Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev ilə İvane Cavaxişvili adına Tbilisi Dövlət Universitetinin (TDU) rektoru Giorgi Şarvaşidze arasında görüş keçirilib.

BAKU.WS “Report”a istinadən xəbər verir ki, G.Şarvaşidze Gürcüstanın tarixi əhəmiyyətə malik təhsil ocağında Azərbaycan səfirini görməkdən məmnunluq duyduğunu, strateji tərəfdaş olan ölkələr arasındakı əməkdaşlıq əlaqələrinin bütün sahələrdə olduğu kimi, təhsil sahəsində də yüksələn templə davam etdiyini bildirib.

Görüşdə həmçinin Bakı Dövlət Universiteti (BDU) ilə TDU arasında əməkdaşlıq əlaqələrinin inkişafı istiqamətində işlərin davam etdirilməsi barədə fikir mübadiləsi aparılıb, rektorların qarşılıqlı səfərlərinin həyata keçirilməsinin əhəmiyyətindən söz açılıb.

Rektor 2019-cu ilin noyabr ayının 26-da BDU-nun 100 illiyi ilə bağlı tədbirdə iştirak etmək üçün ölkəmizdə olduğunu, Azərbaycanın inkişaf tempindən fərəhləndiyini, TDU-nun Azərbaycan universitetləri ilə əməkdaşlığa hazır olduğunu bildirib.

Görüşdə TDU-nun nəzdində Azərbaycan dili və ədəbiyyatı fakültəsinin yaradılması və bunun Gürcüstanın azərbaycandilli məktəblərində kadr çatışmazlığı probleminin aradan qaldırılacağına dair müzakirələr aparılıb.

Səfir TDU rektoruna ölkəmizlə əlaqələrə verdiyi böyük önəm və dəstəyə görə təşəkkür edərək, ali məktəb ilə səfirlik arasında əlaqələrin bundan sonra da inkişaf edəcəyini vurğulayıb.

Daha sonra F.Quliyev TDU-da yerləşən Heydər Əliyev Mərkəzində aparılan yenidənqurma və bərpa işləri ilə tanış olub. Universitet rəhbərliyi Mərkəzdəki təmir-bərpa işlərinin növbəti tədris ilinin başlanmasına qədər yekunlaşacağını bildirib.

BAKU.WS
QALEREYA