Əlamətləri: kök, iri gözlü, qalın dodaqlı...

Əlamətləri: kök, iri gözlü, qalın dodaqlı...
Hadisə 4182
 

Məlum olduğu kimi ləğv edilmiş MTN-nin rəhbərliyindəki Çovdarov-Mahmudov qruplaşmasının talamaq üçün seçdikləri qurbanlar arasında Bakıda çoxmərtəbəli binaların inşası ilə məşğul olan MTK-ların sahibləri də olub. Doğrudur, bu MTK-ların sahiblərinin özləri də aydan arı, sudan duru deyildilər. Onların özlərinin də çoxsaylı qurbanları var. Bunlar MTK-lara pul ödəyib aldıqları mənzilin iki və daha çox adama satıldığını öyrənən, nəticədə şikayət etmək üçün illərdir müxtəlif instansiyaların qapılarında boyunlarını bükən sadə vətəndaşlardır.

Ancaq Çovdarovun işi üzrə istintaqın topladığı materiallardan görünür ki, bir çox hallarda MTK-ların vətəndaşları aldadıb onlara çatacaq mənzili iki və daha çox adama satmasının, yaxud tikintini yarımçıq qoyub aradan çıxmasının səbəblərindən biri də MTN-dəki cinayətkar qruplaşmanın sahibkarlara qənim kəsilməsi olub. Çovdarov-Mahmudov qruplaşması tərəfindən soyulan iş adamları MTN-ə verdikləri çantalarla dolu pulların yerini doldurmaq üçün dələduzluğa əl atıblar və vətəndaşları aldadıblar. Hərçənd ki, əks proses də baş verib və vətəndaşlara qarşı dələduzluq edib milyonları mənimsəyən tikinti dələduzlarını MTN soyub, onlara vətəndaşlardan ələ keçirdikləri pulları tək yeməyə imkan verməyib.

"Yeni Yasamal” MTK və digərləri

"Yeni Yasamal” və bir neçə digər MTK-nın həmtəsisçiləri olan Əliyev Nəsib Yusif oğlu  və Alışov Cahangir Həsənağa oğlunun da yolu MTN-dən düşüb, onlar general Akif Çovdarovun ovladıqları iş adamları arasındadır.

Nəsib Əliyev ifadəsində nəql edir ki, 2006-cı ildə "Badu Kubə” MTK-nın sədri Ağamir Həsənovla tanış olub. Bu tanışlıq çox keçmədən ortaqlığa çevrilib. N.Əliyev oğlu Eltonla birlikdə "Badu Kubə”nin 50 faizinin sahibi olub, MTK-da qalan payların 10 faizi Ağamir Həsənovda, 40 faizi Rövşən Məmmədli və Nəzakət Məmmədlinin mülkiyyətində qalıb.

Həmin il N.Əliyev, oğlu Elton, Əliheydər Şahmarov, A.Həsənov və "adını xatırlamadığı daha bir nəfərlə” birlikdə "Şahbulaq” MTK-nı təsis edib. 2007-ci ildə isə Şahmarovla birlikdə "Yeni Yasamal” MTK-nı alıb.

MTN-çilər ofisə basqın edir: "Dollarla mənzil satırsan?”

N.Əliyev deyir ki, 2006-cı ilin mayında Bakının Yeni Günəşli qəsəbəsində, V yaşayış massivində "Badu Kubə” MTK tərəfindən 16 mərtəbəli yaşayış binasının inşasına başlamışdı. Günlərin birində Əliyev ofisdə tək oturmuşdu, bu vaxt otağa 37-38 yaşlarında biri daxil olur. İnşası davam edən binadan 2 otaqlı mənzil almaq istədiyini deyir. Bildirir ki, mənzilin dəyərinin 5 min dollarını əvvəlcədən ödəyə bilər. Əliyev razılaşır, "müştəri” 5 min dolları sayıb onun masasının üstünə qoyur. Bu vaxt otağa mülki geyimli 4 nəfər daxil olur. "Bu nədir, sən dollarla mənzil satırsan? Bilmirsən ki, dollarla alqı-satqıya icazə verilmir?” deyiblər. MTN-çilər ofisdə olan səndləri toplayaraq gəldikləri qara rəngli "cip”ə yükləyirlər. "Biz getdik, sən də gələrsən MTN-ə” deyərək gediblər.

Ertəsi gün Əliyevə zəng edirlər və MTN-ə çağırırlar. N.Əliyev belə də edir, onu MTN-də qarşılayıb "sənədlərin geri qaytarılmasını ancaq Akif Çovdarov həll edə bilər” deyiblər. MTK rəhbərinin qabağına rəqəm yazılmış kağız da qoyurlar. Kağızda isə "100 min”.

"Kök, iri gözlü, qalın dodaqlı...”

Əliyev isə təbii ki, müqavimət göstərməyə çalışır, bu qədər pulunun olmadığını deyir. Ancaq MTN əməkdaşı xəbərdarlıq edir ki, məbləği verməsə Çovdarov onu basdıracaq içəri. Sonra həmin əməkdaş otaqdan çıxıb harasa gedir, 5 dəqiqədən sonra qayıdıb deyir ki, Çovdarov onu gözləyir. Əliyevi aparırlar Çovdarovun otağına. MTK rəhbəri bu səhnəni belə təsvir edir: " Məni uzunluğu təxminən 8 metr, eni 5 metr olan otağa saldılar. Giriş qapısı ilə üzbəüz qara rəngli, "T” formalı iş masası, masanın arxasında dəbdəbəli kreslo var idi. Kresloda təxminən 50 yaşlarında, kök, qarabəniz, iri gözlü, qalın dodaqlı, başının tükləri kənarda çallaşmış biri oturmuşdu. O, özünü təqdim edib MTN-in idarə rəisi olduğunu dedi. "Niyə deyiləni etmirsən?” deyə qəzəblə mənə bildirdi. Mən deyilən məbləğdə pulumun olmadığını dedim. Çovdarov zəhmlə "get özünə problem yaratma, çıx bayıra, nə deyirlər onu da elə” dedi. Bundan sonra mən otaqdan çıxdım, çöldə məni Çovdarovun yanına gətirən MTN əməkdaşı ilə onun otağına getdik”.

80 min dolları qovluqda verir

N.Əliyev Çovdarovun işçisinin otağında 80 min verməyə razılaşır. Həmin əməkdaş bu rəqəmi Çovdarovla razılaşdırmaq üçün gedir, qayıdıb deyir ki, Çovdarov razılaşdı: "80 min dollar gətir, sənədləri apar”.

Ertəsi gün N.Əliyev evdən 80 min dollar götürüb gedir MTN-ə. Zəng vurub deyir ki, pulu gətirib. Az sonra iş adamının "Toyota Land Cruiser” avtomobilinin arxasında qara "cip” dayanır. Maşından düşən MTN işçisi gəlib onun avtomobilində oturur. Əlindəki qovluğu göstərib deyir ki, sənədlər ondadır, pulu verib götürə bilər. Ancaq N.Əliyev pulu vermir. "Çovdarovun özünə verə bilərəm” deyir.

N.Əliyev 80 min dolları sənədlər üçün qovluğun içinə yığmışdı və onu həmin qovluqla birlikdə aparırla MTN-ə, Çovdarovun kabinetinə. Əliyev pul dolu qovluğu Çovdarovun qabağına qoyur, Çovdarov qovluğu götürüb içinə baxır, 8 "paçka” yüzlük dollara nəzər salır və "Götür sənədləri get, bir də dollarla mənzil satma” deyir. Əliyev canını bu əjdahadan qurtardığına sevinib MTN-dən çıxır. Ancaq onun sevinci çox uzun çəkmir.

Bu dəfə oğlu MTN-dən zəng vurur: "Səni istəyirlər, tez gəl”

2007-ci ilin sentyabrında gecə saat 12 radələrində oğlu Elton N.Əliyevə zəng vurur. "Mən MTN-dəyəm, bunlar səninlə danışmaq istəyir, tez nazirliyə gəl” deyir. Əliyev dərhal MTN-ə yollanır. Onu nazirliyin qapısında qarşılayırlar, içəri aparırlar, girdiyi otaq və otaqda oturan şəxs dərhal ona tanış gəlir-bu ki, bizim rəşadətli MTN generalı Çovdarovdur!

Çovdarov vaxt itirmədən MTK sahibinin üstünə bağırır. "Biz araşdırmışıq. Sənin pulun çoxdur. 500 min dollar verməlisən. Əgər pulu verməsən bir də oğlunun üzünü görməyəcəksən! Sənin pulun çoxdur, verməlisən!” kimi sözlər deyir. N.Əliyev təşvişə düşür, yalvarmağa başlayır, o qədər pulunun olmadığını deyir. Nəhayət Akif Çovdarov onunla 350 min dollara razılaşır. "Pulu gətirmək üçün sənə 1 gün vaxt verirəm!” deyir.

350 min dollar, dəri çanta, Çovdarovun masası...

Səhər açılan kimi MTN-dən ona zənglər gəlməyə başlayır, pulu nə vaxt gətirəcəyini soruşurlar. N.Əliyev bacanağından və iki dostundan cəmi 350 min dollar borc toplayır, axşamtərəfi pulla dolu dəri çanta bilə birlikdə MTN-ə yollanır. Onu qapıda qarşılayıb aparırlar Çovdarovun yanına. N.Əliyev özü ilə gətirdiyi pulla dolu dəri çantanı Çovdarovun masasının üstünə.

Çovdarov çantaya nəzər salır, deyir: "Get, oğlunu buraxdıracam”. Əliyev təəcüblənir-axı Çovdarov heç çantanı açıb baxmadı, pulu saymadı. Tam əmin olmaq üçün bir də çantanı göstərib deyir: "Akif müəllim, dediyiniz məbləğ hazırdı”. Çovdarov cavab verir: "Sənə dedim ki, get! Oğlunu buraxacaqlar”.

Həmin gün oğlu Eltonu MTN-dən buraxırlar. Oğlu danışır ki, MTN-çilər onu Atatürk prosektində, "Texnikabank”ın qarşısında dayanarkən qamarlayıb aparıblar. Səbəb göstərməyiblər, ancaq MTN-də atası barədə suallar veriblər. Sonra "atana de, gəlsin” deyiblər.

Bu dəfə lap betər ilişir

N.Əliyevin Çovdarovla görüşü bununla da bitmir. Növbəti dəfə o, əmlak dələduzluğu ittihamı ilə ilşir və daha böyük məbləğdə "tərləməli” olur. Bu epizod isə belə başlayır ki, N.Əliyev Günəşlidə bina tikintisi zamanı armatur alverçisi Yıldırım Əsgərovla tanış olur. Yıldırım ona nisyə bir maşın armatur verir. Əvəzində N.Əliyev tikdirdiyi binadan ona 1 otaqlı mənzil rəsmiləşdirir. 2009-cu ilin dekabrında Yıldırım ona zəng vurub deyir ki, Ziya Bunyadov prospektində, ümumi sahəsi 1020 kvadratmetr olan ticarət mərkəzini 1.2 milyon dollara satmaq istəyir. N.Əliyev təklifdən şirniklənir, ancaq deyir ki, bu qədər pulu yoxdur. Yıldırım istəsə obyekti onun Günəşlidəki binasında eyni dəyərdə mənzil və qeyri-yaşayış sahəsi ilə barter edə bilər. Yıldırım bu təklifə razılaşır, ticarət mərkəzinin onun özünə məxsus olduğuna Əliyevi əmin edir.

Beləliklə, N.Əliyev Yıldırım Əsgərova ticarət mərkəzini almaq üçün razılaşma əsasında 180 min manat nəğd pul, bir də Günəşlidəki binadan mənzil, obyekt verir. Sənədləşmə notariusda təsdiqlənərkən ticarət mərkəzinin "kupça”sında adları olan daha iki nəfərin də imza atmalı olduğu üzə çıxır. İki gün sonra yenidən tərəflər notarisuda görüşürlər, Əliyevin tanımadığı ər-arvad gəlib sənədlərə qol çəkib gedir. Alqı-satqı tamamlanır, 10-15 gün sonra N.Əliyev ticarət mərkəzini VTB Bank-a girov qoyaraq 1.5 milyon dollar kredit götürür.

Ticarət mərkəzinin yeni sahibləri, Alının zəngi

 "Badu Kubə" MTK-nın Günəşlidə tikdiyi bina

Aradan 5 ay keçmiş Zamin adlı şəxs N.Əliyevlə əlaqə saxlayıb deyir ki, ticarət mərkəzinin 50 faizi ona məxsusdur. N.Əliyev bundan xəbərsiz olduğunu deyir, Yıldırımı axtarır, ancaq tapa bilmir. Ardınca Elçin, Rauf və Ceyhun adlı daha üç nəfər də ticarət mərkəzində paylarının olduğunu bildirir. Məsələ qəlizləşir. Elçin hədələyir ki, əgər onların payını qaytarmasa MTN-ə şikayət edəcək.

MTN adı eşidəndə Əliyevin canına dərhal vicvicə düşür. Şikayətlərin qarşısını almaq üçün Günəşlidəki binadan 600 min dollar dəyəri olan qeyri-yaşayış sahəsini Zaminin adına sənədləşdirir. Qalanlara da deyir ki, pulu tapmaq üçün ona möhlət versinlər.

Lakin aradan bir neçə gün keçmiş MTN-dən özünü "Alı” kimi təqdim edən (Çovdarovun işçisi) ona zəng vurub deyir: "Dərhal nazirliyə gəl, barəndə şikayət var”.

"Əlimə yaxşı düşmüsən, basacam səni podvala...”

N.Əliyev nazirliyə yollanır, onu qarşılayıb Çovdarovun kabinetinə aparırlar. Burada Çovdarov köhnə qurbanını görən kimi bağırır: "Əlimə yaxşı düşmüsən. Səni çoxdandır axtarırdım. Bu nədir? İndi də başqasının əmlakını ələ keçirirsən?”. İş adamı günahsız olduğunu başa salmağa cəhd eləsə də Çovdarov onu heç dinləmir: "1 milyon dollar verməlisən. Yoxsa basacam səni podvala, bir də oradan çıxmayacaqsan!”.

N.Əliyev bildirir ki, 1 milyonu yoxdur və bu məbləğdə pulu tapması da mümkün deyil. Çovdarov ona kompromis təklif edir: "Tikdirdiyin binada 1 milyon dəyərində mənzilləri mənim dediyim adamların adına rəsmiləşdirəcəksən!”.

 "Yeni Yasamal" MTK-nin yarımçıq qoyduğu bina

1 milyon dollarlıq mənzillər Çovdarovun adamlarına

Bundan sonra N.Əliyevi MTN-in nəzarət-buraxılış məntəqəsinin 2-ci mərtəbəsinə aparırlar. 2 gün orada dəhlizdə, nəzarət altında saxlayırlar. Həmin müddət ərzində MTN-çilər guya ticarət mərkəzini satan Yıldırımı axtarırdılar. 2 gün sonra Alı qayıdıb deyir ki, Yıldırımı tapa bilməyiblər və bu işə görə cavabdeh N.Əliyevdir. Deməli 1 milyonu da  o ödəməlidir, mənzil şəklində.

N.Əliyev deyir ki, "Badu Kubə”nin Günəşlidə tikdiyi binada satlıq mənzil qalmayıb. "Yeni Yasamal” MTK-dan isə onun mənzil satmaq hüququ yoxdur, belə hüquq anaq Cahangir Alışovdadır. Bundan sonra "Yeni Yasamal” MTK-nın təsisçiləri Alışov və digərlərini MTN-ə çağırırlar. Onları məcbur edirlər ki, MTK-nın Yasamaldakı tikdiyi 16 mərtəbəli binadan ümumi dəyəri 1 milyon dollar olan bir neçə mənzili Çovdarovun adamlarının adına rəsmiləşdirsinlər.

İstintaq Nəsib Əliyevi bu epizod üzrə Akif Çovdarovla üzləşdirmək istəyib. Lakin Çovdarov Əliyevin onu ifşa edəcəyini bilərək üzləşdirmədən imtina edib...

Qeyd edək ki, "Yeni Yasamal" MTK-nın və "Badu Kubə" MTK-nın sahiblərinin  özləri də bir mənzili bir neçə nəfərə satmaq, vətəndaşları kütləvi şəkildə aldatmaq kimi əməllərdə ittiham olunurlar. Ötən ilin noyabrında "Yeni Yasamal" MTK-dan mənzil almaq üçün illər əvvəl pul ödəmiş bir qrup vətəndaş aksiya keçirmişdi. Onlar deyirdilər ki, Cahangir Alışova pul ödəyiblər, ancaq 9 ildir ki, bu adam binanı tikib təhvil vermir. Barəsində dəfələrlə şikayət etsələr də tədbir görən olmur...

Oxşar xəbərlər

"Moda" mağazası açdı, Çovdarov müflis edib ölümünə səbəb oldu

"Moda" mağazası açdı, Çovdarov müflis edib ölümünə səbəb oldu

Ötən ilin oktyabr ayının 17-də MTN şefi Eldar Mahmudov tutduğu vəzifədən kənarlaşdırıldıqdan, adıçəkilən qurumdakı məlum həbslərdən sonra "General bandası"nın ç...

2998 Hadisə 15:17 21 oktyabr 2016

Son xəbərlər