Arvadını tövlədə xəyanət edərkən tutan ər: “Qonşular polisi arvadımın yatağından çıxarmışdılar”
Xaçmazda keçmiş gəlini Rəmziyyə Əbdürrəhmanovanı yaba ilə qətlə yetirməkdə təqsirləndirilən 1954-cü il təvəllüdlü Məlikməmməd Adıgözəlovun cinayət işi üzrə məhkəmə başlayıb.
Lent.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əhməd Quliyevin sədrliyi ilə keçirilən prosesdə məhkəmə istintaqı açıq elan edilib.
Prokuror ittiham aktının nəticəvi hissəsini elan edib.
İttihama münasibət bildirən M. Adıgözəlov özünü qismən təqsirli bilərək məhkəmədə sərbəst ifadə verib.
O ifadəsində bildirib ki, 2002-ci ildə oğlu Elsevər ilə Rəmziyyə Əbdürrəhmanova ailə həyatı qurub: "Onların birgə nikahdan 2 qız, 1 oğlan övladı var. Evliliklərindən bir müddət sonra aralarında münaqişə baş verməyə başladı. Dolanmırdılar. 2009-cu ildə oğlum Rəmziyyəni evin tövləsində Əsəd adlı şəxslə cinsi əlaqədə olarkən tutdu. Bununla bağlı qızın atasına və anasına məlumat versək də, heç bir nəticə olmadı. Oğlum gəlini boşadı, lakin məhkəmə onun bizimlə eyni evdə yaşaması barədə qərar qəbul etdi. Evdə çox söz-söhbət olurdu. Bizi təhqir edirdi, gündə bir kişini evə gətirirdi. Bir söz deyən kimi ora-bura şikayət edirdi. Qonşular şahiddirlər ki, nə oyunlardan çıxırdı. Həyətimizdə ona evdə tikmişdik ki, bizə ilişməsin. Hər fürsətdə bizi söyürdü, təhqir edirdi”.
Məlikməmməd Adıgözəlov ifadəsində hadisə günü ilə bağlı danışıb. O bildirib ki, hadisə olan gün Xaçmaz rayon Məhkəməsindən çıxıb evə gedib: "Məhkəmədən çıxıb evə getdik, Rəmziyyə isə harasa getdi. Onunla danışmırdıq. Axşam düşmüşdü, saat 9-10 radələri idi. Elsevər dedi, ata, gəl yemək yeyək. Dedim, 5 dəqiqəyə gəlirəm, həyətdə yaba ilə bir iki işim vardı. Bu zaman qapımıza bir maşın yaxınlaşdı. Yüksək musiqi səsi ilə məhəllədən keçirdi. Maşından kimsə düşüb, darvazanı döyməyə başladı. Qapıya yaxınlaşdım. Səsindən eşitdim ki, gələn Rəmziyyədir. Başladı ki, qapını açın. Sonra da ağzına gələni dedi. Kişiyə yaraşmayan sözlərlə bizi təhqir edirdi, biz onsuz bunlara öyrəşmişdik. Dedim, qapını qırma gəlib açıram. O, yenə söyüş söyməyə davam elədi. Qapını açdım, üstümə şığıyaraq "ay cındır” dedi. Lənət şeytana dedim, mən sakit durduqca o, davam edirdi. Artıq hövsələdən çıxdım. Sakit olmağı ilə bağlı iradımı bildirdim. Mənim əsəbi olmamağım sanki onu daha da sevindirir, üzərimə gəlirdi. Bir anlıq dözmədim. Əlimdəki yaba ilə ona zərbə endirdim. Üz üstə yerə yıxıldı, qonşular başıma yığıldı”.
Təqsirləndirilən şəxs hakim və prokurorun suallarına cavabında bildirib ki, gəlini olmuş Rəmziyyəni əxlaqsız həyat sürdüyü və onları təhqir etdiyi üçün qətlə yetirib.
Prosesdə zərərçəkmiş şəxsin hüquqi varisi, qətlə yetirilən Rəmziyyənin atası Qabil Əbdürrəhmanov ifadə verib. O ifadəsində bildirib ki, qızının əxlaqsız həyat tərzi yaşadığı haqqında məlumatı olmayıb: "Əgər qızım ələ şey edirdisə, mənə deyərdilər. Heç kim mənə heç nə deməyib. 7 il idi ki, qızım ərindən ayrılmışdı. Məhkəmə uşaqlara görə aliment kəsmirdi. 7 min aliment pulu verməliydilər, vermirdilər. Qız tələb edir ki, aliment pulumu versinlər. Hadisə baş verən gün də məhkəmə qızımın xeyrinə qərar qəbul etmişdi. Məhkəmədə olan zaman söhbətləri düşmüşdü, qıza deyiblər, sən gələrsən axşam evə. Sonrada bu cür hadisə baş verdi. Ən ağır cəzanın verilməsini tələb edirəm".
Prosesdə şahid qismində təqsirləndirilən şəxsin oğlu Elsevər Adıgözəlov ifadə verib. O ifadəsində bildirib ki, 2002-ci ildə Rəmziyyə ilə ailə həyatı qurub, 2009-da boşanıb: "Onu kəndlimiz olan Əsədlə evimizin tövləsində tutdum. O vaxta qədər mənə başqaları ilə xəyanət edib, xəbərim olmayıb. O zamanı anasını çağırıb sözümüzü demişdik. Demişdik ki, qızın budur. Elə məhkəməyə müraciət etdim. Polis gəlib münaqişəli ailə kimi qeydiyyata almışdı. Məsələni araşdırırdılar. İş polisin icraatına verilmişdi. Evdə olmamışam. Qonşular girib evə, həmin polisi Rəmziyyənin yatağından çıxarmışdılar. İnanmırsınız, şahid qismində dindirilən qonşulardan soruşa bilərsiniz. Bir gecədə hasardan 2-3 nəfər gəlib, gedirdi. Bir söz deyə bilmirdik. Qonşularda bir neçə dəfə ona demişdilər ki, özünü yığışdırsın. Spirtli içki qəbul edirdi, Nabrandakı otellərdə sorağı yaxşı yayılmışdı”.
Şahid Elsevər Adıgözəlov hadisə günü barəsində də məhkəməyə məlumat verib. O bildirib ki, axşamüstü evdə oturmuşduq. Yemək yeyiləcək vaxt idi. Atama dedim, gəl yemək yeyək. Dedi, siz oturun gəlirəm. Bu vaxt məhəlləyə yüksək musiqi ilə bir maşın gəldi. Qapımız ağzında dayandı. Qapını döyməyə başladı. Atam qapını açmağa getmişdi. Bu vaxtı oğlum gəldi ki, anayla gəldik. Qapını babam açdı. Onlar mübahisə edirlər. Doğurdan da səs-küy gəlsə də, hər gün vərdiş etdiyimiz bir şey idi. Evdə söyüş, dava həyat tərzinə çevrilmişdi. Birdə səs çoxaldı. Haray-həşir düşdü. Qızlar dedi ki, deyəsən ana babamı vurub qaçdı. Uşaqları evə yığdım. Qonşularda küçəyə yığışmışdı. Artıq mən çölə çıxanda hadisə baş vermişdi”.
Prosesdə şahid qismində həmin günü Rəmziyyəni avtomobillə evə gətirən taksi sürücüsü Tacəddin Qurbanov ifadə verib. O ifadəsində bildirib ki, Rəmziyyə onun bibisinin nəvəsidir: "Onu bir neçə dəfə getdiyi yerlərə aparmışam. Hadisə olan günü bacısıgildən gəlirdi. Yolda ərzaq dükanında dayandıq. Uşaqlarına bir-iki şey aldı. Mağazadan çıxanda avtomobil qabaq oturacağında oturdu. Dedim, söz olar, kənd yeridir, arxada otursan məsləhətdir. Dedi, kefim belə istəyir, kim nə deyir, desin. Yolda gedərək maqnitofonun səsini qaldırırdı. Mən isə səsini alırdım. Deyirdi ki, bu gün qələbə qazanmışam, kefim yaxşıdı. Qapıya çathaçatda yenidən musiqinin səsini qaldırdı. Etiraz elədim, dedim, kənd yerində bu cür hərəkətlər yolverilməzdir. Mənə qulaq asmırdı. Pulumu verdi, aşağı düşdü, tələsirdim, çıxıb getdim. Sonradan xəbər tutdum ki, bu cür hadisə baş verib”.
Rəmziyyənin şahid qismində dindirilən anası Gülbəniz Əbdürrəhmanova istintaqa verdiyi ifadəsini təsdiqləyib: "Ailələrində münaqişə 2005-ci ildən başladı. Qızım iki qız övladı dünyaya gətirəndən sonra evdə söhbətlər başladı. Qızımı döyürdülər, söyürdülər. Bunlardan xəbərim olub. Gün verib, işıq vermirdilər. 2009-cu ildə Elsevər zəng elədi ki, qızını tövlədə biri ilə tutmuşam, gəl qızına yiyə dur. Durub getdim, Rəmziyyə dedi ki, elə bir hərəkət olmayıb, yalan deyirlər”.
Məhkəmədə dindirilən şahid Rüfət Babayev bildirib ki, həmin ailənin qonşusudur: "Gəlini Zəncandan Dərbəndə qədər hamı tanıyırdı, kənddə hamı bilir ki, nə cür həyat tərzi ilə yaşayırdı. Dəfələrlə ona bu barədə xəbərdarlıq edirdik. Bir iki sənəd işi vardı, onu həll eləmişdim. Pul almamışdım, sözümə qulaq asırdı. Hətta ona dəfələrlə deyirdim ki, nə deyirsən edək, bu cür hərəkətlər eləmə”.
Məhkəmədə öldürülən qadının övladları da ifadə verib.
Mərhumun 9 yaşlı oğlu deyib ki, məhkəmədən çıxandan sonra anası ilə birlikdə hotelə gedib: "Orada bizdən savayı Emin adlı şəxs vardı. Birlikdə çay içdik. Emin telefonda oyun qoyub məni otaqdan çıxardı. Qapını bağladılar. Bir saatdan sonra biz taksiyə minib evə getdik. Yolda anam mənə maşın, bacılarıma isə sac sancağı aldı. Anam maşında qabaqda oturmuşdu. Taksi şoferi nə qədər desə də, o, arxada oturmadı. Evə çatanda babam qapını açdı, anam onu söyməyə başladı, "cındır” dedi. Mən qorxdum evə qaçdım”.
Məhkəmə prosesi dekabrın 8-də davam edəcək.
Qeyd edək ki, qətl hadisəsi bu ilin iyul ayında Xaçmaz rayonun Uzunoba kəndində qeydə alınıb. Kənd sakini, 1954-cü il təvəllüdlü Məlikməmməd Adıgözəlov keçmiş gəlini, 1984-cü il təvəllüdlü Rəmziyyə Əbdürrəhmanovanı yaba ilə çoxsaylı xəsarətlər yetirərək qətlə yetirib.
Hadisəni törədən M. Adıgözəlov saxlanılıb.
Ona Cinayət Məcəlləsinin 120-ci( qəsdən adam öldürmə) maddəsi ittiham verilib.
BAKU.WS
Oxşar xəbərlər
Bakıda 6 yaşlı qızı zorlayan şəxsə HÖKM OXUNDU
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində 6 yaşlı qızı zorlamaq və seksual xarakterli hərəkətlər törətməkdə təqsirləndirilən 1986-cı il təvəllüdlü Ağalar Hümbəto...