Gədəbəydə törədilən dəhşətli qətlin təfərrüatları məlum olub.
 
APA TV-nin Qərb bürosunun verdiyi məlumata görə rayonun Zəhmət kənd sakini, 34 yaşlı Zamur Allahverdiyev həyat yoldaşı 39 yaşlı Dürdanə Əsgərovanı döyərək qətlə yetirib.

Yaxınlarının sözlərinə görə, Zamur Allahverdiyev içki düşkünü olub. O mütəmadi olaraq həyat yoldaşını və anasını döyürmüş. Bu xasiyyətinə görə qonşular Zamurla ünsiyyəti kəsiblər.

Qətli törədənin qohumu Qənirə Süleymanova deyir ki, Zamur Allahverdiyevin ailəsi ilə ünsiyyətləri olmayıb: "Mənim onlara gediş-gəlişim olmayıb. Oğlan dəli idi. Özü gəldi bizə, dedi ki, yoldaşımı öldürmüşəm. Gedin görün nə edirsiniz? Mən də yoldaşıma dedim, dur get gör nə olub. Deyir yoldaşım öldürmüşəm. Camaat gəlib gördü ki qadın ölüb. Anasını da o qədər döyüb ki, qadın yataq xəstəsidir".

Qətlə yetirilən Dürdanə Əsgərova 2 oğlan, bir qız anası olub. Ailənin böyük oğlu ikinci sinifdə oxuyur. Cinayət azyaşlıların gözü qarşısında baş verib. Uşaq anasının öldürülmə səbəbini bilmir: "Anam nə isə etmişdi, atam da döyüb öldürdü".

Qadın qətlə yetiriləndən sonra onun meyiti morqa aparılıb. Qardaşına və anasına cinayət barədə məlumat verilsə də, onlar qadının meyitini aparmaqdan imtina ediblər. Kənd sakini Raya Əliyeva deyir ki, ailə meyitə sahib çıxmaqdan imtina edir: "Gətirdik meyiti. Qardaşı dedi ki bizə elə adam lazım deyil".
Kənd icra nümayəndəsi Tahir Mirzəyevin sözlərinə görə, ailə ünvanlı sosial yardımla təmin edilib, Zamur Allahverdiyevin anası təqaüd alıb. Qətli törədən şəxs özəl təsərrüfatlarda işləyərək pul qazanırmış.

Qətl hadisəsi ilə əlaqədar Gədəbəy rayon Prokurorluğunda cinayət işi başlanıb.

Hazırda kənd sakinlərini narahat edən məsələ azyaşlı uşaqların taleyidir. Hazırda onlar Zamur Allahverdiyevin ögey qardaşının evində olsalar da, ailənin maddi durumu azyaşlılara baxmağa imkan vermir. Qətli törədən ailənin qohumu Qənirə Süleymanova deyir ki, yetim qalan uşaqlara baxmaq imkanları yoxdur: "3 körpə uşaqdır, bir də anadır. O da yataqdadır. Ağır gövdəli adamdır. Mən ona baxa bilmərəm". 
 
BAKU.WS