SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Bu gün saat 04:00 radələrində Bakının Tiflis prospektindəki "Azpetrol” yanacaqdoldurma məntəqəsində insident baş verib.
 
Haqqın.az-ın yaydığı məlumata görə, məşhur azərbaycanlı generalın qardaşı oğlu 90-HN-999 dövlət nömrə nişanlı "Bentley” avtomobili ilə "zapravka”ya yaxınlaşır.
 
Həmin şəxs "Azpetrol” işçisinə maşının şüşəsindən 100 manatlıq uzadıb, "sdaçi” verməyi tələb edir. Bu zaman əməkdaş ondan gözləməyi xahiş edir. Amma bu, "Bentley” sərnişinlərinin xoşuna gəlmir və onlar həmin oğlanla mübahisə etməyə başlayırlar.
Nə baş verdiyini aydınlaşdırmaq üçün maşına yanacaqdoldurma məntəqəsinin mühafizəçisi Sadiq Bağırov gəlir və sərnişinlərə gözləməyi tövsiyə edir. Bu da ikinci qığılcıma səbəb olur. Maşından düşən "qoçular” S.Bağırovu mağaza tərəfə, təhlükəsizlik kameraları olmayan istiqamətdə sıxışdırırlar.
 
Bir neçə dəqiqə sonra isə hadisə yerinə ağ rəngli "Prado” daxil olub. Bu maşından da idmançılar düşərək məntəqənin işçilərinin üstünə gedib və dava etməyə başlayıblar.
 
Bundan sonra, "Bentley”in sürücüsü maşınından silah götürərək, "hamını güllələyəcəyəm” deyib. Amma dostu silahı onun əlindən almağa müvəffəq olub.
 
Daha da hiddətlənən "Bentley” sürücüsü POS-terminalı götürərək Sadiq Bağırova başından zərbələr endirməyə başlayıb.
Ətrafdakı şahidlərin sözlərinə görə, həmin şəxslər yüksək dozalı içkinin təsiri altında olublar. Bir müddət sonra isə "Azpetrol”a təcili yardım və polis maşınları gəliblər.
 
Sayt yazır ki, hadisələrin əsas qəhrəmanı azərbaycanlı generalın qardaşı oğlu İsa Əzizovdur.
O İsa Əzizov ki, ötən ilin mayında dostları ilə birgə Bakının karaoke-klubu "Famous”da qızları döymüşdü. Həmin vaxt İsa Əzizov axtarışa verilib və onun axtarışları uğursuz nəticələnmişdi.
 
Daxili İşlər Nazirliyindən verilən məlumata görə, hazırda İsa Əzizov və onun dostları artıq həbs olunublar. İsa Əzizovu Nəsimi rayon polis idarəsi saxlayıb.
 
Hüquq-mühafizə orqanları eyni zamanda həmin şəxsin hansısa generalın qohumu olması ilə bağlı məlumatları təkzib ediblər.

Qafqazinfo
BAKU.WS