Azərbaycanda terror planlaşdıranlar məhv edildi – DTX-dan əməliyyat

Azərbaycanda terror planlaşdıranlar məhv edildi – DTX-dan əməliyyat
Hadisə 1063

Radikal dini ekstremist qrupun üzvləri Ələkbərov Famil Fazil oğlu və Rzayev Rüstəm Rafael oğlunun silah-sursat və partlayıcı maddələr əldə etmələri, ölkə ərazisində terror aktı planlaşdırdıqları barədə daxil olmuş məlumat aparılan araşdırmalarla təsdiqlənib, Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən təxirəsalınmaz tədbirlər keçirilib.

DTX-nin İctimai əlaqələr şöbəsindən daxil olan məlumata görə, 2018-ci il noyabrın 4-də Gəncə şəhərində tərkisilah olunmaları və cinayət məsuliyyətinə cəlb edilmələri üzrə keçirilən əməliyyat tədbirləri zamanı Rüstəm Rzayevin və Famil Ələkbərovun olduğu və sonuncunun idarə etdiyi avtomobil saxlanılıb.

Lakin həmin şəxslər odlu silahdan atəş açaraq silahlı müqavimət göstəriblər. DTX-nin xüsusi əməliyyat qrupu tərəfindən cavab tədbiri olaraq Famil Ələkbərov və Rüstəm Rzayev məhv ediliblər.

Hadisə yerindən 1 ədəd “Kalaşnikov” avtomatı, həmin silaha aid sursat, 1 ədəd “F1” əl qumbarası, Famil Ələkbərova məxsus avtomobilə baxış zamanı partlayıcı maddə olan 3 ədəd 200 qramlıq trotil şaşkası və onları işə salmaq üçün 3 ədəd elektrodetonator aşkar edilərək maddi sübut kimi götürülüb.

Faktla bağlı cinayət işi başlanılıb, əməliyyat-istintaq tədbirləri davam etdirilir.

BAKU.WS

Son xəbərlər