SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Türkiyədə yaşayan cənubi azərbaycanlı iş adamı Rza Zərrab İranda dələduzluqda və dövlətin pulunu mənimsəməkdə ittiham olunan və haqqında edam hökmü qərar verilən milyarder Babək Zəncani ilə şərik olması haqda yayılan xəbərlərə münasibət bildirib.
 
BAKU.WS Türkiyə mətbuatına istinadən məlumat verir ki, Zərrab iranlı iş adamı Babək Zəncanı ilə şərik olması haqda yayılan xəbərlərin həqiqətə uyğun olmadığını və bunun təxribat məqsədi ilə yayıldığını bildirib:
 
"Mən heç vaxt Babək Zəncanı ilə şərik olmamışam və heç bir zaman İran dövlətinin pulu ilə biznes qurmamışam. Bu xəbərlə bağlı bir neçə dəfə açıqlama versəm də, bəzi qəlbiqara insanlar öz təxribatından əl çəkmirlər. İranda belə bir ciddi mövzuda aparılan araşdırmada, istintaq materiallarında və məhkəmənin qərarında adımın keçməməyinə baxmayaraq Türkiyədə bəzi şəxslər həmin məsələdə mənim adımı hallandırmaqda israrlıdırlar. Bu isə qanunazidd bir hərəkətdir. İran dövləti məni heç bir şeydə ittiham etməyib və mənə cinayət işi açılmayıb".

Rza Zərrab bildirib ki, haqqında belə xəbərlər yayanları məhkəməyə verəcək:
 
"Bəzi çirkin niyyətli insanlar mənim guya mülkiyyətimi satışa çıxardığım xəbərlərini yazırlar. Belə yalan xəbərlərin məqsədi məni heç bir əlaqəm olmayan cinayət və istintaq işi ilə bağlamaqdır. Mən Türkiyə vətəndaşıyam və ölkəmə xeyir verən vətəndaş kimi də işləməyə davam edirəm. Ailəm, mülkiyyətim və sərmayələrimlə birlikdə Türkiyədəyəm. Siyasi uğursuzluqlarının günahını məndə görənlər, məni təhqir edərək reytinq yığmağa çalışanlar, haqqımda yalan xəbərlər yazaraq gündəmi dəyişdirməyə çalışanlar, sizinlə türk məhkəmələrində hesablaşmaqdan heç vaxt əl çəkməyəcəyəm".
 
Qeyd edək ki, bir müddət əvvəl Rza Zərrab və həyat yoldaşı, tanınmış müğənni Ebru Gündeş yazar Öncel Öziçerin cütlük haqqında yazdığı məqaləyə görə məhkəməyə müraciət etmişdilər. Məhkəmənin qərarı ilə Öncel Öziçer cütlüyə 7 min lirə mənəvi təzminat ödəməlidir.
 
Məlumat üçün qeyd edək ki, Türkiyədə 2014-cü ildə keçirilən rüşvət və qaçaqmalçılıq əleyhinə əməliyyatda bir neçə iş adamı ilə birlikdə Rza Zərrab da həbs olunmuşdu. İş adamı bir müddətdən sonra azadlığa buraxılmışdı.
 
Son günlər isə Türkiyə mətbuatında ard-arda Zərrab haqqında müxtəlif xəbərlər yer alıb. İddialara görə Rza Zərrab 500 milyon lirəlik (təxminən 173 milyon 850 min dollar) dəyərindəki sərvətini satışa çıxarıb. Bundan əlavə Rza Zərrabla Ebru Gündeşin boşanmaq mərhələsində olduğu da xəbərlər arasında yer alıb.
 
Ayşən Ayxan
BAKU.WS