Xanım deputat: “Qızım biləndə instaqramda məni bloka atdı” - VİDEO

Xanım deputat: “Qızım biləndə instaqramda məni bloka atdı” - VİDEO
Video
Şou-biznes 16513
O, hər şey üçün tələsib. 6 yaşında məktəbə gedib. 20 yaşı tamam olanda ailə həyatı qurub və ana olub. Dediyinə görə, həyatda həmişə özünü sübut etməyə çalışıb.Bizimlə müsahibə razılığına xeyli geciksə də, onunla səmimi keçən söhbətimizdə çox şeydən danışdıq. Əsasən də ailə, ana-övlad münasibətlərindən, atasına olan sevgisindən, yeniyetmə qızların ərə verilməyindən, təhsilin insan inkişafındakı rolundan, övladlarından - bir sözlə, hər şeydən.BAKU.WS "qafqazinfo"ya istinadən Milli Məclisin deputatı Sona Əliyevanın müsahibəsini təqdim edir:- Hər şeyə belə erkən başlamaq öz seçiminiz idi?- Qardaşım məndən bir yaş böyükdür. Onu məktəbə hazırlaşdırırdılar. Mən də ona baxıb həvəsləndim. Beş yaşımda birinci sinfin bütün proqramını öyrənmişdim. Məktəbə getməyi çox istəyirdim. Ona görə də atam məcbur olub məni məktəbə apardı. 6 yaşımda çantam özümdən böyük idi. Ümumiyyətlə, oxumağa çox meyilli idim. Orta məktəbdə bədii kitabları həddindən artıq çox oxuyurdum. Şəxsiyyət kimi formalaşmağımın əsas səbəbkarı kitablar və atam olub. Atam ali təhsilli deyildi. Ancaq kifayət qədər məlumatlı bir insan idi. Heç də ali təhsilli adamlardan geri qalmırdı.]- Bəs hansısa bədii əsərin formalaşmağınızda rol oynadığını düşünürsüz? - Mən ümumiyyətlə, uşaqlıqdan mübariz insanam. Ən sevdiyim əsər Etel Lilian Voyniçin “Ovod” əsəridir. Bu əsəri oxumağı uşaqlarıma da həmişə məsləhət bilirəm. Çünki özüm dəfələrlə oxumuşam. Hər dəfə oxuyanda da ağlamışam. Uşaqlığımın qadın qəhrəmanı isə Janna Dark olub. - Uşaqlığınızdan danışarkən daha çox atanız barədə söhbət açırsınız...- Deyirlər ki, qızlar atalarına meyillidir. Əslində isə bu, təbiətin qanunudur. Atam mənə həmişə düzgün və doğru olmağı, insanlara kömək edib hörmət qazanmağı tövsiyə edib. Dünyadan özünlə hörmətdən və rəhmətdən başqa heç nə aparmırsan. Buna görə də onun nəsihəti bu gün də qulağımdadır. Yəni, insanlara qarşı ədalətli olmaq lazımdır. Atam rayon, el-oba adamı idi. Həmişə iki sözündən biri bu olurdu ki, camaata hörmət et!- Atanız Sakit Əliyev rayonun tanınmış iş adamlarından biri olub. El-obaya hörmət tövsiyəsi yəqin buradan qaynaqlanır...- Atam ümumiyyətlə, çox xeyirxah, həmişə hamıya əl uzadan olub. Mən həmişə ona bənzəməyə çalışmışam. Bəlkə bu, bir asılılıqdır, ya da bağlılıqdır. Ancaq hər hərəkətimdə onun kimi olmağa çalışmışam. Yadımdadır ki, 2007- ci ildə müəllimlərə kurs keçirdim. Bir qadın müəllimə mənə yaxınlaşıb dedi ki, fəxr et ki, sən Sakitin qızısan. Dedim ki, mən atamla fəxr edirəm, amma çalışıram ki, vaxt gəlsin, atam da mənlə fəxr etsin. Ona layiq olmaq həyatımın əsas prinsiplərindən biri idi. İstəmişəm ki, övlad bəhrəsini görsün. Atam həm də sərt xasiyyətli biri olub. Heç vaxt onun bir sözü iki olmayıb. Nə deyirdisə, müzakirəsiz qəbul olunmalı idi.
- Hazırda isə övlad-valideyn münasibətlərində fərqli meyillər müşahidə edilir. Daha çox övladların seçiminə üstünlük verilir, ən azından buna çalışılır.- İndi dəyərlər dəyişib. Bizim uşaqlığımızla indiki uşaqların yaşadığı dövr eyni deyil. O zaman bu qədər informasiya yox idi. Mən 1986-cı ildə birinci sinfə getmişəm. O insanlardanam ki, düşünürdüm, müəllimlər çörək yemir. Amma indiki uşaqlar müəllimlərlə birgə çörək yeyir, onlarla gəzməyə gedir. Hər iki tərəfin münasibətləri açıqdır. Bizim evdə atam danışmasa, heç kim söhbətə başlamazdı. Nəsə sözümüz olanda bir dəfə soruşurduq, ikinci dəfə soruşa bilmirdik. Tələbə olandan sonra bir az daha aramız açıldı. Rəhmətlik nənəm də sərt qadın idi. Eyni zamanda bütün nəslin ağbirçəyi idi. Nənəm hansı qapıya nə üçün getmişdisə, o olmalı idi. Mühafizəkar ailədə böyümüşəm. Amma mən öz övladlarımla eyni cür deyiləm. Onları çox dinləyirəm və qərarlarına böyük dəyər verirəm. Çalışıram ki, onlar özləri doğru qərar versinlər və arxalarında durum. Amma hər bir halda indi uşaqları qorumaq lazımdır. Həddindən artıq təhlükəli tendensiyalar var. Amma buna rəğmən onları indiki mühitdən ayırmaq mümkünsüzdür. Əslində mən fərqli anayam. Uşaqlarımla uşaq kimiyəm, dostuq. İstəmirəm ki, çətinliklə qarşılaşanda başqa qapılara getsinlər. - Bəs övladlarınız dediklərinizə əməl edirlər?- Mən deyərdim ki, biz bir yerdə çox əylənirik və buradan dostluq da başlayır. Deməli, vəziyyət yaxşıdır. - Uşaqları qorumaq məsələsindən danışdınız. Amma istənilən halda, özünüz də qeyd etdiniz ki, bu, tam mümkün deyil. Valideyn həmişə narahat qalır.- Mən instaqram profilimi uşaqlara görə açmışam. Bilmək istədim ki, onlar orada nə paylaşırlar, nə yazırlar. İkinci qızım mən olduğumu biləndə məni bloka atmışdı (Gülür). Sonradan danışdıq, barışdıq, bloku götürdü. Əvvəl instaqramdan heç nə anlamırdım. 3 il olar ki, orada səhifəm var. Anayam da, hər vasitəylə çalışıb uşaqlarımı qorumalıyam. - Həyat yoldaşı seçiminiz necə baş tutub? - Mənə çox seçim verilməyib. Rayon ailələrində daha çox böyüklərin məsləhəti ilə evlənirlər. Mən əslində buna yaxşı baxıram. Zaman keçdikcə başa düşürsən ki, əslində böyüklər bir şey bilirmiş. Mən tez evlənsəm də özümü şanslı sayıram. 20 yaşım təzə tamam olmuşdu. Sentyabrın 15-də nişanım olub. Noyabrın 25-də isə toyum. Cəmi iki ay nişanlı qalmışam. Atam nişanlı qalmağımı istəmirdi. Tələm-tələsik toy oldu. Amma mən çox razıyam. Görünür, hər şeydə tələsmişəm. Əslində sevgiyə çox da inananlardan da deyiləm. Ona görə də evliliyə razı olmuşam.
- Amma sevgisiz eyni həyatı paylaşmaq da çətin olar...- Psixologiyada sevgi özü xəstəlik sayılır. Bu, o demək deyil ki, biz ailədə bir-birimizə sevgisiz yanaşmalıyıq. Sadəcə olaraq aramızda böyük sevgi olmayıb. Ancaq bir-birimizə çox hörmətlə, anlayışla yanaşırıq. Mənim üçün bu, daha önəmlidir, nəinki dəlicəsinə eşq yaşamaq. Praktikada çox rastlaşmışam ki, o böyük sevginin insana zərrə qədər də xeyri olmayıb. Əslində insanlar bir-birini səviyyəcə, düşüncə tərzi etibarilə tapsalar daha yaxşıdır. Sonradan onlar yerinə otura bilir. Birdən baxırsan ki, heç uyğun olmayan ailələrin övladları bir-birini sevirlər. Bir müddət evli qalırlar, daha sonra isə yolları ayrılır. Ona görə ki, başqa dünyanın adamlarıdılar. Eyni dünya görüşünə malik olan insanla evlənmək çox vacib məsələdir. Sevgi ötəridir, yerdə qalan hörmətdir.- Əslində hörmətin özü də bir sevgidir. Çünki sevmədiyin insana hörmət də edə bilməzsən.- Bəli, ehtiramla yanaşmadığın adama hörmət edə bilməzsən.- Dünyagörüşü məsələsinində uzlaşmanın vacib olduğunu dediniz. Bəs, maddi cəhətdən necə nizam olmalıdır? Bir varlı bir kasıbla ailə qursa, həmin evliliyin davam etməsi mümkündür?- Mümkündür, amma daha çətindir.- Sizin övladınızın belə bir seçimi olsa, necə qarşılayarsınız?- Sadəcə yetər ki, qarşı tərəfin ali təhsili olsun. Ən önəm verdiyim məsələ təhsildir. Böyük danışmaq istəmərəm, amma düşünürəm ki, övladlarımın ali təhsilsiz biriylə ailə qurmasına razı olmaram.- Bəs təhsili olmayıb dünyagörüşü yaxşı olsa, necə? Məsələn, atanız da təhsilsiz, amma kifayət qədər məlumatlı insan olub...- Bunu deyə bilmərəm. Amma ümumiyyətlə kişilər eqoistdir. Ona görə də onlar təhsilli qadının işləməsinə hər vaxt icazə vermirlər. Yaşamaq üçün mütləq iki tərəfin bir-birini tamamlaması vacibdir. Əks halda, bu evlilik sonradan məcburiyyətə keçir. Övladlarının xətrinə ailəni davam etdirməli olursan. Evlənərkən mütləq çox düşünmək lazımdır. Gənclər bunu təkcə hissləriylə etməsinlər. Ən yaxşı halda məhəbbətin ömrü 6 ayla 3 il arasında dəyişir. 3 ildən sonra artıq başqa həvəslər başlayır. Ona görə də mütləq həm ürəyinə, həm də ağlına qulaq asmalısan. - İndi boşanan ailələr çoxdur. Necə düşünürsüz, qızlar düşdükləri ailəyə adaptasiya prosesində nələrə diqqət etməlidirlər?- Ailənin təməlində qadın dayanır. Ən çox yük onların çiyninə düşür. Ailədə sevgini də, xoşbəxtliyi də, harmoniyanı da yalnız qadın yarada bilər. Bu baxımdan qadınlar güzəştə getməlidir. Mən də özümü güzəştə gedən tərəf olaraq sayıram. Çətinliklər olsa belə qızlar dözməlidirlər. İnsan heç başqa ailəyə yox, başqa ölkəyə getsə belə uyğunlaşmaq çətindir. Ona görə də başqa ailənin xasiyyətinə uyğunlaşmaq çətin bir prosesdir. Gedəndə isə ona hazır olmalısan. İnsanlar bir-birini tanıyıb doğmalaşandan sonra təbii ki, hamı biri-birinə güzəştə getməyə çalışır. Amma mənim aləmimdə qadın həmişə güzəştə getməlidir.
- Ailədə söz-söhbət olanda valideynlər də prosesə çox həssas yanaşırlar və dərhal məsələyə qarışırlar. Bu da bir səbəbdirmi?- Boşanma məsələlərində qadınlar bir neçə dəfə düşünməlidirlər. Mənim qəbulumda gənc qadınlar çox olur. Mən çox heyfslənirəm. Qış ayında bir ailənin problemi ilə rastlaşdım. Bilmədim ki, güləm, ya ağlayam. Qadın ali təhsillidir. Qayınanası məktəbdə müəllim işləyir. Qadının yoldaşı Rusiyada yaşayır. Xanımı bir uşaqla qoyub pul qazanmağa gedib. Daha başqa nələrlə məşğul olması isə öz işidir. Gəlini qayınanası ilə baldızı evdən qoyub. Qadının isə rəsmi nikahı yoxdur. Qovmanın səbəbi isə odur ki, falçı ortaya iddia qoyub ki, gəlin onun oğlunun qisməti deyil. İndiki zamanda ali təhsilli adamların belə cahil yola getmələri heç bir məntiqə sığmır. Həm də qadını döyərək qovublar. O, bir uşaqla ata evinə gəlib. Ata da onu təmin etmək gücündə deyil. İndi bir uşaqla bu qadın hara getsin?! Siz təsəvvür edin ki, o uşaq nə qədər travma alır. Bundan əlavə, yaşadığın evə qonaq kimi qayıdırsan və səni qəbul etmək istəmirlər. Ona görə də qadınlar evlənəndə mütləq çox düşünməlidirlər. Mənim üçün uşaq çox vacib məsələdir. Qəbul etmirəm ki, qadınlar bir-iki uşaqla boşansın. Əgər bir qadın ana oldusa, o bundan sonrakı həyatını ana olaraq yaşamalıdır. Əgər o özünü, ailə problemlərini fikirləşirsə, dözmək istəmirsə ya uşaq dünyaya gəlməməlidir, ya da gəlirsə o uşağın ailəsi olmalıdır. Yarımçıq uşaq cəmiyyətdə çox problemlər yaradır. Ona görə də bunu heç doğru qəbul etmirəm. Uşaq sevgiylə, özgüvənlə, sakitliklə böyüməlidir. Bunun hamısını ailədə tapmalıdır. Tapmırsa, fərqi yoxdur, hansısa yaşda bu özünü büruzə verir. Ona görə də uşaqlarla çox ehtiyatla davranılmalıdır. - Bəs, hansı halda qadın “dur!” deməyi bacarmalıdır?- Fiziki zorakılığa “dur!” demək lazımdır. Ümumiyyətlə, kişinin qadına əl qaldırmağını qəbul etmirəm. Baxmayaraq ki, bizim cəmiyyətdə qadınlar kişiyə güzəşt edir. Amma kişilər qadın zərif cins olduğu üçün onlara güzəştə getməlidir. Ən gözəl duyğuları daşıyan anadır. Ona görə də yerimiz bir az səhv düşüb. - Uşaqlarınızın hansı istiqamətdə təhsil almasını istəyirsiniz? - Onların qərarına hörmətlə yanaşmışam. Mənim üçün onların seçimi, rahatlığı əsas məsələdir. Onlar rahat olsunlar. Mən də bu yaşımda hətta düşünürəm ki, kaş ki, öz istədiyimin arxasınca gedəydim. İnsan özü seçim edəndə o yolda büdrəyəndə belə çətinliklər onu qorxutmur. Ona görə də uşaqların qərarında mütləq onları dəstəkləmək lazımdır. Övladlarım həkim olmaq istəyir. Tibb ixtisası üzrə hazırlaşırlar. Balaca oğlum 14 yaşına keçib. Ola bilsin ki, gələcəkdə qərarlarını dəyişsin. Amma qızların seçimi dəqiqdir.
- Parlamentin Təhsil Komitəsinin üzvü kimi, gələcək sessiyada bu istiqamətdə hansı yeniliklər gözlənilir?- Bizim komitə yaz sessiyasında çox məhsuldar işləyib. “Elm haqqında”, “Məkətəbəqədər təhsil haqqında” və “Peşə təhsili haqqında” qanunları qəbul edib. Artıq “Ümumi orta təhsil haqqında” qanunun hazırlanması üçün komissiya da yaradılıb. Mən də o komissiyanın üzvüyəm. Gələn sessiya üçün müəyyən planlaşmalar var. Təhsil sahəsində qanunverici bazanın təkmilləşdirilməsi həm sosial sifariş idi, həm də dövlətin ehtiyacı olan məsələ idi. Eyni zamanda Təhsil Nazirliyi də çox mühüm qərarlar qəbul edib. Bunların üstündən keçmək olmaz. Təhsil çətin sahədir. Onu ağac kimi əkirsən, barını isə bir neçə ildən sonra görürsən. Mən inanıram ki, aparılan islahatlar yaxın illərdə öz bəhrəsini verəcək. - Ana olmağın möhtəşəmliyindən çox danışırsınız. Hər ana övladları barədə sizin qədər incəliklə düşünə bilmir. Məsələn, sizin başınıza ananızla bağlı xoşagəlməz bir hadisə gəlmişdi. Bu, doğrudan da çox üzücü idi. O dönəmi yəqin ki, çox çətin keçirdiniz. Bir ana olaraq özünüzü necə hiss etdiniz? - Övladlarımla bağlı gələcəkdə bu cür halla qarşılaşmaq istəmirəm. Bu haqda çox danışmaq da istəmirəm. Ailə yaxşısıyla pisiylə sənin ailəndir. Düzdür, adam emosional, hirsli olur. Müəyyən hallarda özünü saxlaya bilmir. Amma ailə sənin ailəndir. Onun ayağına dəyən daş gəlib mütləq səni tapır. Buna görə də fədakar olmaq lazımdır. Mən bilirəm ki, vətənim və övladlarım üçün canımı verəcək cəsarətə malik bir adamam. Bunu davamlı olaraq özümə xatırladıram. Düşünürəm ki, bu cəsarət məndə var.- Ananızla münasibətləriniz hazırda düzəlib?- Xeyr. Münasibətlərin düzəlməsi haqda düşünmək hələ ki, tezdir. Hər şey olduğu kimi qalır. - Bağışlamaq çətindir?- Mən taleyə, qismətə inanan adamam. Həyatın axınının insanı hara aparacağı bəlli deyil. Bəzən hər şey adamın əlindən qaçıb gedir. Tutmağı və müqavimət göstərməyi də bacarmırsan. Bu məsələdə mənim də yanlışlıqlarım var idi. Mən bəzi səhvlərimin fərqindəyəm. Görünür, atama olan bağlılıq, özümə aid olan bildiyim məsələlər var idi ki, mən o yolu getmişdim. Amma sonunda çox şükür ki, hər şey yaxşı qurtardı. Onların istədikləri hər şeyi elədim. Bundan sonra bağışlamaq məsələsini artıq zaman göstərəcək. Amma nə qədər böyük dava, müharibə də olsa doğma doğmadır. Mən deyim ki, mənim övladlarımla hər şey güllü-çiçəkli bağçadır?! Yox, elə deyil. Bəzən bizim də sözlərimiz çəp gəlir, bəzən mən də hirslənirəm. Amma ən azından hər şey müzakirədən və söhbətdən keçir. Yalnız bildiklərimizi təlqin etməklə biz heç nə qazana bilmərik. Mənim bu məsələdən anladığım bu oldu. Hər yerdə kompromis olmalıdır.- Bəs ananızla uşaqlıqda münasibətiniz necə idi?- Bizim evdə valideynlərimin həmişə oğlanlara diqqəti daha çox olub. Onların ali təhsilinə, gələcəyinə, təminatına daha çox önəm verilib. Mən sadəcə özümü sübut etməyə çalışmışam.
- Atanızın sizinlə fəxr etməsinə nail oldunuz?- Mən parlamentə belə onun istəyiylə gəlmişəm. Son 6 ildə xəstə idi. Mənə dedi ki, son bir arzusu var. Məni parlamentdə görmək istəyirdi. 2015- ci ildə Mübariz Qurbanlı artıq parlamentdən getmişdi. Sənədlərimi verməyi düşündüm. Elə oldu ki, alındı. Bilirsiniz, seçki məsələsi təkcə bir insana bağlı deyil. O ailənin tanınmışlığına, qazanılan hörmətə bağlıdır. Və mən insanımızın böyük sevgisi və dəstəyi ilə təbii ki, dövlətin, böyüklərin etimadı ilə seçkiyə getdim və qazandım. Bunu tək öz qələbəm kimi düşünmürəm. Burada bir çox amil var. Amma atamın arzusu idi və mən onun son arzusunu yerinə yetirdim. Biz əslində onunla danışanda yaxşı mənada mübahisə edirdik. Atam həmişə mənə nəsihət verirdi. Deyirdim ki, ata, bunların hamısını bilirəm, mənə niyə deyirsən? Deyirdi, ona görə deyirəm ki, sən unutmayasan. Son illər də xərçəngdən əziyyət çəkəndə çox bir yerdə olduq və bir-birimizə bağlandıq. Amma mənim həmişə ürəyimdən keçir ki, “kaş mənim övladlarım da mənim kimi övlad olsun”. Bu, mənə yetər, hətta artıq edər. Mən özümü həm anama, həm də atama qarşı yaxşı övlad sayıram. Mənim aləmimdə valideynə borc Allaha olan borc kimidir. Onun yanına günahla getmək olmaz. - Mən sizdən lap çoxdan müsahibə almaq istəyirdim və bunu sizə demişdim. Amma atanızın xəstə olduğunu, onun müalicəsinə vaxt ayırdığınızı bildiyimdən görüşümüz baş tutmurdu...- Bir insanın yeganə borcu valideyn qarşısındadır. Əslində, insan valideyninin qədrini özü valideyn olanda başa düşür. Ona qədər bu sevgini, çətinliyi başa düşmür. Sən bu yerə elə-belə gəlməmisən. Sənin qoyduğun əziyyət qədər sənə əziyyət çəkilib. O zaman insan dəyərləndirməyə başlayır. Fikirləşirsən ki, mütləq bu borcu qaytarmaq lazımdır. Ümumiyyətlə, bu dünyada hər şeyin borcunu qaytarmaq lazımdır. - Sizcə, insan həyatın hansı məqamında kamil olur? - Bu, yaşla bağlı məsələ deyil. Çətinliklərlə bağlıdır. İnsan nə qədər çətinlik görürsə, bir o qədər yaşlaşır. Bunun bioloji yaşla əlaqəsi yoxdur. İnsan çətinliklərdən keçə-keçə, kədərlə, acıyla yoğrula- yoğrula müdrikləşir. Başqa cür transformasiya mümkün deyil. Qadının isə özünü dərk etməsi çox zaman ana olmağı ilə bağlıdır. Amma bu, həmişə belə deyil. Bəzən biz cəmiyyətdə çox hadisə görürük. Keçən il Şəmkirdə hadisə olmuşdu. Zəyəm kəndində gənc qadın iki uşağıyla özünü qatarın altına atmışdı. Siz inanırsınız, mən o zaman stress yaşadım. Mən o ailəyə baş çəkmək istədim, amma sonra imtina etdim. Ona görə ki, mənim aləmimdə uşaq qatili olmaqdan böyük günah yoxdur. Bir ana öz həyatının qərarını verə bilər, amma uşaqlarının qərarını verə bilməz. O uşağı dünyaya öldürmək üçün gətirməmişdi. Bu, çox böyük dəhşət və faciə idi. Uşaqlara qarşı münasibətlərdə çox həssasam və həddindən artıq dözümsüzəm. 16 yaşında qızın intihar etməsi də mənə pis təsir etmişdi. Bu da valideynin övladın yanında olmamağın nəticəsi idi. Valideyn uşağının duyğularını bilsəydi, o hadisə baş verməzdi. O qıza başa salmaq lazım idi ki, həyat bir nəfərdən ibarət deyil. Bu həyat təkcə sevginin, məhəbbətin üzərində qurulmayıb. Dünyada o qədər gözəl şeylər var ki,.. Mən bu yaşımda belə o qədər maraqlı şeylər kəşf edirəm ki. Düşünürəm ki, niyə onlardan bu günə kimi bixəbər olmuşam? Yetər ki, bir şeyə asılıb qalmayasan. O qızların elə formalaşmağında biz hamımız cəmiyyət olaraq günahkarıq. Onların tez ailə qurmaq istəyində, sevgi, məhəbbət dalınca getməklərində hamımız günahkarıq. Biz cəmiyyətin hər bir üzvünü başda qadınlar olmaq üzərə tək-tək qazanmalıyıq. Ona görə də qızlarımıza təhsil verməliyik.
- Bir müddət bundan əvvəl 14 yaşlı qızın ərə verilməsi və atasının buna qarşı olaraq mətbuata çıxması təqdirəlayiq hadisə idi. Biz cəmiyyət olaraq tez ərə verilmə məsələsindən necə qurtula bilərik?- Erkən yaşında ərə getmək çox pis haldır. Bu, həm fiziki baxımdan, həm də psixoloji cəhətdən qadın üçün travmadır. O yaşda ana olmaq olmaz. Orqanizmin inkişafı 18 yaşda tamamlanır, 25 yaşa qədər isə formalaşmağa davam edir. 14 yaşında qızın ana olmağı nə deməkdir? O, buna hazırdırmı? Siz 25 yaşındakı bir qızdan “ana olmağa hazırsınızmı?” sualını soruşsanız, bəlkə də 15 dəqiqə düşünüb sonra cavab verəcək. Belə şeylər mənim aləmimdə ciddi məsələdir. Onun özü hələ uşaqdır, oynamağa kukla axtarır. Çox yerdə belədir ki, valideyn qızına əşya kimi baxır. Verim ərə, canım qurtarsın. Qızlar bəlkə də sizin oğlan övladınızdan daha dəyərlidir. Siz ona niyə belə baxırsınız? Qadın mütləq evlənməlidirmi? Düzdür, ana olmaq mənim üçün müqəddəs hissdir. Amma bu, o demək deyil ki, qadın mütləq ana olmalıdır. Kim ana olmaq istəmirsə, bu, onun seçimidir. O qədər tanınmış simalar var, deyirlər ki, günahkar dünyaya övlad gətirmək istəmirlər. Niyə indiki uşaqların çoxu xəstəliklə doğulur? Çünki analar uşaqlarının sağlamlığının qeydinə qala bilmirlər. Necə qidalanmağı bilmirlər. Mütləq qida rasionu yerində olmalıdır, stressdən uzaq qalmalısan. Anatomiya dərsi keçməyən qız necə qadın ola bilər? O, heç bədənində hansı orqanın harada yerləşdiyini bilmir. Azərbaycanda qadın və uşaq hüquqları ilə bağlı normativ hüquqi baza kifayət qədər yaxşıdır. Biz çoxsaylı beynəlxalq konvensiyalara qoşulmuşuq. Burada məsələ ictimai şüurdadır və qınaq olmalıdır. Yoxsa, beləcə bu proses davam edə-edə gedəcək. Çox yaxşı haldır ki, balans müsbətə doğru dəyişməyə başlayıb. Ali təhsil almayan qızlarla təhsilsiz qızlar arasında çox böyük fərq var. Ali təhslli qızlar həyata daha yetkin yaşda atılırlar. Bizim indi xaricdə oxuyan həddindən artıq qızlarımız var. Bunlar müsbət tendensiyadır. Elə kəndlər var ki, intellektual səviyyələri çox yüksəkdir, elələri də var ki aşağıdır. Bunlar formalaşmış ənənələrdən irəli gəlir. Mən buna mentalitet də deməzdim. Ənənələri ləğv edib ona qarşı çıxmaq lazımdır. Ailələrə getmək lazımdır. Millət vəkili, həkim də, jurnalist də getməlidir. Bu işdə həmrəylik çox vacibdir. - Sizdə çoxlarının köməyinə yetişmək gücü varmı? - Mən gücüm çatdığı qədər bunu edirəm. Seçicilərimin həmişə yanındayam. Çünki hələ də Şəmkirdə yaşayıram. Ayın yarısını heç olmasa orada oluram. İnsanların problemləri ilə iç-içəyəm. Başqa cür olmağı da düşünmürəm. Mən onlardan özümü ayırsam, gərək həyatımda yeni səhifə açam. Bu da mümkünsüzdür. - Deputatların yay tətili başlayıb. Siz harada dincələcəksiniz?- Bu il və gələn il biz tətil edə bilməyəcəyik. Çünki qızımın hazırlıqları var. Gələn il də qəbul üçün hazırlıqlara getməlidir. İki il bizim üçün çətin ildir, ona görə də tətili düşünmürük. Bu ilə qədər hər il tətilə gedirdik. Həmişə ailəvi tətilə üstünlük veririk. - Geyimlərinizdə sadəliyə üstünlük verirsiniz...- Mən həyatda nəyisə özümə qəbul etdirən insan deyiləm. Məni yaxşı da, pis də qəbul edənlər var. Harada özümü necə rahat hiss edirəmsə o cürəm. Bu geyimimdə də, insanlarla münasibətimdə də belədir. Heç kəs məni məcbur edə bilməz ki, istəmədiyim paltarı geyinim, ya da insanla münasibət qurum. Ümumiyyətlə isə kaprizli adam deyiləm. Mənim üçün geyimim birinci özəlliyi rahat və keyfiyyətli olmasıdır. Dəb isə o qədər önəmli deyil. Statusum da buna imkan vermir. Hər bir gənc xanım kimi mən də zamanında dəbli geyinmişəm. - Saç stilinizlə də fərqlənirsiniz...- Uşaqlıqdan da mənim saçım qısa olub. Məktəbdə oxuyanda əslində qəşəng qız deyildim. Saçlarımı toplamağı heç bacarmırdım. Atam həmişə saçımı oğlan kimi kəsdirirdi. İnstitutda oxuyanda da saçım qısa olub. Hətta indikindən də qısa olub. Bir dəfə institutda oxuyanda qrup yoldaşımızın anası demişdi ki, bu oğlan niyə gəlib qızların içində şəkil çəkdirir? (Gülür). İlk dəfə saçlarımı yoldaşımın xahişi ilə uzatmışam. Onlar ailəlikcə uzun saçı sevirlər. Saçımı kəsdirməyimin əsas səbəbi rahat olmağımla bağlıdır. Çünki uzun saç qayğı tələb edir.BAKU.WS

Son xəbərlər