"Oğlunun ancaq meyitini məndən ala bilərsən" - Qayınata kürəkəni niyə öldürüb?

Oğlunun ancaq meyitini məndən ala bilərsən - Qayınata kürəkəni niyə öldürüb?
Hadisə 74

Vətəndaş Ədil Məhərrəmovu qətlə yetirməkdə təqsirləndirilən qayınatası Nəcəf Qafarov və onun qızı, mərhumun həyat yoldaşı olmuş Nuranə Məhərrəmovanın cinayət işləri üzrə məhkəmə prosesi davam edir.

BAKU.WS Lent.az-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Nigar İmanovanın sədrliyi ilə bu gün keçirilən növbəti iclasda şahid ifadələri dinlənilib.

Şahid, mərhumun atası M.Q. təqsirləndirilən şəxsləri görməyə gözüm olmadığını deyib:

"Dünyada ən böyük dərd oğulun ata çiynində getməyi imiş. Nuranəni tanıyandan görürdüm ki, bunun iki günündən biri polisdə keçir. Dava salırdı, Ədilin günün qara edirdi ki, anana yaxın getmə. Tələb edirdi ki, mənə aliment verməlisən. Gəlib binanın qabağında hay-küy salırdı, qonşuların yanında biabır olmuşduq. Oğlum bunun əlindən qapıma gəlmirdi. Heç şeytan da bu qadına yaxın gələ bilməzdi. Nuranə yoldaşım Rayaya deyirdi ki, oğlunun ancaq meyitini məndən ala bilərsən. Mən həmin gün işdə olmuşam, hadisədən qonşumun zəngindən sonra xəbər tutdum".

Şahid F. N. həmin ərazidə usta işlədiyini, həyətə çıxanda yerdə uzanmış adam gördüyünü deyib:

"Adam çox içkili idi, özündə deyildi. Ona su verdik, bir az özünə gəldi. Üstündəki telefona zəng gəldi. Götürdüm, dedim ki, zəng etdiyiniz adam uzanıb qalıb, çox içkilidir. Daha sonra bir qadın da zəng etdi. Sonra bir oğlan gəldi. Maşın olmadığından adamı əl arabasına uzadıb evinə apardıq. Yoldaşı su verdi. Kurtkasını çıxardıq. Köynəyini də çıxaranda gördük ki, bədəni qan içindədir. Mən sonra evə getdim. Çox keçmədi ki, polislər gəldi, məni bölməyə apardılar".

Şahid O.R. yaşadığı evdən çıxanda Ədil Məhərrəmovu gördüyünü bildirib:

"Divarın dibində uzanıb qalmışdı. Yaxınlaşıb tərpətdim ki, burada niyə uzanmısan? Güclə cavab verdi ki, dəyməyin mənə, yuxum gəlir. Səbuhini köməyə çağırdım. Mən əməliyyatlı adamam, onu qaldırmağa gücüm çatmazdı. Odur ki, rəhmətliyi əl arabasına qoyub evinə apardıq".

Növbəti iclas 3 mart saat 16:00-a təyin olunub.

Qeyd edək ki, hadisə 2025-ci il aprelin 22-də Binəqədi rayonunun Biləcəri qəsəbəsində baş verib.

Qəsəbə sakini Ədil Məhərrəmovun qətlə yetirilməsi ilə bağlı hüquq-mühafizə orqanlarına məlumat daxil olub. Araşdırmalarla onun əvvəllər məhkum olunmuş 57 yaşlı qayınatası Nəcəf Qafarov tərəfindən qətlə yetirildiyi məlum olub.

Nəcəf Qafarov şübhəli şəxs qismində saxlanılaraq istintaqa təhvil verilib. Daha sonra isə onun qızı və qətlə yetirilən Ədil Məhərrəmovun həyat yoldaşı Nuranə Məhərrəmova da hadisə ilə bağlı ittiham edilərək istintaqa cəlb olunub.

Hər iki şəxs barəsində Cinayət Məcəlləsinin 120.2.2-ci maddəsi ilə cinayət işi açılaraq barələrində həbs qətimkan tədbiri seçilib.

Son xəbərlər