Bakıda bağçada biabırçılıq - 3 yaşlı uşağı otaqda dustaq etdilər (FOTO)

Bakıda bağçada biabırçılıq - 3 yaşlı uşağı otaqda dustaq etdilər (FOTO)
Hadisə 17887

 

Bakıda fəaliyyət göstərən bağçaların birində biabırçı hadisə baş verib.

BAKU.WS məlumat verir ki, bu haqda Facebookda Vəfa Sərdar Səfərova adlı qadın yazıb. O bildirib ki, bağçada təşkil olunan şənlik üçün yığılan pulu vermədiyi üçün 3 yaşlı qızı otaqda bağlı şəraitdə saxlanılıb:

"Qızımızın adı Əsmərdir. 3 yaşı hələ tamam deyil. 18 aylığından onu evimizin yanındakı Binəqədi rayon 210 saylı bağçaya vermişik. İşə başladım deyə, məcburən verdik. Bağçaya qəbul zamanı müdirə özü yox idi, katibəsi bildirdi ki, qəbul 250 manatdır. Qiymətlə bağlı bir az tərəddüd oldu, xanım da 50 manat keçərik, deyib bizə "yaxşılıq” elədi. Daha sonra müdirə- Həmidə (soyadı xatirimdə deyil) 50 manatı pulun üstünə əlavə edim deyə məni yenidən dəvət etdi. Dedim müəllimə bağışlayın, ama hal-hazırda pulum qalmayıb. Harda yaşayıram, kiməm, kimin yoldaşıyam deyib sorğuladı. Məlum oldu ki, sən demə o, mənim qaynanamı, bizim ailəni yaxşı tanıyır. Və bu səbəbdən də 50 manatın "söhbətini eləmədi”- Tanışıq da day, 50 manat qalsın. Nəisə. 2014-cü il, yanvar ayından bu yana biz hər ay bağçaya 45 manat pul ödəyirik. 2 müəllimənin hər birinə və texniçkaya 10 manatdan-30 manat, əlavə olaraq da "fond pulu” adıyla da 15 manat. Arada bayramlar olur, tədbirlər olur- hər dəfə də 5 manat, 3 manat, 10 manat hər nəisə. Biz də bir valideyn olaraq övladımıza aid olan, onun inkişafı üçün lazım olan bütün tədbirlərdə iştirakını dəstəkləyib istənilən məbləği vermişik. 

1 həftə əvvəl Əsməri gətirməyə getdim. Müəllimə dedi ki, Vəfa, uşaqlara tədbir olacaq, məktəbə yola salınacaqlar - böyük qruplar. Bizim uşaqlar tədbirdə iştirak etmirlər, sadəcə baxacaqlar, 3 manatdan pul yığırlar. Versəniz də olar, verməsəniz də. Mən də dedim ki, müəllimə, əgər Əsmərin bir çıxışı yoxdursa, artıq pulumuz yoxdur ki, verəm. Mən vermirəm. Beləcə 3-4 gün keçdi. Mayın 31 idi. Müəllimə bir də dedi ki, Vəfa müdirə deyib hamıdan yığın, vallah bizə də belə deyirlər-dedi. Mən dedim "müəllimə siz özünüzü pis eləmiyin müdirinizin yanında. Soruşsa deyin o valideyn pulu vermədi. Desə ki, - məcbur edərdin, onda siz də deyin ki, o birtəhər valideyndir, uşağının iştirakı olmayan yerə pul vermir”. Yəni bununla müəllimənin işini rahatladım ki, ona söz gəlməsin. Nəisə. Iyunun 1-də Beynəlxalq Uşaq Bayramı günündə mən də Əsməri qəşəng geyindirdim, apardım bağçaya. Dedim əgər bayırda olan tədbirə görə pul verməyən uşaqlar olsa, Əsmər də öz qrupunda məni gözləyər. Ya da nə olsun ki, 3 manat verməmişik, yəqin çıxıb şənliyə baxarlar. Kənardan baxmaq da pulla deyil ki. Axşam Kamranla getdik uşağı götürüb gimnastikaya aparaq. Gördüm hamısı oturub bisetkada. Yaxınlaşıb öpdüm qızımı, salamlaşdıq. Gördüm uşaq elə yorğun, elə bikefdir ki..Heç üzümə də baxmaq istəmir. Texniçka başladı ki, maması, bu gün Əsmər həm şalvarına piş-piş eliyib, həm böyük bayıra çıxıb, paltarını batırıb. Bundan başqa da bu gün sizə görə mən də otaqda Əsmərlə dustaq qalmışam. Təəccüblə: nə olub ki? Dustaq niyə? Uşaq 2 yaşı yox idi ki, böyük bayıra özü gedir, həm də birbaşa unitaza. Niyə belə eliyib görəsən? Dedi: siz pul verməmisiz deyə Həmidə müəllimə Əsmərlə məni şənliyə baxmağa qoymadı. Soruşdum ondan ki, necə yəni? Bütün bağça bayırda tədbirə baxıb, bu qədər valideynlə bərabər, qonşuluqda yaşayanlar da kənardan durub şənliyə baxıb, 1 tək 3 yaşı olmamış bu körpə qalıb otaqda? Dedi-hə mən də onunla bərabər!

Uşağı idmana aparırdıq deyə tələsirdik, söhbəti saxladım sabaha. Bu gün getdim texniçkadan doğru-düzgün xəbər alam məsələni. Soruşdum – "bütün qrup bayıra çıxmışdı, otaqda tək Əsmərlə sən qalmışdın”? Dedi- hə. Gəldim müdirənin yanına. Keçdim birbaşa mətləbə. Soruşdum ondan ki, 3 manata görə sən mənim körpəmi otaqda dustaq edəndə içində heç bir gizilti qopmadı? Heçmi o şənlikdə ürəyin sızlamadı ki, bu boyda bağçada tək 1 körpə bu musiqinin səsini, uşaqların hay-küyünü uzaqdan dinləyir? Bəlkə o ağlayır? Bəlkə gözü qapıda qalıb ki, kaş gəlib məni də mahnı olan yerə aparaydılar? Sən elədiyin hərəkətə nə don geyindirəcəksən ki, mənim alovumu söndürəsən? Başladı ki, mən 3 manata görə yox, sənin sözünə görə elə elədim. Düz də eləmişəm. Bəs sən müəlliməyə demisən ki, ”müdirəyə de, mən birtəhər valideyinəm, pul vermirəm”. Cin vurdu təpəmə. Mən bu müəllimənin vicdanına nə deyim, mən bu direktorun vicdanına nə deyim...lənət şeytana. Mən müəllimə pis vəziyyətə düşməsin deyə öz boynuma götürüb "mənim üstümə atın ki, sizə pul yığa bilmirsən sözü deməsin”- deyə elə demişdim. Sözümün mənasını tamam yanlış yönəldib. Dedim, yaxşı müəllimə, tutaq ki, mən bir valideyn olaraq o pulu verə bilməmişəm. Olur da hamımızda, 1 manata ehtiyac vaxtımız olur. Bəlkə yoxumuz idi, yaxud bəlkə mən düşünmədən yanlış söz demişəm. Siz mənə dərs vermək üçün 3 yaşı olmayan körpəni cəzalandırmısız? Ən azı 50 yaş sizin var, 40 yaş da mənim. Çağırıb məni sözünüzü deyərdiniz, mən o sözü neyçün demişəm, səbəb soruşardınız. Bəlkə mən doğrudan da səhv idim, kiçiklik edib sizdən üzr istəyərdim. Siz necə pedaqoq, necə metodistsiniz? Siz bu vicdanla körpələr olan bir müəssisəyə necə rəhbərlik edirsiniz? Yəqin indi içinizdə bir fərəh, bir qələbə əzmi duyarsınız. Axı körpə Əsməri Beynəlxalq Uşaq Günündə cəzalandırıb, otağa dustaq eləmisiniz? Axı Əsmər o oğlanın övladıdır ki, onun heç 10 yaşı yox idi ki, o atasını Şuşada-Qarabağ savaşında itirmişdi? Atasını dünyalarca sevən bu balaca oğlan nə əziyyətlə böyümüşdü, dul qalan cavan anası onu nə ruhda böyütmüşdü ki, oğlum, hamı Vətənini sevməlidir, uğrunda ölməlidir. Sənin atan da bunu etdi. Biz qürur duymalıyıq belə ailə böyüyümüz olduğu üçün! Ayaqlarımız üstə möhkəm durmalıyıq! O cılız bədənində nə acılar yaşaya-yaşaya ana oğul böyütdü. Inandırdı ədalətli bir dövlətdə yaşadığımıza. Inandırdı balalarını ki, atanızın uğrunda öldüyü Vətən hamımızındır! Vicdanlı olmağı, sevməyi, duymağı öyrətdi ana. Və onlar da buna inanaraq böyüdülər. Və biz evlənəndə də, mən o gözəl qəlbi sevib evləndim.

Bu gün bir şəhidin nəvəsi, özünə aid olan Uşaq Bayramında otağa həbs edilsin ki, sənin ata- anan 3 manat vermiyib. Sənə şənliyə baxmaq olmaz! Ayaqyoluna özü rahat gedən bu körpə niyə 2 dəfə şalvarını batırsın? Yəqin ki,texniçka da acıqla uşağı dinləməyib. Gecə yatmamışdan əvvəl mənə layla oxudan bu körpə "ana, dayan, oxuma, mən bayıla getmək istədim, olda uşaqlal qoyun paltayı geyinmisdiləl, bulnu belə qız da valıydı. müəllimə mənə dedi ki, Sivita xalaya anan pul veləl, sən də oynamağa dedəəsən. Mən təkçə qalmışdım Sivita xalayla.” Ürəyim partlayacaqdı, onun səsindəki bu kövrəlişinə görə. Bu nə ədalətdir? Çox danışdım, ağlamaq tutmuşdu məni, belə vicdandan uzaq birinin yanında ağlamamaq üçün özümü güclə saxladım. Ama onu bu hərəkəti üçün ictimai qınağa buraxacağıma söz verdim özümə!

Əziz dostlarım və bu statusu oxuyub məsum bir körpənin bayram sevincinin gözlərində donmasına vicdanı sızlayan hər kəs! Paylaşın bu statusu. Qoyun hamı bizim faciəmizin hardan başlandığını bir daha görsün! Paylaşın ki, bu daş qəlblilərin əli çox da uzaqlara uzana bilməsin. Paylaşın ki, körpələrimiz pulun çirkabına batıb ləkələnməsinlər! Paylaşın ki, Əsmər kimi körpələrin səsini ucaldaq!"

BAKU.WS

Son xəbərlər