Hələ də "Günəşli” yatağında dəhşətli yanğından xilas olan olmayıb
Dünən saat 17.40 radələrində "Günəşli” yatağındakı 10-cu dərin dəniz özülündə baş verən dəhşətli hadisə zamanı orada 84 işçi olub. Bu barədə Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatının sədri Mirvari Qəhrəmanlı BAKU.WS-ə açıqlamasında bildirib. Onun sözlərinə görə, bu barədə ona hadisə baş verən anda orada çalışanlardan biri bildirib.
"SOCAR-dan bildirirlər ki, orada 64 nəfər olub, "Azneft” İstehsalat Birliyindən bildirirlər ki, 42 nəfər olub. Orada baş verənləri, hava şəraitini və özüldəki vəziyyəti nəzərə alsaq, insan itkisinin olacağı istisna olunmur. Həm də, ola bilsin ki, orada olanların çoxu Allah eləməmiş həlak olsun. Çünki hələ də, oradan heç kimi xilas etmək mümkün olmayıb”, - deyə Mirvari Qəhrəmanlı bildirib. Hüquq müdafiəçisi deyir ki, həmin əraziyə gəmi yaxınlaşa bilməyib. Deyirlər ki, 2 xilasedici rezin qayıq olub. Onlardan biri cırılıb: "Xilasedici qayıqlardan (rezin qayıq) birinin içində 36 nəfər (bəziləri 26 nəfər deyir) olub. Qayıq ağırlığa dözməyib partlayıb. 36 nəfərdən 2-si xilas ola bilib (birinin adı Asifdir-qazmaçı). Qalanları haqqında məlumat yoxdur. Daha bir məlumatda deyilir ki, 5 nəfəri gəmi götürə bilib. Onlardan 4-ü ağır yaralıdır. Aldığım məlumata görə, orada 2 nəfər dəmir piltələrdən tutub və sağ qala bilib. Lakin hələ də onları çıxara bilməyiblər”. Hadisə baş verəndən sonra dəqiq və operativ xəbərlərin verilməsi üçün qərərgah yaradıldı. Qərərgahın 050 229 35 21 saylı əlaqə nömrəsilə danışdıq. Əvvəlcə bildirdilər ki, baş verənlərlə bağlı dəqiq məlumat bu gün səhər saatlarında keçiriləcək mətbuat konfransında deyiləcək. Sonradan naməlum səbəbə görə konfrans təxirə salındı. Qərərgahdan mətbuat konfransının təxirə salınmasının səbəbini hələ də işçilərin tam xilas edilməməsilə əlaqələndirdilər.
Bildirdilər ki, bütün işçilər xilas olunandan sonra dəqiq məlumat veriləcək. "Hadisə zamanı ölən olmayıb. Hələlik nə qədər işçinin xilas olunduğu məlum deyil”, - deyə qərərgahdan bildirdilər.
Qeyd edək ki, hələ də Dövlət Neft Şirkətinin (SOCAR) mətbuat katibi Nizaməddin Quliyev hələ də telefon zənglərinə cavab vermir. Ziya Səccad
BAKU.WS
Oxşar xəbərlər
"Günəşli” yatağında dəhşət yaşanır: işçilər Allahın ümidinə qalıb (VİDEO)
Dünən "Günəşli” yatağında baş verən yanğınla bağlı yeni xəbərlər var. BAKU.WS-in məlumatına görə, hadisə şahidləri sosial şəbəkələrdə bildirilir ki, "Günəşli”...