Binəqədi bələdiyyəsinin həbsdə olan keçmiş sədrinin cəzası azaldılıb

Binəqədi bələdiyyəsinin həbsdə olan keçmiş sədrinin cəzası azaldılıb
Hadisə 110

Binəqədi rayon bələdiyyəsinin keçmiş sədri Aytac Əliyeva və bacısı İlknur Əliyevanın (Turkut) cinayət işi üzrə hökmdən verilən kassasiya şikayətinə baxılıb.

BAKU.WS APA-ya istinadən xəbər verir ki, bu gün Ali Məhkəmədə hakim Hafiz Nəsibovun sədrliyi ilə keçirilən iclasda qərar elan olunub.

Qərara əsasən, İlknur Turkutla bağlı kassasiya şikayət təmin edilməyib. Aytac Əliyevanın kassasiya şikayəti isə qismən təmin olunub. Belə ki, ona verilmiş ittihamdan 308.1-ci maddə çıxarılıb. Qərara əsasən, Aytac Əliyevaya qəti olaraq 2 il 6 ay müddətinə vəzifə tutmaq hüququndan məhrum edilməklə, 6 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzası verilib.

Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Aytac Əliyeva 7 il müddətinə, İlknur Turkut isə 6 il müddətinə azadlıqdan məhrum ediliblər. İlknur Turkut məhkəmə zalında həbs olunub. Hökmdə qeyd olunub ki, Aytac Əliyeva 3 il dövlət işində çalışa bilməz.

Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə hökm qüvvədə saxlanılıb.

Xatırladaq ki, Binəqədi rayon bələdiyyəsinin keçmiş sədri Aytac Əliyeva bacısı İlknur Əliyeva (Turkut) ilə birgə qızıl alveri etmək məqsədilə vətəndaşlara qarşı 1 milyon manata yaxın dələduzluqda təqsirləndirilirlər.

Onlar barəsində Cinayət Məcəlləsinin 178.3.2-ci (Dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə cinayət işi başlanılaraq barələrində həbs qətimkan tədbiri seçilib. İlknur Əliyeva bir müddət sonra istintaq dövründə ev dustaqlığına buraxılmışdı.

Son xəbərlər