Arvadı Aytən Niftəliyeva və 1 yaşlı qızı Tahirənin ölümünə səbəb olduğu iddia olunan Rəhman Niftəliyev sosial şəbəkədə açıqlama verib.

BAKU.WS xəbər verir ki, R.Niftəliyev “İnstagram” vasitəsilə video paylaşıb və həmin iddiaların yalan olduğunu deyib.

“Həqiqətin arxasınca düşmək istəyirsinizsə, gəlin birlikdə bunu edək. Əgər Tahirənin qatiliyəmsə, mənə ən ağır söyüşlər söyün. Mənim balam ölüb, onsuz da yaşamağa çox da meyilim qalmayıb. Bu gün onun qanı üçün savaşıram.

Gah 2-ci, gah 3-cü mərtəbədən, gah da damdan atıldığı deyilir. Əvvəl özünü öldürməyə sövq idi, sonra mən atdım.

Bu sözlər bir-biri ilə tutmur. Hər şeyi açıb tökə bilərəm, amma bunlar istintaq sirridir. Əgər həqiqətən balamın qatili mənəmsə, Badamdarda qalıram, gəlin evimi daş-qalaq edin.

Ətrafda olan insanlardan soruşun, mən necə adamam”, - deyə Rəhman Niftəliyev bildirib.

***12:05

Azərbaycanda ana və körpəsinin ölümü ilə bağlı cinayət işi başlanılıb.

Bu barədə Baş Prokurorluğun Mətbuat xidmətindən BAKU.WS-in sorğusuna cavab olaraq məlumat verilib.

Məlumatda qeyd edilib ki, avqustun 30-da saat 14:00 radələrində paytaxtın Səbail rayonu ərazisində yaşayan 1997-ci il təvəllüdlü Niftəliyeva Aytən İlham qızı və onun azyaşlı övladı 2020-ci il təvəllüdlü Niftəliyeva Tahirə Rəhman qızının yaşadıqları evin pəncərəsindən yıxılaraq çoxsaylı bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilmələri ilə bağlı Səbail Rayon Prokurorluğuna məlumat daxil olub.

Prokurorluq əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.

Göstərilən zəruri tibbi yardımlara baxmayaraq, Tahirə Niftəliyeva aldığı xəsarətlərdən avqustun 30-da, Aytən Niftəliyeva isə sentyabrın 2-də müalicə olunduqları xəstəxanada vəfat ediblər.

Faktla bağlı Səbail Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb.

Cinayət işi üzrə müvafiq ekspertizalar təyin olunub, şahidlər dindirilib.

Hazırda cinayət işi üzrə bütün xüsusatlar tam və hərtərəfli araşdırılır.

***11:22

Bakının Səbail rayonunda dəhşətli ailə faciəsi baş verib.

BAKU.WS APA-ya istinadən xəbər verir ki, hadisə Badamdar qəsəbəsində qeydə alınıb.

Badamdar qəsəbəsində yaşayan Aytən Niftəliyeva və onun 1 yaşlı qızı Tahirə Niftəliyeva 4-cü mərtəbədən düşərək ölüb.

1997-ci il təvəllüdlü Aytən Niftəliyevanın anası Mehriban Süleymanova və qardaşı Ceyhun Süleymanov müraciət edərək bildirib ki, hadisə avqustun 30-da baş verib.

A.Niftəliyeva ilə həyat yoldaşı Rəhman Niftəliyev arasında mübahisə düşüb.

Yaxınlarının dediyinə görə, mübahisə zamanı R. Niftəliyev həyat yoldaşını döyüb:

“Bununla yanaşı, qayınatası İlqar Niftəliyev və qayınanası Təranə Niftəliyeva da qızımıza işgəncə verib. Rəhman qucağında 1 yaşlı qızcığaz olan qızımızı 4-cü mərtəbənin eyvanına çıxararaq orda döyüb.

Bu zaman uşaq ananın qucağından yerə düşüb. Ana isə öz körpəsinin arxası ilə özünü yerə atarkən Rəhman və qayınatası bunun qarşısını almaq üçün heç nə etməyib. Nəticədə Aytən də 4-cü mərtəbədən yerə düşüb”.

Yaxınlarının sözlərinə görə, bütün bunlara səbəb A. Niftəliyevanın evdən əşyalarını götürərək getmək istəməsi olub.

1 yaşlı körpə xəstəxanaya çatdırılsa da, onu xilas etmək mümkün olmayıb.

Aytən Niftəliyeva isə Akademik Mirqasımov adına Respublika Klinik Xəstəxanasına çatdırılıb. Huşu özünə gələn A. Niftəliyeva hüquq-mühafizə orqanı əməkdaşlarına ifadəsində bildirib ki, uşağı əri Rəhman əlindən vuraraq yerə salıb, onu isə Rəhmanla yanaşı, qayınatası İlqar da döyüb.

Həkimlərin səyinə baxmayaraq, A. Niftəliyeva da bu gün səhər dünyasını dəyişib.

Həmin faktla bağlı APA-nın əməkdaşları hadisənin baş verdiyi ünvana yollanıb. Onları Rəhman Niftəliyev qarşılayıb. R. Niftəliyev hadisə vaxtı evin digər otağında olduğunu, hadisədən xəbər tutmadığını deyib.

İlqar Niftəliyev və Təranə Niftəliyeva isə qapı arxasından məlumat vermək istəmədiklərini bildiriblər.

Faktla bağlı cinayət işi başlanılıb.

***10:25

Azərbaycanda dəhşətli ailə dramı baş verib.

BAKU.WS xəbər verir ki, bu barədə sosial şəbəkədə paylaşımlar edilib.

Tanınmış həkim Qalib Əsədov və “Azərbaycan Uşaqları” İctimai Birliyinin sədri Kəmalə Ağazadə “Facebook” səhifəsində yazıblar ki, əri tərəfindən zorakılığa məruz qalan Aytən Niftəliyeva və körpəsi Tahirə vəfat ediblər.

Bildirilir ki, 30 avqust 2021-ci il tarixində Niftəliyeva Aytən qızı Tahirə ilə birlikdə əri Niftəliyev Rəhman tərəfindən döyülüb.

Ərindən qaçmaq istəyən Aytən canını qurtarmaq üçün yaşadıqları 3 mərtəbəli binanın damına çıxıb. Əri də onun arxasınca dama çıxıb və qızın üstünə gedib. Nəticədə Aytən və körpəsi Tahirə yerə yıxılıblar. Uşaq hadisə yerində vəfat edib.

Qadın isə ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Qadının qaraciyər və dalağı cırılıb. Bağırsaqlar zədələnib. Baldır, daban, oma sümükləri sınıb, fəqərələr kompression sınıb, kəllə sümüklərində, əsasında, almacıq sümüyündə sınıqlar, qabırğalar da sındığından ikitərəfli pnevmotoraks yaranıb.

Həkimlərin səyinə baxmayaraq, Niftəliyeva Aytənin həyatını xilas etmək mümkün olmayıb.

Məsələ barədə hüquq-mühafizə orqanları ilə əlaqə saxladıq. BAKU.WS-ə bildirildi ki, hadisə araşdırılır və yaxın saatlarda ətraflı məlumat veriləcək.

BAKU.WS
VİDEO

QALEREYA