Sürücü, kuryer, liftçi işləmək istəyənlər də işə imtahanla qəbul olunacaq

Sürücü, kuryer, liftçi işləmək istəyənlər də işə imtahanla qəbul olunacaq
Hadisə 1527

 

"Dövlət qulluğu haqqında” qanuna edilmiş son dəyişikliklərə görə, artıq yüksək kateqoriyalı dövlət orqanları da daxil olmaqla, dövlət orqanlarında yardımçı vəzifələr, yəni kargüzar, makinaçı, kuryer, arxiv qeydiyyatçısı, liftçi, sürücü və s. vəzifələr üzrə dövlət qulluğuna qəbul edilmək üçün namizədlər müsabiqədə iştirak etməlidirlər.

Bu barədə eksküliziv olaraq Trend-ə Dövlət İmtahan Mərkəzindən (DİM) məlumat verilib.

Mərkəzdən bildirilib ki, hazırda həmin vəzifələrə qəbul hər bir müəssisə tərəfindən adi qaydada - əmək müqaviləsi bağlanılmaqla aparılır. Qanuna edilən yeni dəyişikliyin icrasına başlanıldıqda isə dövlət orqanlarında qeyd edilən vəzifələr üzrə işə qəbul olmaq istəyən şəxslər də dövlət qulluğuna qəbul üçün tələb olunan mərhələlərdən - imtahan və müsahibə mərhələsindən keçməklə işə qəbul olunacaqlar.

Mərkəzdən bildirilib ki, "Dövlət qulluğu haqqında” qanuna edilmiş digər dəyişikliklərə əsasən, yüksək kateqoriyalı dövlət orqanları Aparatlarında, o cümlədən Naxçıvan Muxtar Respublikasının Ali Məclisi, Hesablama Palatası, Məhkəmə-Hüquq Şurası, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə müvəkkili (ombudsman), Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsi, Naxçıvan Muxtar Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman), Mərkəzi Seçki Komissiyası, Azərbaycan Respublikasının Korrupsiyaya qarşı Mübarizə üzrə Komissiyasının Katibliyi, Milli Televiziya və Radio Şurası və digər dövlət orqanları Aparatlarında Aparat rəhbəri, şöbə müdiri vəzifəsi də daxil olmaqla, digər inzibati vəzifələr üzrə dövlət qulluğuna qəbulun müsabiqə əsasında aparılması nəzərdə tutulur. Müsabiqə DİM tərəfindən keçiriləcək.

Yeni vəzifələr üzrə qəbulun dövlət qulluğuna qəbulla bağlı yeni qaydalar təsdiqləndikdən sonra aparılması nəzərdə tutulur.

DİM-in Direktorlar Şurasının sədri Məleykə Abbaszadə Trend-ə bildirib ki, "Dövlət qulluğu haqqında” qanuna edilən son dəyişiklik əsasında dövlət qulluğuna qəbulun aparıldığı təsnifatların sayı artırılıb.

M.Abbaszadənin sözlərinə görə, əvvəllər Dövlət Qulluğu Məsələləri üzrə Dövlət Komissiyası tərəfindən ənənəvi olan müəyyən kateqoriyalar üzrə dövlət qulluğuna qəbul aparılırdı. İndi isə DİM həm yardımçı, həm də yüksək təsnifatlara aid olan vəzifələrə qəbul üçün imtahan aparmalıdır:

"Təbii ki, bu yeni imtahanlar yeni məzmunlu olacaq. Digər tərəfdən, bu imtahanları necə aparmaq lazımdır ki, yüksək səviyyəli kateqoriyalar üzrə imtahan verən şəxs o müsabiqədən keçməsə, daha aşağı, daha asan imtahanda təkrar iştirak etməsin. Ümumiyyətlə, belə namizədlərin təkrar imtahanda iştirakı lazımdırmı? Burada çoxlu məsələlər var. Bu məsələlərin hamısı hüquqi qərarını tapandan sonra bu barədə izahatlar veriləcək”.

M.Abbaszadənin sözlərinə görə, tələbə qəbulu ilə əlaqədar müvafiq hüquqi mühit yaradılsa və qaydalar təsdiqlənsə də, dövlət qulluğuna qəbulla əlaqədar qaydalar hələ təsdiqlənməyib.

Onun sözlərinə görə, DİM tərəfindən dövlət qulluğu ilə əlaqədar test imtahanının aparılması, müsabiqənin keçirilməsi ilə bağlı layihələr Nazirlər Kabinetinə təqdim edilib. M.Abbaszadə bu qaydaların yaxın günlərdə Nazirlər Kabineti tərəfindən təsdiqlənəcəyinin gözlənildiyini də söyləyib.

BAKU.WS

Oxşar xəbərlər

Dövlət qulluğunda işləmək istəyənlərin nəzərinə!

Dövlət qulluğunda işləmək istəyənlərin nəzərinə!

Dövlət İmtahan Mərkəzi (DİM) dövlət qulluğuna qəbul imtahanının məzmunu ilə bağlı dəyişikliklər edəcək. BAKU.WS-in xəbərinə görə, Trend-ə DİM-in Direktorlar Ş...

3334 Sosial 10:18 06 mart 2017

Son xəbərlər