Avstriyalı idmançı qızı vuran avtobus sürücüsü hakim qarşısına çıxarıldı

Avstriyalı idmançı qızı  vuran avtobus sürücüsü hakim qarşısına çıxarıldı
Hadisə 2235
 

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində I Avropa Oyunlarının "Atletlər kəndi"nin nəqliyyat deposunda Avstriya yığmasının atletlərini avtobusla vurmaqda təqsirləndirilən avtobus sürücüsü Vəli Əhmədov, həmçinin Nəqliyyat Nazirliyinin (NN) Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin şöbə rəisi Hüseyn Salamov, "Təhlükəsiz şəhər" kamerasının operatoru Elçin Həsənov və NN-in Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin Sərnişindaşıma Departamentinin məsləhətçisi Fərid Əmiraslanovun cinayət işi üzrə məhkəmənin hazırlıq iclası başlayıb.

BAKU.WS Lent.az-a ın məlumatına görə, hakim Cavid Hüseynovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib. Dövlət ittihamçısı ittiham aktını elan edib. Təqsirləndirilən şəxs F.Əmiraslanovun müdafiəçisi Ağaveys Şahverdiyev vəsatətlə çıxış edib. O, hüquqlarını müdafiə etdiyi şəxsin günahının olmadığını və F.Əmiraslanovun cinayət işinə xitam verilsini istəyib. V.Əhmədovun vəkili vəsatətlə çıxış edərək, müvəkkili barəsində seçilmiş həbs qətimkan tədbirinin dəyişdirilməsini tələb edib. H.Salamovun vəkili cinayət təqibinə xitam verilməsini, E.Həsənovun müdafiəçisi isə hüquqlarını müdafiə etdiyi şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin dəyişdirilməsini istəyib. Vəsatətlərin heç biri təmin edilməyib. Məhkəmənin baxış iclası aprelin 22-nə təyin edilib.

Qeyd edək ki, 2015-ci il iyun ayının 11-də, I Avropa Oyunlarının "Atletlər kəndi"nin nəqliyyat deposunda, "Bakubus" MMC-yə məxsus avtobus hərəkət zolağından çıxaraq piyadalar üçün səki ilə gedən Avstriyanın sinxron üzgüçülük üzrə yığma komandasının üzvləri Vanessa Sahinoviçə və Luna Paceri vurub. Hadisədən sonra avtobusun sürücüsü V.Əhmədov, Nəqliyyat Nazirliyinin Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin şöbə rəisi H.Salamov və "Təhlükəsiz şəhər” kamerasının operatoru E.Həsənov adlı şəxs tutulub. NN-in Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin Sərnişindaşıma Departamentinin məsləhətçisi F.Əmiraslanov isə işlə bağlı istintaqa cəlb olunsa da, barəsində həbs qətimkan tədbiri seçilməyib. O, zaminə buraxılıb. V.Əhmədova qarşı Cinayət Məcəlləsinin 263.1-ci (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır və ya ağır zərər vurulmasına səbəb olduqda), H.Salmanov və E.Həsənova qarşı 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə), F.Əmiraslanova qarşı isə 314-cü (səhlənkarlıq) maddəsi ilə ittiham irəli sürülüb. 2016-cı ilin yanvar ayının 15-də Bakı Ağır Cinayətlər Məhkəməsinin qərarına əsasən, cinayət işinin baxılmasına xitam verilib və iş ibtidai istintaqa qaytarılıb. Buna səbəb kimi zərərçəkmiş şəxslərin ifadələrinin alınmaması və onların hüquqlarının pozulması göstərilib. Cinayət işi yenidən baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

BAKU.WS

Son xəbərlər