Ermənistan silahlı qüvvələrinin kəşfiyyat qrupunun təxribat-pozuculuq fəaliyyətinin qarşısını alarkən şəhid olan əsgərimiz Çingiz Qurbanov fevralın 6-da Qusar şəhərindəki Şəhidlər Xiyabanında dəfn olunub.

Şəhidin dəfn mərasimində Müdafiə Nazirliyinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin, Qusar Rayon İcra Hakimiyyətinin rəsmiləri, Milli Məclisin deputatları, şəhidin döyüş yoldaşları və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Dəfn mərasimində izdiham yaşanıb. Çıxışlarda qusarlıların işğal altındakı torpaqlarımızı azad etmək üçün Ali Baş Komandanın əmrinə hər an hazır olduqları bildirilib.
Şəhidin atası Salman Qurbanov torpaqlarımızın azadlığı uğrunda canından keçən oğlu ilə fəxr etdiyini, övladının qisasının döyüş yoldaşları tərəfindən alınacağına əmin olduğunu deyib.

Şəhidin nəşi torpağa tapşırıldıqdan sonra məzarı üzərinə əklil və tər qərənfillər qoyulub. Tabut üzərinə çəkilmiş üçrəngli Azərbaycan bayrağı Çingiz Qurbanovun xidmət etdiyi hərbi hissəyə təqdim olunub.

Xatırladaq ki, Çingiz Qurbanov 2016-cı il dekabrın 29-da şəhid olub. Onun nəşi Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin tapşırığına əsasən, aidiyyəti dövlət qurumları tərəfindən beynəlxalq təşkilatlarla aparılmış müntəzəm tədbirlər nəticəsində 2017-ci il fevralın 5-də qarşı tərəfdən alınıb.
 
BAKU.WS