MTN-in generalı: “Sənə demədim bu q...ni bas içəri?!...”

MTN-in generalı: “Sənə demədim bu q...ni bas içəri?!...”
Hadisə 6411

 

Xəbər verildiyi kimi ləğv edilmiş MTN-in daha bir qrup əməkdaşının işi baxılmaq üçün məhkəməyə göndərilib. Onların arasında nazirliyin İstintaq Baş İdarəsinin İbtidai İstintaq İdarəsinin 2-ci şöbəsinin rəisi Vüsal Ələkbərovdur. Vüsal Ələkbərov da Mahmudovçu bandanın digər üzvləri kimi öz rəisi Mövlam Şıxəliyevlə birlikdə sahibkarları soyub-talamaq, hədə-qorxu, şantaj yoluyla pul qoparmaq, quldurluq, talançılıq kimi əməllərin sahibidir.

Virtualaz.org xəbər verir ki, Ələkbərovun işi üzrə istintaq materiallarının çoxsaylı epizodlarından birində onun əvvəllər JEK rəisi və Biləcəri qəsəbəsi üzrə icra nümayəndəsi işləmiş, hazırda barəsində dələduzluq ittihamı ilə "Bandotdel” tərəfindən istintaq aparılan sahibkar Sultanov Bahəddin Abdulla oğlunun başına gələnlərdən bəhs edilir.

Bahəddin Sultanov ifadəsində deyir ki, 1994-cü ildən 2004-cü ilədək Binəqədi rayonunda 102 saylı Mənzil İstismar Sahəsinin rəisi olub, sonra Biləcəri qəsəbəsinin icra nümayəndəsi təyin edilib və bir il bu vəzifədə işləyib.

Keçmiş "JEK” rəisi Alma-Atada otel, supermarket tikməyə başlayır və...

Belə görünür ki, Bahəddin Sultanov uzun müddət "JEK” rəisi kimi işləyəndə özünü babat tutubmuş və dövlət qulluğundan ayrılaraq yığdıqlarını biznes layihələrinə yönəltməyi qərara alıbmış. Belə ki, Sultanov 2007-ci ildə Qazaxıstanın Alma-Ata şəhərində otel və supermarketdən ibarət kompleksin tikintisinə başlayır. Eyni zamanda Sultanov "JEK” rəisi olduğu vaxtlarda-1994-1995-ci illərdə Bakı-Sumqayıt yolunun "VAZ-ın kruqu” deyilən səmtində 4 hektar torpaq sahəsi alaraq orada iribuynuzlu mal-qara saxlamaq üçün ferma açıb. Fermanı oğlu İntiqamın adına sənədləşdirib.

2008-ci ildə Sultanovun Qazaxıstandakı layihəsini tamamlamaq üçün pul lazım olur. O, "Texnikabank”ın (artıq ləğv edilib) Yasamal filialının müdiri,  özünün dediyi kimi "ailəvi dostluq münasibətlərində olduğu” Zal Yusifovun yanına gedir. Ondan 1 milyon dollar kredit istəyir. Zal isə (bank əmanətçilərinin pullarını taladığına görə mühakimə olunub) dostunun işlərinə və imkanlarına bələd olduğu üçün deyib ki, problem yoxdur. Qoy Bahəddin həmin fermanı banka girov qoysun və krediti götürsün.

Zal Yusifovun maxinasiyası: sənədləri imzalatdırır, 1 milyon dolları vermir?

Bahəddin Sultanov oğluna tapşırır ki, fermanın sənədlərini də götürüb getsin banka, kredit müqaviləsini bağlamağa. İntiqam belə də edir, sənədləri götürüb gedir və 1 milyon dollar kreditin alınması ilə bağlı müqaviləni bağlayır.

Əhvalatın bu yerində Sultanov iddia edir ki, həmin kreditin üzünü də görməyib, yəni ailəvi dostu Zal ona "atıb”. Filial müdiri fermanın banka girov qoyulduğuna dair müqaviləni Xırdalan 1 saylı Notariusda təsdiqlədib kredit müqaviləsini, pulun verildiyi haqda sənədləri İntiqama imzalatsa da həmin 1 milyon dolları vermir. Deyir ki, guya bankda nəğd pul yoxdur və beləcə iş 3-4 ay uzanır.

Sultanovun nəql etdiyinə görə işi belə görəndə Zaldan tələb edir ki, kredit müqaviləsinə xitam verib fermanın sənədlərini qaytarsın. Filial müdiri də ona kreditin guya ödənildiyi, banka borclu olmadığı haqda arayış verib fermanın sənədlərini qaytarır. Çox keçmir ki, keçmiş "JEK” müdiri həmin 4 hektar torpağı 1 milyon dollara satır, pulun bir hissəsini Qazaxıstandakı tikintiyə yönəldir, qalanını evdə saxlayır.

Masis rayonu, qəssab Əlinin nəvəsi, qəssabın dostu Abdulla...

2009-cu ildə bizim qəhrəmanımız-Vüsal Ələkbərov B.Sultanovun oğlunu MTN-ə çağırır. Atası da onunla birlikdə nazirliyə gedir. Burada tərəflər tanış olurlar, məlum olur ki, hər iki tərəf əslən Ermənistandandır, Masis rayonundandır. MTN müstəntiqi deyir ki, onun anası həmin rayondandır, qəssab Əlinin qızıdır. Bahəddin isə cavab verir ki, onun atası Abdulla həmin qəssab Əlinin yaxın dostu olub. "Özüm də onu yaxşı tanıyıram”-keçmiş "JEK” müdiri MTN müstəntiqi ilə eyni bölgədən olmağın onların işini yüngülləşdirəcəyinə ümid edərək deyir.

Ancaq MTN-də pul elə müqəddəs məsələ idi ki, qəssab Əliyə və onun qızına, yaxud qəssabın dostu Abdullaya və onun oğlu Bahəddinə-filana baxmırdı. Bu səbəbdən Vüsal Ələkbərov deyir: "Zal Yusifovla birlikdə dövlətin pulunu basıb yeyəndə bilmirdiniz axırı belə olacaq?”.

Qəssab Əlinin dostu Abdulla kişinin oğlu dərhal and-aman edir ki, belə şey olmayıb. Kredit müqaviləsi imzalansa da əslində bankdan pul götürülməyib. Və onun banka borcu olmadığı , torpaq sahəsinin girovluqdan azad edildiyi barədə müvafiq arayışı da var. MTN müstəntiqi isə bu arqumentlərin heç birinə məhəl qoymur, həmin sənədləri "boş şey” adlandırır. Dəfələrlə Bahəddini və oğlu İntiqamı MTN-ə çağırır, sorğu sual edir.

İşə rəis müavini Rasim Musayev qarışır, Mövlam Şıxəliyevə zəng vurur

Nəhayət keçmiş "JEK” müdiri Binəqədi rayon polis idarəsinin rəis müavini işləmiş dostu Rasim Musayevə müraciət edir, ona vəziyyəti danışır. Rasim Musayev isə MTN-in Baş İstintaq İdarəsinin rəisi, keçmiş polis Mövlam Şıxəliyeva zəng vurur. Xahiş edir ki, Bahəddini incitməsinlər, nə məsələ varsa danışıb həll etsinlər.

Bundan sonra V.Ələkbərov B.Sultanovu təzədən MTN-ə çağırır. Deyir ki, Rasim Musayevin zənginə görə Mövlam Şıxəliyev onun məsələsini yuxarıya (yəni Eldar Mahmudova) məruzə edib. Yuxarıda isə deyiblər ki, bu işi həll etmək üçün yarım milyon dollar lazımdır. "Əgər pulu versən oğlunun adını bankdan kredit götürüb qaytarmayanların siyahısından siləcəm”-MTN müstəntiqi deyir.

Keçmiş "JEK” rəisi isə bu məbləği eşidəndə dili-dodağı təpiyir: "Hardadı məndə o qədər pul? Hörmət əlaməti olaraq sənə ancaq 4-5 min dollar verə bilərəm”.

"Rəhbərliyin göstərişidir, 500 mini gətirməsən salacağıq içəri...”

MTN müstəntiqi xəbərdarlıq edir: "Onda bizdən incimə, nəticəsi yaxşı olmayacaq”.

Bu görüşdən sonra Vüsal Ələkbərov daha iki dəfə B.Sultanovu çağırır, krediti qaytarmağı tələb edir. Bildirir ki, heç kimin zəngi-filanı ona kömək etməyəcək. Rəhbərliyin əmridir, yarım milyonu versə işi düzələcək. Belə dindirmələrdən birində Mövlan Şıxəliyev də otağa daxil olur, B.Sultanova hədə-qorxu gəlib "krediti ödəməyi” tələb edir.

Nəhayət 2009-cu il iyunun 15-də Sultanovun oğlunu MTN həbs edir. 10-12 gün sonra Sultanovun özünü də MTN-ə çağırırlar, V.Ələkbərov ona deyir: "Rəhbərliyin göstərişidir, səni də tutub içəri salmalıyıq”. Keçmiş "JEK” müdiri başlayır yalvarmağa, Vüsaldan kömək istəməyə. Müstəntiq guya həmyerlisinin bu halını görüb ona yazığı gəlir: "Gedim Mövlan Şıxəliyevə məruzə edim, görüm nə deyir”.

Məbləğ 360 min dollara enir: "Balamın canına and olsun...”

Bir az sonra geri qayıdan Ələkbərov deyir ki, M.Şıxəliyev yumşalıb, 360 min dollar versə onu və oğlunu buraxacaqlar. "Əks halda tutub içəri basmağı əmr etdi”-müstəntiq deyir. Keçmiş "JEK” müdiri oğlunun dalınca özünü də tutub içəri basacaqlarından qorxub razılaşır. Ancaq Vüsal Ələkbərov məbləği 10 min dollar artırır: "Balamın canına and olsun həmin 360 min dolların mənə aidiyyatı yoxdur, 10 min də mənə hörmət edərsən”.

Sultanov razılaşır. MTN-dən qardaşı Mirzə Paşayeva zəng edib deyir ki, evdən 250 min dolları götürsün, qalanını da dost-tanışdan borc yığıb 360 min dollar düzəldib tez MTN-ə gətirsin. V.Ələkbərov deyir: "Pul gəlsin, səni buraxaq, çıx get. Sonra da oğlunu buraxacağıq”.

"Sənə demədim bu qəhbəni bas içəri?”

Beləliklə Bahəddin Sultanov gecəni MTN-də, müstəntiqin xidməti otağında keçirir. Onun yanına başqa MTN əməkdaşını keşikçi qoyurlar. Ertəsi gün Mövlam Şıxəliyev otağa daxil olur, B.Sultanovu göstərərək Vüsal Ələkbərova deyir: "Sən bunu hələ basmamısan içəri? Sənə dedim axı bu qəhbəni sal içəri!”

V.Ələkbərov isə "rəis, pulu gətirirlər, çatırlar” deyib generalı sakitləşdirir. Günorta radələrində Sultanovun qardaşı Mirzə və kirvəsi İbrahim gəlirlər MTN-ə, V.Ələkbərovla birlikdə Mövlan Şıxəliyevin otağına gedib pulu ona çatdırırlar. V.Ələkbərov geri qayıdıb həmyerlisinə deyir: "Pulu verdik Mövlam Şıxəliyevə. Bir daş altda, bir daş üstdə. Səni buraxırıq gedirsən, sonra oğlunu da buraxacağıq. Həmin puldan mənə bir qəpik də çatmır, mənim şirinliyimi də gətirərsən”.

Sultanovu günorta saat 15.00 radələrində MTN-dən buraxırlar, o, Vüsal Ələkbərovun "şirinliyini”-10 min dolları götürüb razılaşdıqları kimi yenidən MTN-in binasına tərəf qayıdır, nazirliyin yaxınlığında pulu müstəntiqin maşınında ona verir. Vüsal Ələkbərov "şirinliyi” alandan sonra "gələrsən, oğlunun azad edilməsi haqda kağızı verərəm” deyir. İki gün sonra V.Ələkbərov zəng vurur, B.Sultanova deyir ki, oğlunun həbsdən buraxılması haqda qərar hazırdır, gəlib apara bilər. Sultanov MTN-ə gedir, nazirliyin giriş qapısında V.Ələkbərov ona oğlunun buraxılması haqda kağızı verir. Həmin kağız əsasında İntiqam Bakı İstintaq Təcridxanasından buraxılır. Sonradan onun işini Zal Yusifovun işi ilə birlikdə məhkəməyə göndərirlər, məhkəmə 2 il şərti həbs cəzası kəsir...

Qeyd etmək lazımdır ki, V.Ələkbərovun işi üzrə istintaq sənədlərində general Mövlan Şıxəliyevin həbsi üçün artıqlaması ilə dəlillər olsa da onu nəyə görəsə həbs etməyiblər. Və Mahmudovun "sol əli” ("sağ əli” Akif Çovdarov hesab olunur) hələ də azadlıqdadır...

BAKU.WS

Son xəbərlər