General bacısı oğlunun həbsindən danışdı
06
noy
2017
18:51
Bakı Şəhər Dövlət Yol Polis İdarəsinin keçmiş rəisi, Bakı Şəhər Baş Polis İdarəsinin (BŞPİ) rəis müavini, general-mayor Həsən Şirinov bacısı oğlu Cahangir Əliyevin məhkəmənin qərarını icra etmədiyinə görə barəsində 20 günlük həbs qərarı verilməsi məsələsinə münasibət bildirib.BAKU.WS virtualaz.org-a istinadən xəbər verir ki, Həsən Şirinov yerli KİV-ə açıqlamasında deyib ki, qanun qarşısında hər kəs eyni məsuliyyət daşıyır: “Qanunu pozan şəxsin mənim bacım oğlu və ya övladım olması onların məsuliyyətdən yayınmasına heç bir əsas vermir. Azərbaycan hüquqi dövlətdir, burada hamı qanunların tələblərinə əməl etməlidir. Bu cür hallarda mənim adımın hallandırılması doğru deyil. Bilirsiniz, hər bir adam haqqında danışmamışdan, yazmamışdan öncə, gərək onun barəsində dəqiq məlumatlar öyrənilsin. O zaman həmin adamların buna layiq olub-olmaması bəlli olacaq. Hər kəs öz əməlinə görə cavabdehdir. Nə olsun ki, kimsə mənim bacım oğludur? Məgər bu onun məsuliyyətdən yayınmasına əsas verir? İndi qardaş qardaşa, ata övladına cavabdeh deyil. Mənim haqqımda kim nə yazırsa, yazsın... Əgər bacım oğlu qanunun tələblərinə əməl etməyibsə, o zaman gedib qanun qarşısında cavab verməlidir. Mən hər zaman qanunun tərəfindəyəm, kim doğrudursa, onun yanındayam, haqq-ədalətin tərəfindəyəm. Əgər mən də qanunu pozsam, onun cəzasını çəkməyə hazıram. Mən qanunun tələblərinə əməl edən adamam. Azərbaycanda qanunların əsas gözəlliyi odur ki, indi kim günahkardırsa, kim qanunu pozubsa, o məsuliyyət daşıyır. Daha Sovet İttifaqı dövründə olduğu kimi, sırf atanın əməlinə görə oğul və ya digər qohumlar məsuliyyətə cəlb olunmur. Nə qədər adam tanıyıram ki, oğlu həbsxanada olsa da, ata vəzifəsində qalır. Çünki hər kəs öz əməli qarşısında məsuliyyət daşıyır”.Polis generalı daha sonra deyib: “Əgər mənim oğlum qanunun tələblərini pozsa, mən onun məsuliyyətdən yayınmasına əngəl olmaram. Əgər oğlum doğrudan da qanunu pozsa, gedib cəzasını çəkər. Əgər cənab Prezidentimiz deyirsə ki, hamı qanunun tələblərinə əməl etməlidir və heç bir vəzifə onları məsuliyyətdən yayındıra bilməz, deməli, bu belə də olmalıdır. Hər kəs bu dövlətə xidmət etməli və cənab Prezidentin ətrafında sıx birləşməlidir”.Bir daha xatırladaq ki, polis generalı H.Şirinovun bacısı oğlu Cahangir Əliyev məhkəmənin qərarına əməl etmədiyinə görə 20 sutkalığına həbs olunub.BAKU.WS
Oxşar xəbərlər
Polis general-mayorun oğlu həbs olundu
Bakı Şəhər Baş Polis İdarəsinin (BŞPİ) rəis müavini, general-mayor Həsən Şirinovun bacısı oğlu Cahangir Əliyev məhkəmə qərarını icra etmədiyinə görə barəsində 2...