Kirayə evə qadın gətirdi, ev sahibi polisə xəbər verdi və... - Dəhşətli qətlin təfərrüatı
Zaqatala rayonunda 2011-ci il fevralın 24-də öldürülmüş 1950-ci il təvəllüdlü Seyran Əyyubovanın qətlinin üstü 9 il sonra açılıb.
BAKU.WS “teleqraf.com”a istinadən xəbər verir ki, qətl hadisəsini törədən 1973-cü il təvəllüdlü Polad İsmayılov 2020-ci ildə həbs olunub və onun Seyranı qətlə yetirməsi sübut olunub.
Tərtər rayon sakini Polad təxminən 1997-ci ildən başlayaraq ayrı-ayrı vaxtlarda yük maşını ilə mişar daşı gətirib, Zaqatala rayonunda həmin daşın fərdi qaydada satışı ilə məşğul olub.
O, həmin vaxtlardan günlük ödəniş etməklə Zaqatala rayon sakini Seyranın fərdi yaşayış evində kirayə qalıb və qaldığı dövrdə cinsi ehtirasını təmin etmək məqsədilə ayrı-ayrı qadınlarla tanış olub, onlarla ayrı-ayrı yerlərdə yaxınlıq edib.
10 il əvvəl baş verən qətl
Poladın kirayədə qaldığı evdə başqa qadınlarla görüşməyə cəhd etməsi ilə bağlı ev sahibi Seyran arasında əvvəllər də narazılıq yaranıb. 23 fevral 2011-ci ildə mişar daşı satmaq məqsədilə o, qohumu ilə birlikdə yenidən Zaqatala rayonuna gəlib.
Fevralıb 23-dən 24-nə keçən gecəni Seyrana məxsus evdə gecələməyə qərar verib. Havanın soyuq olması ilə bağlı evdəki sobanın yanında olan çarpayıda yatmaq istəsə də, Seyran həmin çarpayıda başqa şəxsin gecələyəcəyini bildirib, çarpayıdan istifadə etməyə Polada icazə verməyib.
Polad səhəri gün yuxudan oyananda çarpayını boş görüb, Seyranın bilərəkdən həmin çarpayını onun istifadəsinə verməməsi qənaətinə gəlib. O, təklikdə bununla bağlı Seyrana narazılığını bildirib.
Polad onunla anası kimi davranmasını xahiş etməsinə baxmayaraq təbiətcə söyüşkən olan Seyran onun ünvanına nalayiq sözlər işlədib.
Saat 9 radələrində Polad qohumu və digər şəxslərlə birlikdə evdən çıxıb və daş bazarına gedib. Seyranın onu təhqir etməsi, həmçinin əvvəllər də evə qadın gətirməsinə razılıq verməməsi ilə bağlı məsələni aydınlaşdırmaq məqsədilə saat 11.30-da geri qayıdıb.
Ev sahibi ilə kirayəçi həyətdə söhbət edərkən onların arasında mübahisə yaranıb. Mübahisə zamanı Seyran yenidən onun ünvanına nalayiq söyüşlər işlədib, Polad qadını öldürmək qərarına gəlib.
Həyətdə kimsənin görə biləcəyindən ehtiyat edib, söhbəti davam etdirmək üçün Seyranı evin otaqlar olan hissəsinə keçməyi təklif edib.
Seyran qabaqda, o isə onun arxasınca evə giriblər. Giriş qapısından sol tərəfdə qoyulmuş masanın üzərində olan bıçağı götürən Polad ona çoxsaylı zərbələr vurub. Qadın aldığı xəsarətdən hadisə yerində ölüb.
İstintaq orqanı tərəfindən Poladın barəsində Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham elan edilib.
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Polad ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib. O, bildirib ki, 1996-cı ildən kirayəyə "MAZ-5549" markalı avtomobil götürüb və Qaradağ rayonu ərazisində yerləşən daş karxanasından mişar daşları alıb, Zaqatala və Gəncə şəhərlərində satmaqla məşğul olub: "1996-cı ildən hər dəfə Zaqatala rayonuna gələn zaman Seyranın evində qalmışam.
Gətirdiyim malı gün ərzində Zaqatala bazarında satıb, axşam Seyranın evində gecələmişəm. Seyranla aramda heç vaxt hər hansı bir münaqişə və ya narazılıq olmayıb".
Evini kirayə verən qadının həyat tərzi
Təqsirləndirilən şəxs deyib ki, Seyran zarafatcıl, şən və təmizkar qadın olub: "Tanıdığım müddət ərzində Seyranın pis hərəkəti ilə rastlaşmamışam.
Gündəlik evində qalmağa görə adambaşı köhnə pulla 2000-3000 manat pul alıb. Evinin otaqlarında bir-birinin yanında 10-a yaxın çarpayı yerləşdirib, evdə qalan şəxslərin demək olar ki, hamısı uzaq yerlərdən Zaqatala rayonuna mal satmağa gələn şəxslər olub.
Son zamanlar kirayənişinlərdən adambaşına iki manat kirayə haqqı alırdı. Hətta elə günlər olub ki, Seyranın evində 17 nəfər gecələyib".
Daş alverçisi, kartof satan və "Mayor"
Polad qeyd edib ki, kirayə götürdüyü "Kamaz-5511" markalı avtomobili fevralın 4-dən Zaqatala rayonu, Yuxarı Tala kəndində yerləşən "Sum-2" adlanan motelin dayanacağına qoyub:
"13 fevral 2011-ci ildə qohumum Nicatın idarə etdiyi "Kamaz-5511" markalı avtomobillə Zaqatala rayonuna mal gətirdik. Nicatla fevralın 13-dən 19-dək Seyranın evində qaldıq. Daha sonra fevralın 23-nə keçən gecə Nicatla birlikdə yenidən Zaqatala rayonuna mal gətirdik. Həmin gecəni maşında yatdıq.
Fevralın 23-dən 24-nə keçən gecə isə Seyranın evində qaldıq. Həmin gecə bizimlə birlikdə Seyranın evində Şamaxı rayonundan İsmayıl adlı mişar daşı satışı ilə məşğul olan şəxs, Göyçay rayonundan meyvə satışı ilə məşğul olan şəxs, həmin şəxsin nəvəsi və yeznəsi, Yevlax rayonundan quru ot satışı ilə məşğul olan Qüdrət adlı oğlan və onun iki qohumu, Tovuz rayonundan kartof satışı ilə məşğul olan "Mayor" ləqəbli bir nəfər şəxs gecələdik. İsmayıl adlı şəxslə Seyran 3-5 ildir ər-arvad münasibətində birlikdə yaşayırdı".
Gecəyarısı Ağaməmməd niyə gəlməyib?
Polad bildirib ki, fevralın 24-də, saat 08.45-də Nicat, İsmayıl, Qüdrət və onun iki nəfər qohumu birlikdə Seyranın evindən çıxaraq bazara gediblər: "Gecə evdə qalan digər şəxslər isə səhər tezdən evdən getmişdilər. Həmin vaxt Seyranın davranışlarında qəribə bir şey hiss etmədim.
Seyranın oğlunun da adı Polad olduğundan səhər tezdən yuxudan duran zaman Seyrana ana gözü ilə baxdığımı, gecə məni xəstəxana çarpayısında yatızdırdığını söylədim. Gecə otaqda olan nisbətən enli və rahat çarpayı boş qalmışdı. Həmin vaxt Seyran gülümsəyərək "Ağamməd gəlməyib, gərək orada yatardın" ifadəsini işlətdi.
Ağamməd adlı şəxs gecələmək pulunu ödəsə, gecə saat 3-də gələcəyini desə də, evə gəlməmişdi. Həmin gün səhər tezdən Seyran bizi yola salanda əhval-ruhiyyəsi yaxşı idi. Həmin gün saat 17 radələrində bazarda olan zaman isə Seyranın ölüm xəbərini qohumum Nicatdan eşitdim".
"O mən olmamışam"
Polad məhkəməyədək icraat zamanı 2 fevral 2020-ci ildə verdiyi ifadəsində göstərib ki, ailə üzvləri ilə birlikdə yaşayır:
"Hazırda "Meqa Trans" şirkətində sürücü işləyirəm. İşimlə əlaqədar müxtəlif ölkələrə TIR tipli yük maşını ilə yük aparıram. Hadisə günü evdən saat təxminən 08.45-də qohumum Nicat, Seyranla ər-arvad münasibətində yaşayan İsmayılla birlikdə çıxdıq, daş bazarına getdik.
Təxminən saat 14 radələrinə qədər bazarda "Kamaz" markalı avtomobili xarab olduğu üçün onu düzəltməklə məşğul olduq. Sonra isə qohumum Nicat zəng edərək polisə çağırıldığımı söylədi. Mən də polis şöbəsinə gedərək ifadə verdim".
Təqsirləndirilən şəxsin sözlərinə görə, saat 08.45-dən saat 14 radələrinə qədər Seyranın evinə qayıtmayıb: "Hadisə günü əynimdə cins şalvar, qara rəngli dəri kurtka olub. Fevralın 24-də və ya ondan qabaqkı günlərdə nazik siqaret çəkmişəm, siqaretin qutusu ağ rəngli, eni bir o qədər enli olmayan qutu olub. Lakin həmin siqaretin markasını dəqiq xatırlamıram.
Hadisə günü əynimdə məhz göy rəngli cins şalvar və qara rəngli dəri gödəkçə olsa da, fevralın 24-də, saat 11.10-da Seyranın yaşadığı evin qarşısında söhbət etdiyi hündürboylu, əynində cins materialdan göy rəngli şalvar, qara rəngli dəri kurtka olan şəxs mən olmamışam.
Ümumiyyətlə saat 08.45-dən saat 14 radələrinə qədər, yəni Seyranın öldürülməsini eşidənə qədər onun evinə qayıtmamışam. Hadisə günü və onun axşamı evdə qanaxma ilə muşayiət olunan xəsarət almamışam. Seyran ümumiyyətlə evdə siqaret çəkməyə icazə verməyib. Seyranın evdən çıxan zaman mənə və ya əri İsmayıla kimisə gözlədiyini, evə kiminsə gələcəyi barədə bir söz deməsini xatırlamıram.
Hadisə günü daş bazarında Nazimin kafesində nahar vaxtı təxminən saat 13 radələrində Nicatla birlikdə kartof qızartması və toyuq əti yemişik.
Həmin vaxt Nicatla yemək yeyən zaman 200 qram araq içmişəm. Seyranın evində qalan şəxslərdən kiminləsə hadisə günü və ondan əvvəlki günlərdə mübahisə və ya münaqişəsinin olub-olmaması barədə bir şey eşitməmişəm".
"Çarpayını boş gördüm"
Polad həmçinin göstərib ki, 2011-ci ilin fevral ayı soyuq olub:
"Bu səbəbdən fevralın 23-də gecələmək üçün Seyranın evinə gəldikdən sonra mənə sobanın yanında yer verməsini xahiş etmişəm. Seyran isə oranı başqa adama verdiyini deyərək həmin yeri mənə vermədi. Məni başqa çarpayıda yerləşdirdi.
Sabahısı yuxudan oyandıqda sobanın yanındakı çarpayını boş gördüm. Seyrandan nəyə görə həmin çarpayını mənə vermədiyini soruşdum. Seyran isə qalası adamın gəlmədiyini bildirdi. Həmin gün səhər tezdənSeyran bizi yola salan zaman əhval-ruhiyyələri yaxşı olub, həmin gün saat 17 radələrində bazarda olan zaman isə Seyranın ölüm xəbərini qohumu Nicatdan eşitdim".
Polad 26 fevral 2020-ci ildə videoçəkilişlə verdiyi ifadəsində göstərib ki, 23 fevral 2011-ci ildə Bakı şəhərindən Zaqatalaya satmaq üçün mişar daşı gətirib, mişar daşı satılmadığından gecə qohumu-atasının anası nəvəsi Nicatla Zaqatala rayonunda Seyran adlı qadının evində qalıb:
"Zaqatala rayonuna axşam tərəfi birbaşa daş bazarına gəldik. Daş satılmadığı üçün gecəni Zaqatalada qalası olduq. Gecəni Seyranın evində yatdıq.
Fevralın 24-də, saat 08-09 arası yuxudan durduq. Nicat və Seyranla ər-arvad kimi yaşayan İsmayıl ilə birlikdə evdən çıxdıq. Ayaqqabımın bağını bağlayarakən İsmayıl və Nicat qabaqcadan evdən çıxmışdı".
Ailə pozğunluğu, yoxsa...
Polad daha sonra ifadəsində qeyd edib ki, 2009-cu ildə Seyranın evində bir qadınla görüşüb, Seyran onu polisə satıb: "Seyranın həmin hərəkəti ilə bağlı 2011-ci ildə söhbət etmək qərarına gəldim. Evdən çıxan zaman Seyran arvada "niyə sən məni polisə satmışdın?" dedim. Seyran da nalayiq sözlərlə məni təhqir etdi.
2009-cu ildə bir xanımla Seyranın evində görüşdüm. Bunun üçün Seyran məni polisə satmışdı. Görüş zaman Seyrana pulumu vermişdim.
Qadınla görüşüb, qapıdan çıxan zaman qapıda polis əməkdaşı ilə rastlaşdım. Polis mənə ailə pozğunluğu yaratdığımı bildirdi, şöbəyə aparacağımla hədələdilər.
Həmin xanımın ailəsi dağılmasın deyə polisə 600 manat verdim, görüşdüyüm qadın Zaqatala rayonundan Nərminə (ad şərti verilib - red.) olub. Səhər evdən çıxarkən Seyrandan məni niyə polisə satmağını soruşdum. Seyran mənə qarşı nalayiq ifadə işlətdi.
Seyrana "ömrün tükənsin, ömrün tükənəndə deyərsən" sözlərini dedim. Nərminənin ailəsi də məhz Seyran qadını satdığı üçün dağılıb. Bu məsələ mənə pis təsir etdi. Bu problemlə bağlı 2009-cu ildə evimə də zəng gəldi. Bundan sonra mənim ailəm də dağılmaq vəziyyətinə çatdı. Yoldaşım mənə xəyanət etdiyimi söylədi".
İki ailənin dağılmasına səbəb nə olub?
Poladın sözlərinə görə, fevralın 24-də evdən çıxıb və taksi ilə daş bazarına gedib: "Orada səhər yeməyini yedim. Həmin gün saat 11-ə qalmış Nicata maşınının yanına getdim və mənim də daşımı satmasını dedim. Maşınım sökülü vəziyyətdə olduğu üçün onu düzəltmək lazım oldu. Buna görə maşınımın yanına getdim, paltarlarımı dəyişdim. İş formasını geyindim.
Təzədən maşında saxladığım spirtli içkidən bir stəkan içdim. Bundan sonra yola çıxdım və tanımadığım taksi ilə Seyranın evinə gəldim. Məqsədim Seyrandan məsələni bu vəziyyətə çatdırmasının səbəblərini soruşmaq olub. Nərminənin ailəsi dağılmış, çox fəsadlar vermişdi. Seyranı öldürmək və ya başqa təmənna üçün yox, söhbət etmək üçün gəlmişəm.
Taksidən Seyranın evinə çatmamış düşdüm. Həmin vaxt tək idim, qapını döydüm. Seyran kim olduğumu soruşduqda, ona adımı bildirdim. Seyran mənə təzə getdiyimi, niyə geri qayıtdığımı soruşdu. Seyrana yalandan axşam 3 nəfər olacağımızı bildirdim, qalmağa yerinin olub-olmadığını soruşdum. O, qapını açdı və içəri girdim. Sözümü demək məqsədilə qapını bağladım. Seyran qışqırmaq istədikdə, əlimlə onun ağzını tutdum. Dedim ki, gəl gedək evdə söhbət edək, burda qışqırmaqla iş getmir".
Polad deyib ki, bundan sonra rahat şəkildə evə gediblər: "Seyranı içəri saldım, qorxutmaqla məni satmasının səbəblərini deməsinə nail olmaq məqsədilə giriş qapısının qarşısındakı yay üçün açıq tipli mətbəxdəki stolun üstündən bıçağı götürdüm, sonra içəri girdim.
Bu vaxt Seyran qışqırmaq istədi. Onu öldürməyəcəyimi dedim, qışqırmamasını istədim, məni satmasının səbəblərini soruşdum. Seyran isə yaxşı edib, məni satdığını dedi. Söyüş söydü, məni təhqir etdi. Rəhmətə getmiş atamın ünvanına da söydü.
Bundan sonra özümdən asılı olmayaraq Seyranı bıçaqla vurdum. Əvvəlcə otaqda sinə nahiyəsindən bıçaqla vurdum. Qaçmaq istədikdə qolundan tutaraq saxladım. Təxminən 9-12 zərbə vurdum. Zərbələri vurduqdan sonra Seyran yıxıldı. Mən isə hadisə yerindən qaçdım".
Qandonduran qətlin etirafı
Təqsirləndirilən şəxsin sözlərinə görə, aradan xeyli keçdikdən sonra Nicat Daşqın adlı polisin gələrək onları şöbəyə aparıbdığını deyib: "Mən Nicata fikir vermədim. Nicatı şöbəyə apardılar. Bir qədər sonra Nicat mənə zəng edərək şöbəyə çağırdı. Mən də polis şöbəsində hadisə ilə bağlı izahat verdim. Daha sonra yenidən qayıdaraq maşınımı düzəltdim, Nicatla dal-qabaq Tərtər rayonunun Kəngərli kəndinə getdik. Kəngərlidə maşınını düzəldib, Bakıya yola düşdük.
Kürdəmir ərazisindəki Girdiman çayının körpüsündə dayandım, hadisə vaxtın istifadə etdiyim bıçaq və əynimdə olan paltarları sellofan torbada həmin çaya atdım".
Qatil cinayəti niyə 9 il sonra etiraf etdi?
Poladın ifadəsinə görə, törətdiyi cinayət əməlindən peşmandır: "Cinayəti törətdikdən sonra 9 il ərzində daxili narahatçılıq keçirmişəm. Cinayət barədə bu günədək heç kəsə məlumat verməmişəm. İşdə adı keçən Nərminlə ər-arvad kimi yaşamışam. Bu işlə bağlı polisə pul vermişəm, polis şöbəsində heç bir araşdırma olmayıb. Nərmin adlı həmin qadın Zaqatala rayonunda yaşayır. Nərminlə ildə 7-8 dəfə görüşmüşük".
Bu cinayət işinə Şəki Ağır Cinayətlər Məhkəməsində baxılıb.
Polad 11 il müddətinə azadlıqdan məhrum edilib.
Hökmdən narazı qalan Polad apellyasiya şikayəti verib. O, günahsız olduğunu, barəsində bəraət hökmünün çıxarılmasını istəyib.
Poladın şikayətinə Şəki Apellyasiya Məhkəməsində hakim Gündüz Abbasovun sıdrliyi ilə baxılacaq.
Oxşar xəbərlər
Əri Rusiyada olan qadın tanış olduğu kişi ilə saunada görüşdü - Döyüldü və zorlandı
Bakıda 1989-cu il təvəllüdlü Aqşin Ağayev sosial şəbəkədə tanış olduğu qıza qarşı seksual xarakterli hərəkətlər edib. BAKU.WS “teleqraf.com”a istinadən xəbər ve...