40 illik təcrübəyə malik pilotun son uçuşu - Kşnyakin həmin səhər xanımı ilə vidalaşıb

40 illik təcrübəyə malik pilotun son uçuşu - Kşnyakin həmin səhər xanımı ilə vidalaşıb
Hadisə 231

25 dekabr 2024-cü ildə, yerli vaxtla saat 11:28-də, Qazaxıstanda faciə baş verdi.

"Azərbaycan Hava Yolları" (AZAL) şirkətinə məxsus Embraer E190 tipli sərnişin təyyarəsi Aktau hava limanına cəmi beş kilometr qalmış Saina Şapaqatova kəndi yaxınlığında qəzaya uğradı.

Təyyarənin göyərtəsində 62 sərnişin və beş nəfərlik ekipaj üzvü olub.

Bu hadisə təkcə aviasiya tarixində yox, həm də göylərdə 40 illik təcrübəyə malik pilot İqor Kşnyakin üçün son uçuş oldu. O, 15 min saatdan çox uçuş təcrübəsinə malik, pensiyaya çıxmasına cəmi üç il qalmış bir pilot idi. Həmin gün ailəsi üçün adi bir iş günü kimi başlamışdı. Lakin bu tarix onların və hadisəyə şahid olanların yaddaşında dərin iz qoydu.

BAKU.WS hadisənin baş verdiyi gün və qəza öncəsi yaşananlar barədə "Novaya qazeta"nın hazırladığı yazıdan bəzi məqamları təqdim edir.

Faciəvi günün səhəri İqor Kşnyakin hər zaman olduğu kimi erkən oyanmışdı. Təyyarə Bakı vaxtı ilə saat 08:00-da Qroznıya uçmalı idi, buna görə də heyət iki saat əvvəl hava limanında olmalı idi. Qızları, 17 yaşlı Nastya və 14 yaşlı Daşa, hələ yuxuda idilər.

Ataları ilə axşamlar çay süfrəsində oturub söhbət etməyi sevən Nastya pilot olmaq arzusunda idi. Ancaq İqor qızını bu fikirdən yayındırmağa çalışırdı. Kiçik qızı Daşa isə atasının zarafatyana dediyinə görə, gələcəyin prokuroru olmalı idi.

O gecə həyat yoldaşı Yana yatmamışdı. Yeni il öncəsi evdə təmir işləri başa çatmaq üzrə idi. Hər şey qaydasında olsun deyə səhərə qədər mənzili təmizləmişdi. İqor evdən çıxanda həyat yoldaşına deyib:

- "Bu gün geri qayıtmaya bilərəm."
- "Niyə?" - Yana təəccübləndi.
- "Qroznıda hava yenə pisdir, sabaha qədər orada qala bilərik."

İqor Qroznıya uçmağı sevmirdi. Orada hava şəraiti həmişə qeyri-sabit olurdu: duman, ildırım, zəif görünüş… Üstəlik, hava limanı dəqiq eniş sistemləri (ILS) ilə təchiz olunmamışdı.

Lakin ailə üçün bu adi bir vidalaşma idi. 20 illik evliliklərində Yana artıq narahatçılığı unutmuşdu. İlk illərdə hər uçuş zamanı gərginlik hiss edirdi, lakin sonralar öyrəşmişdi: əgər İqor zəng etmirsə, deməli, hər şey qaydasındadır.

İqor 40 illik uçuş təcrübəsinə malik idi. O, An-2 kimi kiçik təyyarələrdən Embraer E190-a qədər altı fərqli hava gəmisində uçuş həyata keçirmişdi. 15 min saat uçuş təcrübəsinin yarısını təyyarə komandiri kimi keçirmişdi. Pensiya yaşı yaxınlaşsa da, işindən ayrılmağa tələsmirdi.

Yayda uçuşların çox olduğu vaxtlarda yorğun olurdu və zarafatla pensiya haqqında danışırdı. Lakin qış aylarında bir neçə gün ardıcıl istirahət edə bilirdi. Ailə üçün ən çətin məqam yeni il və bayram günləri idi – çünki İqor çox vaxt həmin günlərdə uçuş həyata keçirirdi.

Qeyd edək ki, 25 dekabrda baş verən bu qəza 62 sərnişindən 38-nin həyatına son qoydu, 29 nəfər isə sağ qaldı. Ekipaj üzvləri – İqor Kşnyakin, Aleksandr Kalyaninov və Hökumə Əliyeva ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adına layiq görüldü.

Bu faciə təkcə İqor Kşnyakinin ailəsi üçün deyil, həm də aviasiya tarixində böyük bir itki oldu. Peşəsinə bağlı, illərlə göylərdə yüzlərlə insanın həyatını etibar etdiyi bir pilot, bu dəfə öz taleyini dəyişə bilmədi.

Son xəbərlər