SİZİN REKLAM BURADA!
055 213 76 73



Ekoloji mühitə ziyan vuran, ağaclar və digər yaşıllıqları kəsən şəxslər müəyyənləşdirilərək cinayət məsuliyyətinə cəlb ediləcək.

Bu barədə Baş Prokurorluq məlumat yayıb. Qurumun mətbuat xidmətindən BAKU.WS-ə verilən məlumata görə, ekoloji tarazlığın pozulmasına yönəlmiş qanunsuz hərəkətlərə, eləcə də öz qanunazidd əməlləri ilə dövlətin ekoloji sağlamlığın yaxşılaşdırılmasına və ətraf mühitin mühafizəsinə yönələn genişmiqyaslı tədbirlərə kölgə salan şəxslərə qarşı ən ciddi mübarizə tədbirləri davam etdirilməkdədir.

Bundan başqa, bildirilib ki, Lerik Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin Vizəzəmin meşəbəyliyinin ərazisində yaşköküstə müxtəlif cinsli və diametrli 75 ədəd ağacın qanunsuz kəsilməsi nəticəsində təbiətə xeyli miqdarda, yəni 6590 manat məbləğində ziyan vurulması ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyindən daxil olmuş material Baş Prokurorluqda araşdırılıb.

Həmin faktla bağlı Baş prokurorunun birinci müavini tərəfindən 18 may 2018-ci il tarixdə Cinayət Məcəlləsinin 259.1-ci (qanunsuz ağackəsmə) maddəsi ilə cinayət işi başlanmaqla ibtidai istintaqın aparılması Lerik rayon Polis Şöbəsinin İstintaq Qrupuna tapşırılıb.

Hazırda qanunsuz ağackəsmə faktı ilə bağlı başlanmış cinayət işi üzrə təqsirkar şəxslərin dairəsinin tam müəyyənləşdirilərək cinayət məsuliyyətinə cəlb edilmələri istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Bütün fiziki və hüquqi şəxslərə qanunsuz ağac kəsilməsi hallarına yol verməmələri tövsiyə edilir və bu kimi hallara yol verən şəxslər barəsində qanunla nəzərdə tutulmuş qaydada ən ciddi cəza tədbirləri görüləcək.

BAKU.WS