Bakıda 3 yaşlı uşağı otaqda dustaq edən müdirə danışdı

Bakıda 3 yaşlı uşağı otaqda dustaq edən müdirə danışdı
Hadisə 2042

 

Bir neçə gündür sosial şəbəkələrdə bağçalardan birinin rəhbərinin özbaşnalığı haqqında geniş müzakirələr gedir. 

BAKU.WS məlumat verir ki, bu haqda Facebookda Vəfa Sərdar Səfərova adlı qadın yazıb. O bildirib ki, bağçada təşkil olunan şənlik üçün yığılan pulu vermədiyi üçün 3 yaşlı qızı otaqda bağlı şəraitdə saxlanılıb:

Qadının sözlərinə görə, övladını bağçaya çətinliklə, 250 manat pul müqabilində qoya bilib. Bundan başqa, hər ay bağçaya 45 manat aylıq,15 manat fond pulu ödəyib. Əsmərin 2 müəlliməsi və bir tərbiyəçisinə də ayrı-ayrılıqda hər ay 10 manatdan pul verib. Bunlarla yanaşı, bayramlara, tədbirlərə də ayrıca pul verib. 

Vəfa Sərdar Səfərova bir müddət əvvəl böyük qrupların bağçadan yola salınması ilə əlaqədar olaraq təşkil olunan tədbirə baxmaq üçün balaca qruplardan da 3 manatdan pul yığıldığını bildirib:

"Müəllimə dedi ki, versəniz də olar, verməsəniz də. Mən də dedim ki, müəllimə, əgər Əsmərin bir çıxışı yoxdursa, artıq pulumuz yoxdur ki, verəm. Mən vermirəm. Beləcə 3-4 gün keçdi. Mayın 31 idi. Müəllimə bir də mənə müraciət etdi. Mənə dedi ki, "Vəfa, müdirə deyib hamıdan yığın, vallah bizə də belə deyirlər". Mən də dedim ki, "müəllimə siz özünüzü müdirin yanında pis etməyin. Soruşsa deyin ki, o valideyn pulu vermədi".

İyunun 1-də Beynəlxalq Uşaq Bayramı günündə mən də Əsməri qəşəng geyindirdim, apardım bağçaya. Düşündüm ki, nə olsun ki, 3 manat verməmişik, yəqin çıxıb küçədə olan şənliyə baxar. Kənardan baxmaq da pulla deyil ki".

Ananın sözlərinə görə, axşam həyat yoldaşı ilə uşağı baxçadan götürməyə gedəndə qarşılaşdığı mənzərədən sözün əsl mənasında şoka düşüb. Belə ki, bütün qrup həyətdə keçirilən tədbiri izləyib. Ancaq 3 yaşlı köçrpə tərbiyəçi ilə heç kimin olmadığı otaqda gözləməli olub:

"Axşam Kamranla getdik uşağı götürüb gimnastikaya aparaq. Gördüm hamısı oturub bisetkada. Yaxınlaşıb öpdüm qızımı, salamlaşdıq. Gördüm uşaq elə yorğun, elə bikefdir ki..Heç üzümə də baxmaq istəmir. Texniçka başladı ki, maması, bu gün Əsmər həm şalvarına piş-piş eliyib, həm böyük bayıra çıxıb, paltarını batırıb. Bundan başqa da bu gün sizə görə mən də otaqda Əsmərlə dustaq qalmışam. Təəccüblə: nə olub ki? Dustaq niyə? Uşaq 2 yaşı yox idi ki, böyük bayıra özü gedir, həm də birbaşa unitaza. Niyə belə eliyib görəsən? Dedi: siz pul verməmisiz deyə Həmidə müəllimə Əsmərlə məni şənliyə baxmağa qoymadı. Soruşdum ondan ki, necə yəni? Bütün bağça bayırda tədbirə baxıb, bu qədər valideynlə bərabər, qonşuluqda yaşayanlar da kənardan durub şənliyə baxıb, 1 tək 3 yaşı olmamış bu körpə qalıb otaqda? Dedi-hə mən də onunla bərabər!".

Qarşı tərəfin mövqeyini almaq üçün ANS PRESS 210 nömrəli bağçanın müdirəsi Həmidə Əliyeva ilə danışmağa müvəffəq olub. Müdirə ona qarşı ittihamların tamamilə yanlış olduğunu bildirib.

"Elə bir az olar İcra Hakimiyyətindən gəlirəm. Əsmərin anası və müəllimələri də orada idi. Valideynin dediklərinin səhv olduğunu sübut etmək üçün üzərində 01.06.2016 tarixli tədbirdən fotoları da İcraya təqdim etdim. Əsmər həmin tədbirdə hamı ilə birgə iştirak edib. Sadəcə, uşaqdır da, klonu görəndə qorxub ağlayıb və böyük bayıra çıxıb. Ona görə, tərbiyəçidən onu aparıb təmizləməsini və qorxduğu üçün tədbirə gətirməməsini tapşırdım".

Bağça rəhbəri deyir ki, müəllimə valideynə tədbirdə iştirak etməməsi ilə bağlı heç bir söz deməyib:

"Həmin valideyn istəyir ki, onun uşağına 100-ə kimi saymağı öyrədək. Deyir, mənim uşağım 40-a kimi bilir, ardını da siz öyrədin. Başa düşmür ki, biz öz proqramımızla gedirik. O yaşda uşaqlara yalnız 5-10-a kimi saymağı öyrədirik".

H.Əliyeva valideynin baxçada pul yığılması ilə bağlı ittihamlarına da cavab verib. O, qadının bu iddialarının əsassız olduğunu deyib:

"Bizim baxça dövlət baxçasıdır. Biz heç kim pul istəmirik. Amma kimsə, 5-10 manat könüllü verirsə, bu, başqa məsələ..."

BAKU.WS

Son xəbərlər