Kim Çen Inın öldüyü iddia edilir – Hakimiyyət bacısına keçib?
Şimali Koreya lideri Kim Çen Inın öldüyü və ölkədə hakimiyyətin onun bacısı Kim Yo Çjuna keçdiyi barədə iddialar yayılıb.
BAKU.WS xəbər verir ki, bu barədə xarici mətbuatda məlumatlar dərc olunub. Lakin hazırda Kim Çen Inın vəfat etməsi və ölkədə hakimiyyət dəyişikliyinin baş verməsi ilə bağlı rəsmi təsdiq yoxdur.
Pakistanın "Geo News" nəşrinin oktyabrın 19-da yaydığı məlumata görə, sosial şəbəkələrdə Kim Çen Inın beyin qanaması keçirdiyi və təcili tibbi yardım üçün gizli şəkildə Çinə aparıldığı barədə iddialar yayılıb. Bəzi paylaşımlarda onun artıq öldüyü də irəli sürülüb.
Nəşr qeyd edib ki, nə Şimali Koreya, nə də Çin hakimiyyəti belə bir tibbi hadisə barədə məlumat yayıb. İddiaları təsdiqləyən müstəqil sübutlar və ya xəstəxana qeydləri də açıqlanmayıb
Kim Çen In sonuncu dəfə nə vaxt görülüb?
Qeyd edək ki, "Reuters" agentliyinin oktyabrın 13-də yaydığı məlumata görə, Kim Çen In oktyabrın 11-də müdafiə sənayesi muzeyinə baş çəkib. O, tədbirdə həyat yoldaşı Ri Sol Çju və qızı Kim Çju Ae ilə birlikdə iştirak edib.
Şimali Koreyanın dövlət mediasının yaydığı görüntülərdə liderin hərbi texnologiyalar və raket sistemləri ilə tanış olduğu göstərilib. Bu məlumat Kim Çen Inın ölüm xəbərlərinin təsdiqlənmədiyini göstərən mühüm məqamlardan biridir. Bununla belə, əvvəlki tarixə aid görüntülər onun hazırkı sağlamlıq vəziyyətini tam müəyyənləşdirməyə imkan vermir.
Hakimiyyət Kim Yo Çjuna keçə bilərmi?
Kim Yo Çjun Şimali Koreyanın siyasi rəhbərliyində mühüm mövqeyə malikdir. O, Kim Çen Inın bacısı olmaqla yanaşı, hakim Koreya Fəhlə Partiyasında yüksək vəzifə tutur.
"Yonhap" agentliyinin 28 fevral 2026-cı il tarixli məlumatına əsasən, Kim Yo Çjun hakim partiyanın Mərkəzi Komitəsinin Ümumi İşlər Departamentinin direktoru vəzifəsində təsdiqlənib. Bu, onun siyasi sistemdəki nüfuzunu göstərən faktorlardan biridir. Lakin həmin təyinat hakimiyyətin ona keçdiyi anlamına gəlmir.
Şimali Koreyanın gələcək rəhbərliyi ilə bağlı müzakirələrdə Kim Çen Inın qızı Kim Çju Ae də diqqət mərkəzindədir. Son illərdə onun atasını müxtəlif rəsmi tədbirlərdə müşayiət etməsi mümkün varisliyi ilə bağlı mülahizələrə səbəb olub. Bununla belə, ölkənin gələcək rəhbərinin kim olacağına dair açıq və qəti təsdiq yoxdur.
Şayiələr niyə yenidən gündəmə gəlib?
Xatırladaq ki, Kim Çen Inın səhhəti ilə bağlı şayiələr yeni deyil. 2020-ci ildə də onun bir müddət ictimaiyyət qarşısına çıxmaması ölüm və ağır xəstəlik ehtimalları barədə məlumatların yayılmasına səbəb olmuşdu. Daha sonra o, yenidən ictimai tədbirlərdə iştirak etmişdi.
Oxşar xəbərlər
Mask ara seçkilərdə respublikaçılara 200 milyon dollardan çox ianə edib
Milyarder iş adamı və "Tesla" şirkətinin rəhbəri İlon Mask ABŞ-də keçiriləcək aralıq seçkilərdə respublikaçı namizədləri dəstəkləmək üçün 200 milyon dollardan ç...