Vüsal Şilderin qətlinin şahidi: "Oğlanın boğazından vurdular, qan hər yanı götürdü"
"Mercedes-Benz" şirkətinin Azərbaycan təmsilçisinin oğlu, Almaniya vətəndaşı Vüsal Şilderin 13 il əvvəl Bakıda qətlə yetirilməsi ilə bağlı açılan cinayət işində qətlin sifarişçisi kimi təqsirləndirilən Xəyal Əli-Zadənin növbəti məhkəmə baxışı keçirilib.
BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Firdovsi Əliyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilənə sərbəst ifadə üçün söz verilsə də, o hazırda ifadə verməkdən imtina edərək bunu şahidlərin ifadələrindən sonra edəcəyini deyib.
Buna görə də məhkəmə sübutların ardıcıllığına dəyişiklik edərək şahidlərin ifadələrinin alınmasına başlayıb.
Şahid Pəri Qasımova ifadəsi zamanı vurğulayıb ki, hadisə vaxtı o, küçədə oturubmuş.
"Birdən gördüm ki, küçədə dalaşırlar, metro stansiyası tərəfdən gələn bir nəfər oğlanın boğazından bıçaqla vurdu, qan hər yanı götürdü. Tez kömək çağırdıq. Məni onların məhkəməsinə çağırmışdılar, onu deyim ki, öldürən həmin tutulan adam deyildi. Qarayanız balacaboy və qıvrımsaç olan biri idi. Biz hamımız getdik bıçaqlanan oğlanın yanına, çabalayırdı orada. Qan vermək istəyirdik ki, dedilər ölüb artıq. Mən məhkəmədə də dedim ki, o uşağı vuran həmin adam deyil. Görünüşündən hiss elədim ki, həbsxana həyatı yaşamışın biridir".
Şahid təqsirləndirilən Xəyal Əli-Zadəni isə görmədiyini və ümumiyyətlə, tanımadığını deyib.
Növbəti proses noyabrın 24-nə təyin edilib.
Qeyd edək ki, qətl hadisəsi 2013-cü il mayın 2-də paytaxtın Nərimanov rayonu ərazisində baş verib. Almaniya vətəndaşı, "Mercedes-Benz" şirkətinin Azərbaycandakı təmsilçisinin oğlu Vüsal Şilder aldığı bıçaq xəsarəti ilə əlaqədar xəstəxanaya aparılarkən yolda ölüb. Əməliyyat tədbirləri nəticəsində qətldə şübhəli bilinən Şabran rayon sakini, əvvəllər məhkum olunmuş Elman İsgəndərov və Seymur Talıbov saxlanılıblar. Məhkəmənin qərarı ilə Elman İsgəndərov 15 il, Seymur Talıbov isə 12 il müddətinə azadlıqdan məhrum ediliblər.
Binəqədi Rayon Məhkəməsinin hökmü ilə isə V.Şilderin ölümündən əvvəl ona planlı şəkildə avtomobil qəzası təşkil etməkdə və üzərinə narkotik vasitə atmaqda təqsirləndirilən sabiq polis mayoru İlham Məmmədov 6 il 6 ay, Qurban Novruzov 6 il 6 ay, türkiyəli iş adamı Yaşar Sunar 4 il 6 ay müddətinə azadlıqdan məhrum ediliblər, Kənan Babayevə isə 4 il şərti cəza təyin olunub.
Qətlin təşkilatçısı və sifarişçisi Xəyal Əli-Zadə hadisədən sonra beynəlxalq axtarışa verilib. Onun yeri illər sonra Birləşmiş Ərəb Əmirliklərində müəyyənləşdirilib. 2026-cı il aprelin 10-da onun Azərbaycana ekstradisiyası həyata keçirilib.
Oxşar xəbərlər
Qaxda məktəbdə şagird sinif yoldaşına xəsarət yetirib
Oktyabrın 20-də Qax rayonu Əmran Cabbaroğlu adına Zəyəm kənd tam orta ümumtəhsil məktəbində IX sinifdə təhsil alan 2 şagird arasında tənəffüs zamanı baş vermiş...