Nazirlik işçi axtarır – ŞƏRTLƏR
Vergilər Nazirliyi dövlət vergi orqanlarına işə qəbul olunmaq istəyən vətəndaşları üçün müsabiqə elan edib.
Nazirlikdən BAKU.WS-ə verilən məlumata görə, sənədlər elektron ərizə vasitəsilə fevral ayının 27-dən mart ayının 12-dək qəbul ediləcək.
Müsabiqəyə qoşulmaq istəyənlər Vergilər Nazirliyinin rəsmi internet saytına (www.taxes.gov.az və www.e-taxes.gov.az) daxil olaraq elektron ərizə formasını doldurmalıdırlar. Ərizəyə sağlamlıq haqqında tibbi arayışın surəti və ali təhsil haqqında diplomun surəti elektron fayl şəklində əlavə olunmalıdır.
Ərizə formasını doldurub sistemə daxil etdikdən sonra namizədə ərizənin sistemə daxil olunduğu barədə elektron poçt ünvanı vasitəsi ilə məlumat verilir. Sənədlər qəbul edildikdən sonrakı beş gün ərzində müvafiq işçi qrup tərəfindən yoxlanılır və ərizəsinin qəbul edilməsi barədə namizədin elektron poçt ünvanına onun iş nömrəsi göndərilir.
Sənədləri qəbul edilmiş namizədlər 12-14 aprel 2017-ci il tarixlərində səhər saat 9.30-dan 18.00-a qədər imtahana buraxılış vərəqələrini Vergilər Nazirliyinin inzibati binasından (Bakı şəhəri, Yasamal rayonu, ak. Landau küçəsi 16) götürməlidirlər. Müsabiqənin test imtahanı 15.04.2017-ci il tarixdə Dövlət İmtahan Mərkəzinin müəyyən etdiyi yerdə və vaxtda keçiriləcək.
Müsabiqənin test imtahanı mərhələsinin suallarını (məntiq və informatika sahələri üzrə suallar istisna olunmaqla) özündə əks etdirən ədəbiyyat siyahısı Vergilər Nazirliyinin rəsmi internet saytının (www.taxes.gov.az) "İşə qəbul. Müsabiqələr” bölməsində yerləşdirilib.
Müsabiqədə uğur qazanan şəxslərə ərazi vergi orqanlarında və ya rayon vergilər şöbələrində olan vakant vəzifələr üzrə iş təklif ediləcək. Təklifdən imtina edən şəxslər Vergilər Nazirliyinin kadr ehtiyatından çıxarılacaq.
BAKU.WS
Oxşar xəbərlər
Nazirlikdə işləmək istəyənlərin nəzərinə
Vergilər Nazirliyi vakant vəzifələrə işə qəbul üzrə müsabiqə elan edir. BAKU.WS-in Vergilər Nazirliyinini rəsmi saytına əsasən məlumat verir ki, Dövlət vergi o...