“Fairmont Baku” otelinin rəhbəri də cərimələnib? - DİN-dən REAKSİYA

“Fairmont Baku” otelinin rəhbəri də cərimələnib? - DİN-dən REAKSİYA
Hadisə 1787

Nazirlər Kabineti yanında Operativ Qərargahın müəyyən etdiyi qaydaları pozan, sanitar-epidemioloji vəziyyəti nəzərə almadan, koronavirusa qarşı mübarizə tədbirlərini görməzdən gələn, vəzifəsindən asılı olmayaraq hər kəs qanun qarşısında məsuliyyət daşıyır.

BAKU.WS xəbər verir ki, bunu Modern.az-ın sorğusuna cavab olaraq Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov “Fairmont Baku” otelinin rəhbərinin məsuliyyətə cəlb olunub-olunmadığı məsələsinə münasibət bildirərkən deyib.

E.Zahidov deyib ki, qanunu pozanların kim, yaxud kimin qohumu olması nəzərə alınmır:

“Biz koronavirusa qarşı mübarizə tədbirləri həyata keçiririk. Orada məsuliyyətə cəlb edilənlərin kimliyi tərəfimizdən açıqlanmır”.

Daxili İşlər Nazirliyinin dünən yaydığı məlumatda bildirilib ki, paytaxtın Səbail rayonundakı oteldə xüsusi karantin rejim qaydalarına əməl olunmayan, sosial məsafənin, mövcud preventiv tədbirlərin şərtlərinin pozulması ilə müşayiət olunan görüntülərlə bağlı müvafiq nəzarət-profilaktik tədbir keçirilib.

Səbail RPİ əməkdaşlarının keçirdiyi müvafiq tədbirlərlə yayılan görüntülərdə əks olunan şəxslər müvafiq polis idarəsinə dəvət olunaraq barələrində inzibati tənbeh tədbiri tətbiq olunub.

Saxlanılan şəxslərin hər biri ilə profilaktik, izahedici söhbətlər aparılaraq onların diqqətinə çatdırılıb ki, bu əməllər ölkədə tətbiq olunan epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin qaydalarına zidd olmaqla, insanların həyat və sağlamlığı üçün risk daşıyır. Onlar izahatlarında bu hərəkətlərindən peşmanlıqlarını ifadə ediblər.

Saxlanılan şəxslər İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq məsuliyyətə cəlb ediliblər.

Son xəbərlər