi başa saldınız. Raqub üçün ordu, vətən hər şeydən qabaq idi, həmişə də arzulayardı ki, ordumuz qalib gəlsin”.
"Raqubun yoxluğu mənimçün böyük itkidir” deyən kapitan onunla son söhbətlərini də yada salıb: "O, barmaqla sayılası döyüş zabitlərindən idi. Onunla çox söhbətlərimiz olurdu, Ağdamda oturub danışırdıq, deyirdi ki, kəndimizə çox yaxınıq, qismət olacaq kəndimizi azad edəcəyik. Ağdamlılar da onu çox sevirdi, Ağdamda briqada komandiri olmasına görə çox sevinirdilər. Raqubun heç vaxt mənfi hərəkətini, xarakterini görmədim. Düzdür, hər bir insanın mənfi və müsbət cəhətləri olur. Ancaq onun müsbət cəhətləri o qədər çox idi ki, mənfi cəhətləri bilinmirdi. Riyazi dillə desək mənfi müsbətdən iki dəfə kiçikdirsə, demək 0-a bərabərdir.
Raqubun həyat keçidinə baxanda aydın görərik ki, o, döyüş komandiri olub. O, ancaq döyüş uğrunda mübarizə aparan adam olub. Raqub 18 yaşında anasını itirmişdi, düşmən gülləsiylə şəhid olmuşdu anası. Həmişə deyirdi ki, and içmişəm, anamın qisasını almayana qədər bu döyüş paltarını əynimdən çıxartmaram. Ona arada deyirdim ki, bəlkə ordudan təxris olmaq vaxtın çatıb. Cavab veridi ki, anamın, eləcə də şəhidlərimizin qanını almayana, torpaqlarımızı azad etməyənə qədər döyüş paltarını əynimdən çıxartmayacam. Onunla danışanda deyirdim ki, Bakıya gələndə mütləq gəl, görüşək. Deyirdi ki, rəis, inanırsan ki, Bakıya çox az-az gəlirəm, heç evdə də məni görə bilmirlər. Danışırdıq ki, bir-birimizi övladlarımızın toyuna çağırarıq, çox təəssüf ki, mən onun övladlarının toyuna yox, özünün yas mərasiminə gedəsi oldum...”
BAKU.WS
Oxşar xəbərlər
Şəhid pilotlarımız dəfn edildi (YENİLƏNİB, FOTO)
Azərbaycanın şəhid olmuş pilotları dəfn edilib. BAKU.WS-in məlumatına görə, Azərbaycanın Qarabağda erməni təxribatına qarşı keçirdiyi hərbi əməliyyatlar zama...