Bakıda məktəb və bağçalarda uşaq oğurluğu xəbərlərinə rəsmi açıqlama

Bakıda məktəb və bağçalarda uşaq oğurluğu xəbərlərinə rəsmi açıqlama
Sosial 3246

Son günlər sosial şəbəkələrdə məktəb və uşaq baxçalarında uşaq oğurluğu ilə bağlı məlumatlar yayılıb.

BAKU.WS-in məlumata görə, məlumatlarda bildirilir ki, məktəb və uşaq baxçalarında uşaqları oğurlayırlar. Yayılan məlumatlara görə, 20 saylı məktəbdə və Xətai rayonunda yerləşən uşaq baxçasında adam oğurluğuna cəhd edən iki nəfər saxlanılıb. Məsələ ilə bağlı Təhsil Nazirliyilə əlaqə saxladıq. Nazirliyin mətbuat xidmətinin rəhbəri Cəsarət Valehovun BAKU.WS-ə verdiyi məlumata görə, bu məsələlərlə bağlı onlara heç bir informasiya daxil olmayıb. Nazirlik rəsmisini sözlərinə görə, yayılan informasiyaların heç bir əsası yoxdur. "Belə hadisələr olsaydı birinci bizim məlumatımız olardı. Kimlərsə aranı qatmaq üçün bu tipli məlumatlar yayırlar. Vətəndaşlar, valideynlər bu tipli informasiyalara uyub panikaya düşməməlidirlər”, - deyə Cəsarət Valehov bildirib.

Daxili İşlər Nazirliyindən "qafqazinfo” saytına bildirilib ki, məsələ nəzarət altındadır və vətəndaşların qorxmalarına heç bir əsas yoxdur. Nazirliyin mətbuat xidmətinin rəis müavini Ehsan Zahidov bildirib ki, paytaxtda iki belə halla bağlı anlaşılmazlıq olub: "20 saylı məktəbin Yasamal rayonunda yerləşən korpusunda bir nəfər yaxınlaşıb və mühafəçi onu məktəbə buraxmadığı üçün mübahisə ediblər. Bu zaman məktəbdə işləyən müəllimələrdən biri 102 xidmətinə zəng edərək məlumat verib və bildirib ki, həmin şəxs uşaq oğurlamaq üçün gəlib. Dərhal polis əməkdaşları məktəbə gediblər və mühafizəçi ilə məktəbə daxil olmağa çalışan şəxs polis bölməsinə gətirilib. İzahatları alınıb və aydın olub ki, həmin şəxs məktəbin yaxınlığında yaşayır. Məktəbin şagirdləri onun həyətini zibillədikləri üçün o direktorla görüşüb şikayət etmək istəyib. Həmin vətəndaş deyib ki, şagirdlərə bir daha belə bir hərəkət etməmələri barədə tapşırıq verilsin. Lakin mühafizəçinin onu məktəbə buraxmaması və direktorla görüşməsinə maneə olduğu üçün aralarında mübahidə düşüb. Müəllimə də bunu səhv anlayıb. Sonradan məsələ tam aydın olub və hər iki şəxs sərbəst buraxılıb”. Nazirlik rəsmisi vurğulayıb ki, uşaq oğurluğuna cəhd olması barədə yayılan digər məlumatın araşdırıması zamanı müəyyən edilib ki, uşaq baxçasında baş verən bu olay da sadəcə anlaşılmazlıq yaradıb: "Həmin ərazidə əkiz uşaqlarını bağçaya qoyan valideyn bir yaxınına zəng edərək uşaqları ordan götürməsini xahiş edib. Valideynin qohumu olan qadın bağçaya gəlib və "əkizləri götürəcəyəm” deyib. Bağçada olan əkiz uşaqları qadına təhvil verəndə aydın olub ki, onun götürəcəyi əkizlər bu əkizlər deyil. Bu zaman orada tərbiyəçilər ondan şübhələniblər və müəyyən qədər mübahisə yaranıb. Bu barədə 102 xidmətinə məlumat verilib və polis əməkdaşları dərhal həmin bağçaya gediblər. Araşdırma zamanı müəyyən edilib ki, həmin qadın həqiqətən də əkiz uşaq götürülməsi barədə valideyndən tapşırıq alıb. Lakin onun götürməli olduğu əkizlər bu bağçada deyil, yaxınlıqdakı digər bağçadadır. Sadəcə o qadın bağçaları səhv salıb. Bununla da hər iki məsələ aydınlaşıb.

Ehsan Zahidov həmçinin vurğulayıb ki uşaq oğurluğu ilə bağlı yayılan məlumatlar həqiqətə uyğun deyil. Azərbaycan polisi ölkədəki kriminal vəziyyətə nəzarət edir. Vətəndaşların panikaya qapılmasına heç bir əsas yoxdur. Ziya Babayev BAKU.WS

Son xəbərlər