Mehman Hüseynovun harada saxlanılacağı bilindi
Bu gün Suraxanı rayon Məhkəməsinin qərarı ilə 2 il müddətinə azadlıqdan məhrum edilən tanınmış bloqqer Mehman Hüseynov 1 saylı Bakı İstintaq Təcridxanasına aparılıb.
BAKU.WS xəbər verir ki, bu barədə lent.az-a vəkil Elçin Sadıqov məlumat verib. Vəkil əlavə edib ki, hökmlə bağlı sənədi əldə etdikdən sonra Suraxanı rayon Məhkəməsinin qərarından apelyasiya şikayəti verəcəklər.
Qeyd edək ki, Mehman Hüseynov yanvarın 9-u axşam saatlarında Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanıb. O, İnzibati Xətalar Məcəlləsinin 535.1-ci (polisin qanuni əmrinə tabe olmamaq) maddəsi ilə təqsirli bilinərək, Nəsimi rayon məhkəməsinin qərarı ilə 200 manat cərimə olunub və sərbəst buraxılıb. M.Hüseynov məhkəmədən azad edildikdən sonra jurnalistlərə açıqlamasında bildirib ki, saxlanılarkən polislər ona işgəncə veriblər.
DİN onun bu açıqlamasını təkzib edib və bloggerin böhtan atdığı barədə açıqlama yayıb. Açıqlamada həmçinin bildirilirdi ki, Mehman Hüseynovun polisi ağır cinayətdə ittiham etməklə böhtan atması əməlinə hüquqi qiymət verilməsi üçün Daxili İşlər Nazirliyi tərəfindən Respublika Baş Prokurorluğu qarşısında vəsatət qaldırılıb.
Bundan sonra isə Nəsimi rayon polis idarəsinin rəisi Musa Musayev xüsusi ittiham qaydasında məhkəməyə müraciət edib.
Polis rəisi Mehman Hüseynovun CM-nin 147.2-ci (ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma) maddəsi ilə məsuliyyətə cəlb olunub, cəzalandırılmasını istəyib.
Dövlət ittihamçısı Mehman Hüseynovun 3 il müddətinə həbs edilməsini tələb edib, məhkəmə qısa məşvərətdən sonra onun 2 il müddətinə azadlıqdan məhrum edilməsinə qərar verib.
BAKU.WS
Oxşar xəbərlər
Mehman Hüseynova 2 il həbs verildi
Mehman Hüseynova 2 il həbs verilib. Suraxanı rayon Məhkəməsi onun 2 il müddətinə azadlıqdan məhrum edilməsiu barədə qərar verib. Martın 2-də Suraxanı Rayon M...