"İlhamə Quliyeva məni bıçaqla yaralayıb"

İlhamə Quliyeva məni bıçaqla yaralayıb
Hadisə 1345

 

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində mərhum xalq artisti İlhamə Quliyevanın sabiq köməkçisi Mehriban Hüseynovanın cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

"Report"un məlumatına görə, hakim Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən prosesdə məhkəmə prosesdə M.Hüseynova sərbəst ifadə verib.

O, mərhum İ.Quliyevanın yanında köməkçi kimi çalışdığını bildirib: "Onun ayaqlarındakı ağrılar kəskinləşdi. İlhamə xanım yaxın qohumlarını, oğlu Orxanı belə yanına buraxmırdı. Ona deyirdim ki, oğlunun gəlməsinə icazə verin, lakin razı olmurdu. Mən İlhamə xanımın yanından uzaqlaşmaq istəyirdim. Çünki gah deyirdi üzüyüm itib, gah da başqa bəhanələr edirdi. Sonra bildim ki, məni yanından buraxmaq istəmir. O, məndən ona kömək etməsini tələb edirdi. Onun yanına tez-tez həkimlər çağırırdım".

M.Hüseynova qeyd edib ki, İ.Quliyeva ona etibarnamə verib: "Sonra guya mən Faiq Ələkbərlini və Orxanı onun yanına qoymuram. Onlar mənə qarşı qərəzli davranmağa başladılar. Daha sonra Türkiyənin Samsun şəhərinə yollandıq. Çünkü İlhamə xanım ayağından əməliyyat olunmalı idi. Orada bir neçə ay müalicə aparıldı. O, heç kəsin bu haqda bilməyini istəmədi".

O bildirib ki, O.Nadirovun borcu olduğu üçün ona pul lazım idi: "Mənə dedilər ki, özünü Orxandan gözlə. Çünkü məndə etibarnamənin olduğunu bilirdi. Orxan zəng edib, məndən bu haqda maraqlandı. Sonra Vüqar Bəkirov zəng edib, Orxanın 95 min manat borcu olduğunu dedi. Dedi ki, əgər pul verilməsə, bu barədə mətbuatda məlumat gedəcək. O bildirdi ki, Orxan dələduzluq edib. Vüqarla görüşəndən sonra İlhamə xanıma onun dediklərini çatdırdım. Vüqar İlhamə xanıma dedi ki, Orxan sizə dərman vermək istəyir, Mehribanı da aradan götürmək niyyətindədir. Rəhmətlik səhərisi Vüqara 10 min manat verdi. Bundan sonra Vüqar ondan əl çəkmədi, yenidən pul tələb edirdi".

M.Hüseynova İ.Quliyevanın əmlaklarını ələ keçirmək niyyətinin olmadığını söyləyib: "Mən Vüqarı yoxlamaq üçün ondan zəhərli maddələr istədim. Məqsədim, Vüqarı ifşa etmək idi. Bu barədə İlhamə Quliyeva məlumat vermədim, çünkü onun vəziyyəti ağır idi. Onun mənə verdiyi dərmanı atdım. Yalandan dedim ki, dərmanı vermişəm, vəziyyəti yaxşılaşıb".

M.Hüseynova əlavə edib ki, Vüqar Bəkirov saxta vəsiyətnamə düzəltmək üçün 3500 manat pul verib: "Mənə dedilər ki, İlhamə xanımın saxta imzası lazımdır. Bir qədər sonra Vüqar məndən 6 min manat pul istədi".

M.Hüseynova bildirib ki, İ.Quliyeva onu taxta bıçaqla ayağından vurub: "Ayağımdan qan axırdı. Həmin vaxt İlhamə xanım qorxdu. Onlar Vüqarla aramızda olan səsyazmanı İlhamə xanıma təqdim etmişdi. Sonra mətbəxtin qapısını bağladılar, bir müddət orada qaldım. Ayağımın qanını yodla sildim. Orxangil əl çəkmədilər, dedilər bunu öldürək. Mən isə oradan ayrılmaq istədiyimi bildirirdim".

Prosesdə fasilə elan olunub.

Qeyd edək ki, xalq artisti İ.Quliyevanın sabiq köməkçisi M.Hüseynova 2015-ci il oktyabr ayının 21-də həbs edilib. Onun barəsində Cinayət Məcəlləsinin 29,180.3.2-ci (soyğunçuluğa cəhd, zərərçəkmiş şəxsə külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə cinayət işi başlanıb. 2016-cı il fevral ayının 13-də Səbail Rayon Məhkəməsində M.Hüseynova barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti üç ay uzadılıb.

Xatırladaq ki, İ.Quliyeva 2016-cı il fevral ayının 25-də səhər saatlarında 73 yaşında dünyasını dəyişib.

BAKU.WS

Oxşar xəbərlər

Son xəbərlər