Tbilisidə Fatiməni qətlə yetirməkdə şübhəli bilinən qohumu tutuldu
Gürcüstanın paytaxtı Tbilisidə Azərbaycan vətəndaşının qəsdən öldürülməsində şübhəli bilinən şəxs Batumi Beynəlxalq Hava Limanında saxlanlıb.
BAKU.WS xəbər verir ki, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyi "Facebook" hesabında məlumat yayıb.
Bildirilib ki, təqsirləndirilən şəxsin həbsi türk və Azərbaycan həmkarları ilə sıx əməkdaşlıq şəraitində, eləcə də Gürcüstanın Türkiyədəki Polis Attaşesinin birbaşa iştirakı ilə həyata keçirilib.
Məlumata əsasən, bu il iyunun 27-də Tbilisidəki müvəqqəti yaşayış mənzilində təqsirləndirilən şəxs qohumuna həyati təhlükə yaradan xəsarətlər yetirib və o, aldığı xəsarətlər nəticəsində hadisə yerində dünyasını dəyişib. Polis cinayəti törədən şəxsi qısa müddətdə müəyyən edərək onun axtarışını elan edib.
Faktla bağlı araşdırma Gürcüstan Cinayət Məcəlləsinin ağırlaşdırıcı hallarda qəsdən adam öldürməni nəzərdə tutan 109-cu maddəsi ilə aparılır. Həmin maddə 20 ilədək və ya ömürlük azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.
Qeyd edək ki, Gürcüstan Prokurorluğu daha əvvəl bu iş üzrə Azərbaycan vətəndaşı Emin Əliyevə qiyabi ittiham irəli sürüb. O, Azərbaycan vətəndaşı Fatimə Kərimovanın gender əlamətinə görə qəsdən öldürülməsində təqsirləndirilirdi. Bu şəxs barəsində axtarış elan edilmişdi.
Oxşar xəbərlər
Xırdalanda zəncirvari qəza: İki nəfər xəsarət aldı
Xırdalan şəhərində baş verən qəzanın təfərrüatı məlum olub. BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) yaydığı məlumata...