Ombudsman: 20 Yanvar hadisəsi zamanı fundamental insan hüquqları kütləvi şəkildə pozulub
20 Yanvar hadisəsi zamanı yaşamaq hüququ, təhlükəsizlik hüququ, ifadə və sərbəst toplaşma azadlığı kimi fundamental insan hüquqları kütləvi şəkildə pozulub, beynəlxalq hüququn əsas prinsipləri ayaqlar altına atılıb.
BAKU.WS report-a istinadən xəbər verir ki, bunu Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva 20 Yanvar faciəsinin 36-cı ildönümü ilə bağlı keçirilən tədbirdə deyib.
O qeyd edib ki, 20 Yanvar faciəsi yalnız matəm və hüzn günü deyil:
"Bu tarix, eyni zamanda Azərbaycan xalqının qəhrəmanlıq salnaməsidir. O gecə xalqımız qorxuya boyun əymədi, tankların qarşısına əliyalın çıxaraq azadlıq, ləyaqət və milli iradə uğrunda mübarizəsini şərəflə apardı. Məhz bu fədakarlıq Azərbaycan dövlət müstəqilliyinin mənəvi-siyasi təməlini təşkil etdi.
Bu faciəyə ilk dəfə açıq, prinsipial və cəsarətli siyasi-hüquqi qiyməti verən şəxs Ümummilli Lider Heydər Əliyev olmuşdur. O, 1990-cı il yanvarın 21-də həyatına real təhlükə olmasına baxmayaraq, Moskvada Azərbaycanın daimi nümayəndəliyində verdiyi bəyanatla bu qanlı cinayətin birbaşa SSRİ rəhbərliyi tərəfindən törədildiyini dünya ictimaiyyətinin diqqətinə çatdırmışdır. Bu, o dövr üçün misilsiz siyasi cəsarət nümunəsi idi".
Ombudsman vurğulayıb ki, 20 Yanvar – təkcə bir gecənin faciəsi deyil, Azərbaycan xalqının azadlıq iradəsinin sınağa çəkildiyi, milli ləyaqətinin, vətəndaş mövqeyinin və müstəqillik əzminin bütün dünyaya nümayiş olunduğu tarixi bir mərhələdir.
S.Əliyeva qeyd edib ki, beynəlxalq təşkilatlar və dünya ictimaiyyəti həmin dövrdə bu ağır cinayətə lazımi hüquqi-siyasi reaksiya göstərməyib:
"Bu laqeydlik və ədalətsizlik sonradan regionumuzda daha ağır cinayətlərə, Azərbaycan torpaqlarının işğalına və xalqımıza qarşı digər insanlıq əleyhinə əməllərin törədilməsinə zəmin yaradıb.
Ombudsman bəyan edib ki, 20 Yanvar hadisələri beynəlxalq hüquqa uyğun olaraq insanlıq əleyhinə cinayət kimi tanınmalı, bu cinayətin törədilməsinə əmr verən və onu icra edən bütün şəxslər məsuliyyətə cəlb olunmalıdır.
Oxşar xəbərlər
Tərtərdə əməliyyat: Sakinin evində avtomat aşkarlandı
Tərtərdə tutulan şəxsdə narkotik vasitə və avtomat aşkarlanıb. DİN-in Mətbuat xidmətindən BAKU.WS-ə verilən xəbərə görə, Tərtər Rayon Polis Şöbəsinin əməkdaşlar...