MİDA-da ev almaq adı ilə vətəndaşları aldadan şəxsə hökm oxunub
Vətəndaşlara MİDA-da ev almaq adı ilə dələduzluq etməklə külli miqdarda ziyan vurmaqda ittiham olunan Maya Mustafayevanın cinayət işi üzrə məhkəmə araşdırması yekunlaşıb.
BAKU.WS Oxu.az-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Hafiz Kamranovun sədrliyi ilə keçirilən iclasda hökm oxunaraq təqsirləndirilən Maya Mustafayeva 7 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, ötən prosesdə dövlət ittihamçısı Maya Mustafayevanın 8 il azadlıqdan məhrum olunmasını məhkəməyə təklif etmişdi.
Xatırladaq ki, ittihama görə Maya Mustafayeva 2023-cü ilin sentyabrında Bakı sakini Şəmşad Mikayılovu "ev satışı" adı ilə aldadıb və 17 min 500 manat pulunu alaraq onu Yasamal rayonu, MİDA (Mənzil İnşaatı Dövlət Agentliyi) 2 yaşayış kompleksi, bina 13, mənzil 43 ünvanına yerləşdirib. Daha sonra M.Mustafayeva onu iş yoldaşı Həzrət Qələndərli ilə tanış edib. Həzrət Maya vasitəsilə özü və qohumlarının münasib qiymətə ev aldığını deyib və Şəmşad Mikayılovu da bu sazişə inandırıb. Onlar birlikdə MİDA binalarından birindəki mənzilə baxıblar. Maya bildirib ki, evə 17 min manat ilkin ödəniş edib və həmin məbləği Şəmşaddan aldıqdan sonra sənədləri onun adına keçirəcəyini vəd edib. Əvvəlcə 4 min manat kart hesabına göndərilib. Daha sonra Maya qalan pulu tələb edib və əgər verilməzsə, həmin məbləğin də batacağını deyib. Bu təzyiqlər fonunda Şəmşad Mikayılov Sabunçuda olan evini 12 min manata satıb və Maya ilə notariusda görüşərək pulu ona təqdim edib. Amma vəd olunan kimi evin sənədləri təqdim olunmayıb. Bütün bu müddət ərzində Maya Şəmşadı aldatmaqda davam edib. Nə bankla müqavilə bağlanıb, nə də evin sənədləri təqdim olunub. Üstəlik, Maya ondan əlavə 1 500 manat da tələb edib və bu pulu da aldıqdan sonra onu mənzilə köçürüb.
Sonradan məlum olub ki, həmin evin sahibi Gülrza Əliyevdir və Maya bu mənzili ondan kirayəyə götürüb. Bu barədə notarial qaydada müqavilə də mövcuddur. Şəmşad Mikayılov Daxili İşlər Nazirliyinə (DİN) müraciət etdikdən sonra Maya Mustafayeva tutulub. O, iltizamla öhdəlik götürüb ki, 10 günə pulu qaytaracaq. Amma bu vəd də yerinə yetirilməyib. Maya Mustafayeva telefon nömrəsini dəyişib və onunla əlaqə saxlamaq mümkün olmayıb.
DİN əməkdaşları tərəfindən aparılan əməliyyat tədbirləri nəticəsində Maya Mustafayevanın gizləndiyi ünvan müəyyən olunub və o tutularaq istintaqa təhvil verilib. Maya Mustafayeva barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2 (külli miqdarda ziyan vurmaqla dələduzluq) maddəsi ilə cinayət işi başlanıb.
Oxşar xəbərlər
Ağır çanta bəhanəsi ilə uşaqları soydu - Bakıdakı cinayətin ANBAAN VDİEOSU
Paytaxtın Nizami və Xətai rayonları ərazisində soyğunçuluq faktları qeydə alınıb. BAKU.WS xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. Qeyd o...