“Eldar Mahmudov toy eləyir, cibxərci lazımsa 10 min verim...”

“Eldar Mahmudov toy eləyir, cibxərci lazımsa 10 min verim...”
Hadisə 11329
 

Mövlam Şıxəliyevi 1992-ci ildən tanıyıb. Etibar Əliyev həbsdə olduğu dövrdə təsadüfən toyda Şıxəliyevi görüb, ondan "Texnikabank”la bağlı işin nə yerdə olduğunu soruşub. Ertəsi gün onu MTN-ə çağırıb, orada bir otağa salıblar.

Dediyinə görə, Vüsal Ələkbərov orada onu hədələyib: "Mənə dedi ki, dövlətçilik əleyhinə danışırsan, hökümətə qarşı çıxırsan. Bildirdim ki, mən YAP-ın üzvüyəm, vəsiqəmi də göstərdim. Başladı tikinti şirkətlərimi saymağa. Axşamacan saxlayıb, buraxanda da dedi ki, "sabah tikintilərlə bağlı icazə sənədlərini də götür, gəl MTN-ə”. Mən Mövlam Şıxəliyevlə görüşmək istədiyimi bildirdim. Əvvəl müavini Təhsin Ağayevin yanına apardılar, sonra da özünün. Kabinetə girəndə, salam vermədim. Mövlam səbəbini soruşanda cavab verdim ki, "dünən toyda sənə salam verdim, məni MTN-ə gətizdirdin, indi də salam versəm, tutub ya həbs eləyəcəksən, ya da asacaqsan”. Dedi ki, sən tikinti ilə məşğulsan, yoxlatdırsam, evindən 10 milyon pul çıxar. Dedim, sən məndən də çox tikinti işi ilə məşğulsan”.

Akif Qurbanovun sözlərinə görə, ondan 1 milyon manat tələb edərək, əks halda həbs olunacağını bildiriblər: "Dedim ki, bilirəm, şefiniz (Eldar Mahmudov) toy eləyir, cibxərci lazımdısa, 10 min manat verim. Təhsin Ağayev qışqırdı ki, "boş-boş danışma”. Mənim özümün də, oğlanlarımın da həbs olunacağını dedilər”.

Akif Qurbanov deyir ki, 1 milyon manatı şəxsən Vüsal Ələkbərova verib, o da pulu Mövlam Şıxəliyevə çatdıracağını bildirib: "Vüsal Ələkbərov burada icraçı olub, yəqin ona da həmin puldan 5-10 faiz çatıb”.Zərərçəkmiş qeyd edib ki, MTN-in tikinti işlərinə də qarışdığını görəndən sonra ölkəni tərk edib: "Gördüm ki, burada mümkün deyil”.

"Texnikabank”da əmanəti olmuş zərərçəkmiş Nizami Kazımov da deyir ki, onu MTN-ə çağırıb 3 milyon manat tələb ediblər. Verməyəndə isə barəsində cinayət işi başlanıb, sifarişlə Səbail Rayon Məhkəməsində həbs-qətimkan tədbiri seçilməsinə nail olublar. Üç ay həbsdə qalandan sonra 2 milyon verib, canını qurtarıb – haqqındakı cinayət işinə xitam verilib.

"Məni həbs-qətimkan tədbiri seçmək üçün Səbail Rayon Məhkəməsinə aparanda, orada hakimə dedim ki, bankda əmanətim olub, o da batıb, indi məni tutub gətiriblər, mən heç bir cinayət törətməmişəm. Hakim üzümə baxdı, dedi ki, "mən neyləyə bilərəm?”. Sonra Vüsal Ələkbərov məni zaldan çıxardı. Özüm olmadan haqqımda həbs qərarı verildi. Osman Kazımovu vəkil tutmuşdum, Vüsal Ələkbərov təzyiq göstərib, məni ondan imtina eləməyə məcbur etdi. Mənə dövlət hesabına Cahangir adlı bir vəkil verdilər. Düzdü, mədəni insan idi, amma bunların dediyi ilə oturub-dururdu. MTN-də mənimlə əsl alver gedirdi. O vaxt Hacı Məmmədov insanları evindəki bunkerlərdə saxlayırdı, pul alıb buraxırdı. Bunlar da MTN-də saxlayıb, pul alıb buraxırdılar”, - bunlarzərərçəkən Nizami Kazımovun məhkəmədə dedikləridir.

O, təzyiqlərə dözməyərək, 2 milyon manat verməyə razılaşdığını söyləyib. Əvvəlcə qohumları 1 milyon düzəldib verib, onu buraxıblar. Ardınca qalan 1 milyonu da çatdırıb.

Zərərçəkmiş Hüseyn Səfərov da deyir ki, "Texnikabank”da pulu batandan sonra MTN-ə çağrılıb və ondan şantajla 2 milyon manatını, 2 kiloqram da qızılını alıblar. O da əvvəl pul vermədiyi üçün barəsində həbs-qətimkan tədbiri seçilib: "Mövlam Şıxəliyev dedi ki, nazir Eldar Mahmudovun tapşırığıdır, bu pulu düzəldib, Vüsala çatdırmalısan. Dedim ki, qoy 2 milyon manat nəzir payınız olsun. Sonra 1 milyonu yaxınlarım düzəldib gətirdi, məni buraxdılar. Qalan 1 milyonu da verəndən sonra cinayət işinə xitam verildi”.

Məhkəmədə dindirilən zərərçəkmiş Elşən Mədətov deyir ki, 2007-ci ildə "Texnikabank”a 677 min avro pul qoyub. 2008-ci ildə bankın rəhbəri həbs olunandan sonra onu MTN-ə çağırıb 300 min dollar tələb ediblər. Axırda Vüsal Ələkbərova 250 min verib, canını qurtarıb.

Məhkəmə fevralın 2-də davam edəcək.

Son xəbərlər