Taleh Kazımov: "Azərbaycanda ilk sukukun buraxılışına hazırlıq gedir"

Taleh Kazımov: Azərbaycanda ilk sukukun buraxılışına hazırlıq gedir
İqtisadiyyat 37

Azərbaycanda ilk sukukun (islam istiqrazı) buraxılışına hazırlıq gedir.

BAKU.WS report-a istinadən xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov Bakıda keçirilən İslam İnkişaf Bankı (IsDB) Qrupunun 51-ci İllik Toplantısı çərçivəsində təşkil olunmuş "İslam Maliyyəsi üzrə 20-ci IsDB Qlobal Forumu"nda bildirib.

"Azərbaycanda sukukun tətbiqi üçün əlverişli mühit formalaşdırılması məqsədilə IsDB ilə birgə layihə həyata keçiririk. Layihənin möhkəm hüquqi və tənzimləyici bazanın yaradılmasına, İslam maliyyəsi sahəsində maliyyə institutlarının potensialının gücləndirilməsinə, monitorinq və qiymətləndirmə mexanizmlərinin formalaşdırılmasına, eləcə də Azərbaycanın ilk sukuq emissiyasının həyata keçirilməsinə şərait yaradacağı gözlənilir. Bu addım maliyyə sektorunun daha da şaxələndirilməsinə xidmət edəcək. Biz İslam maliyyəsinin ölkənin maliyyə arxitekturasına inteqrasiyasına sadiqik. Hesab edirik ki, həyata keçirilən islahatlar maliyyə bazarlarının dərinləşməsinə, xarici investisiyaların cəlbinə və maliyyə sisteminin dayanıqlığının güclənməsinə töhfə verəcək. Regionlar arasında ortaq maliyyə dili rolunu oynayan İslam maliyyəsi transsərhəd investisiyaların genişlənməsini və özəl sektorun inkişafını təşviq edir", - deyə o qeyd edib.

Bundan başqa, sədrin sözlərinə görə, Azərbaycan dayanıqlılıq yönümlü İslam maliyyə alətlərini inkişaf etdirir: "Azərbaycan bu vizionun reallaşmasına qətiyyətlə töhfə verməyə hazırdır. Maliyyə sektorunu inkişaf etdirərkən, hansı iqtisadiyyatı maliyyələşdirdiyimizi də müəyyən etməliyik. Azərbaycan ESG (ekoloji, sosial və korporativ idarəetmə) prinsiplərini milli inkişaf strategiyasına inteqrasiya edib. Bu baxımdan, real sektorun maliyyələşdirilməsinə üstünlük verən İslam maliyyəsi ölkəmizin inkişaf hədəfləri ilə tam uzlaşır. İslam maliyyəsi sosial rifahı və etik investisiyaları ön plana çıxarmaqla dayanıqlı inkişafı təşviq edir, spekulyativ əməliyyatlar və həddən artıq borclanmadan qaynaqlanan riskləri məhdudlaşdırır. Buna görə də bizim əsas prioritetlərimizdən biri dayanıqlılıq yönümlü İslam maliyyə alətlərinin inkişafını təmin etmək və daha çevik, dayanıqlı iqtisadiyyatların qurulması üçün kapitalı səfərbər etməkdir".

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər