SİZİN REKLAM BURADA!
055 213 76 73


 

Bu gün Bakı Hərbi Məhkəməsində ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin Baş Əks Kəşfiyyat İdarəsinin sabiq şöbə rəisi, polkovnik Mirəziz Əsgərovun cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib.
 
BAKU.WS APA-ya istinadən xəbər verir ki, hakim Elbəyi Allahverdiyevin sədrliyi ilə keçirilən prosesdə Mirəziz Əsgərovun vəkili Əlimərdan Sadıqov vəsatətlə çıxış edib.
 
O bildirib ki, müdafiə etdiyi şəxsin barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti bu ilin mayın 27-də başa çatacaq. Vəkil həbs qətimkan tədbirinin alternativ qətimkan tədbiri ilə əvəz olunmasını istəyib
 
Vəkil işin məhkəmə baxışına verilməsinə etiraz etməyib. Mirəziz Əsgərov isə bildirib ki, istintaq orqanı onun barəsində qərəzli olub: "Buna görə də istintaqın aparılmasından şikayətçiyəm".
 
Daha sonra hakimlər hazırlıq iclasının qərarını qəbul etmək üçün müşavirəyə yollanıblar.
 
Müşavirədən qayıdan hakimlər təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin dəyişdirilməsi ilə bağlı vəsatəti təmin etməyiblər.
 
Prosesin qismən qapalı keçirilməsi barədə qərar elan edilib.
 
Hakim bildirib ki, təqsirləndirilən şəxsin xidməti fəaliyyəti ilə bağlı araşdırma aparılan zaman proses qapalı keçiriləcək, qalan hissədə isə məhkəmə iclasının qapalı keçirilməsinə əsas yoxdur.
 
Məhkəmənin baxış iclası aprelin 14-nə təyin edilib.
 
İttihama görə, Mirəziz Əsgərov zərərçəkmişlərdən hədə-qorxu yolu ilə pul tələb etməkdə və digər ağır cinayətlərdə ittiham olunur.
 
Ona qarşı Cinayət Məcəlləsinin 182.3.1, 182.3.2-ci (mütəşəkkil dəstə tərəfindən, külli miqdarda əmlak əldə etmək məqsədi ilə hədə-qorxu gəlmə), 311.3.1, 311.3.2, 311.3.3, 311.3.4-cü (qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən, təkrar, külli miqdarda, hədə-qorxu tətbiq olunmaqla rüşvət alma), 341.2.1 və 341.2.3-cü (bir qrup şəxs tərəfindən, ağır nəticələrə səbəb olmaqla hakimiyyətdən sui-istifadə etmə, hakimiyyət həddini aşma və ya hakimiyyətdən istifadə etməmə) maddələri ilə ittiham irəli sürülüb.
 
BAKU.WS