Biznes kartı, çıxarılan pullar, yoxa çıxan 651 min manat: Vüqar Əliyev bahalı hədiyyələri kimin üçün sifariş edib?
Yeniliklərdən dərhal xəbərdar olun
BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Neymət Məmmədovun sədrliyi ilə keçirilən prosesdə "Azenco"nun nümayəndəsi vəsatət qaldırıb. O, təmsil etdiyi şirkət haqqında mətbuatda əsassız fikirlərin yayıldığını əsas gətirərək məhkəmə iclasının qapalı keçirilməsini istəyib.
Məhkəmə vəsatəti əsassız hesab edərək təmin etməyib.
Daha sonra şahid qismində "Azenco" ASC-nin mühasibi Azər Məmmədəliyev ifadə verib.
O bildirib ki, Vüqar Əliyevi 2020-ci ildə işə başladığı vaxtdan tanıyır. Şahidin sözlərinə görə, Vüqar Əliyevin adına biznes kart açılıb və həmin kartdan qonaqların qarşılanması, hədiyyələrin alınması və digər xərclərin ödənilməsi üçün istifadə olunub.
Şahid qeyd edib ki, sözügedən kart vasitəsilə təxminən 651 min manat xərclənib:
"Biznes kart məndə olmayıb. Amma kart şirkətə bağlı olduğu üçün işlə əlaqədar xərclər zamanı ondan istifadə etmişəm. Kartdan pul çıxarılanda Vüqar müəllimə nə qədər vəsait xərcləndiyi barədə məlumat verilirdi".
Şahidin sözlərinə görə, o, kassa-mədaxil orderləri tərtib edib və 2021-2024-cü illərdə vəsaiti hissə-hissə Vüqar Əliyevə çatdırıb.
Şirkətdə borcların yaranması məsələsinə gəlincə, Vüqar Əliyev bunun əsasən bəzi şəxslərə bahalı hədiyyələrin alınması kimi qeyri-rəsmi xərclərlə bağlı olduğunu bildirib. Buna görə də o, mühasibdən ifadəsi zamanı bütün detalları ətraflı danışmasını xahiş edib.
Daha sonra istintaq materiallarına daxil edilmiş məxaric qəbzləri əsasında şirkətin kassasından Vüqar Əliyevin imzası olmadan çıxarılan vəsaitlərin siyahısı hakim tərəfindən proses iştirakçılarının diqqətinə çatdırılıb.
Şahid isə məsələyə münasibət bildirərkən həmin vəsaitin Vüqar Əliyevin şəxsi göstərişi ilə müəyyən əsaslı təmir-tikinti işlərinə ayrıldığını və buna görə də onun imzası olmadan kassadan çıxarıldığını deyib.
Vüqar Əliyevin vəkilinin Etibar Pirverdiyevi tanıyıb-tanımaması ilə bağlı sualını cavablandıran şahid belə deyib:
"Etibar Pirverdiyevi şəxsən tanımıram, efirdə görmüşəm. Onun şirkətimizdə baş məsləhətçi vəzifəsində çalışdığını bilirdim".
Digər şahid Kamran Həsənov isə 2020-ci ildə ona məxsus şirkətin Qarabağda tikinti işləri apardığını və bunun üçün lazım olan texnikalarla bağlı "Azenco" ASC-yə müraciət etdiyini bildirib.
"Mən texnikaların verilməsi ilə bağlı 2021-ci ildə Vüqar Əliyevlə ilk dəfə görüşdüm və bu barədə razılığa gəldik. Daha sonra müqavilə bağladıq və işə başladıq. Texnikaların ehtiyat hissələri baha olduğundan nasazlıq yarananda təmir xərclərini ödəyə bilmirdik. Buna görə şirkətlə aramızda maliyyə problemləri yarandı. Vüqar Əliyev problemimizi həll etməkdə bizə kömək edəcəyinə söz versə də, sonradan şirkətimiz "Azenco" tərəfindən məhkəməyə verildi və məhkəmədə qalib gəldi. Bundan sonra şirkətimiz üçqat zərərə düşdü. Texnikalarımızı sataraq Vüqar Əliyevə 506 min manat nağd pul ödədik".
Növbəti məhkəmə prosesi noyabrın 30-na təyin edilib.
Qeyd edək ki, "Azenco" şirkətinin "Azərenerji"nin keçmiş rəhbəri Etibar Pirverdiyevə bağlı olduğu bildirilir.
E.Pirverdiyev vəzifədə olduğu dövrdə "Azenco" Azərbaycanda nəhəng enerji infrastrukturu layihələrinin həyata keçirilməsində, həmçinin dövlət büdcəsi hesabına maliyyələşdirilən digər işlərdə iştirak edib.
Vüqar Əliyev 2022-2023-cü illərdə şirkətin İdarə Heyətinin, daha sonra isə bir müddət Müşahidə Şurasının sədri vəzifəsində çalışıb. O, bir il əvvəl daxil olmuş şikayət əsasında Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən həbs edilib. Cinayət işi ilə əlaqədar müxtəlif ünvanlarda yerləşən əmlakların üzərinə həbs qoyulub.
Vüqar Əliyevə Cinayət Məcəlləsinin 179.4-cü (mənimsəmə, xüsusilə külli miqdarda törədildikdə) maddəsi ilə yekun ittiham elan olunub.
Həmin maddənin sanksiyası 10 ildən 14 ilədək müddətə azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.
Oxşar xəbərlər
Bakıda Türkiyə vətəndaşını avtomobil vurdu
Bakıda Türkiyə vətəndaşını avtomobil vurub. BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, hadisə paytaxtın Qaradağ rayonu, Qobustan qəsəbəsi ərazisində baş verib....